Sentyabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda alman yazıçısı Rüdiger Safranskinin dahi alman şairi, dramaturqu, mütəfəkkiri İ.V. Hötenin həyat və yaradıcılığına həsr etdiyi "Höte - həyatın incəsənət əsəri" kitabının təqdimatı keçirilib.
Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra Azərbaycan ədəbiyyatı tarixindən, ədəbi şəxsiyyətlərimizdən danışıb, qonaqları Tahir Salahovun əsərləri olan "Dədə Qorqud" və "Xalq qəhrəmanı Koroğlu" portretləri ilə tanış edib.
Höte İnstitutunun direktoru doktor Ştefan Vakvits çıxışında Safranskinin yaradıcılığı haqqında iştirakçılara məlumat verib: "Yazıçı, filosof Rüdiger Safranski 1945-ci ildə anadan olub, 60-cı illərdə Berlində təhsil alıb. O, 20-dən çox dəyərli əsərin müəllifidir. Şiller, Hoffmann, Şopenhauer, Nitsşe və Haydegger haqqında böyük bioqrafik əsərlər yazıb. Rüdiger Safranski "Höte - həyatın incəsənət əsəri" kitabında ədibin yaradıcılığı barədə ilkin qaynaqlardan, əsərlərindən, məktublarından, gündəliklərindən, apardığı söhbətlərdən və müasirlərinin qeydlərindən qidalanaraq məlumat verir".
R.Safranski öz çıxışında dəvət üçün Xalq yazıçısı Anara və iştirakçılara təşəkkür edərək deyib ki, Höte alman ədəbiyyatının, mədəniyyətinin təməl daşlarından biridir. Onun həyat tərzi məni çox təəccübləndirirdi. Höte həyatı sevirdi, yazıçı, şair, rəssam, hətta nazir kimi də - bütün işləri yüksək səviyyədə yerinə yetirirdi. Yeniliyə meylli insan idi".
"Höte - həyatın incəsənət əsəri" kitabı nəşr olunan kimi Avropada uğur qazanıb, bir çox Avropa dillərinə, o cümlədən rus dilinə tərcümə olunub. Əsərin Azərbaycan dilinə də tərcüməsi planlaşdırılır.
Sonda müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb.



