1903-1995-ci illərdə Tbilisidə mədəniyyət paytaxtımız Şuşa şəhərinin adını daşıyan küçə olub. Şəhərin köhnə hissəsində, Krtsanisi rayonunda yerləşən həmin küçəyə 1995-ci ildə Gürcüstanın Oni şəhərində anadan olmuş yəhudiəsilli şair-tərcüməçi, repressiya qurbanı Gertsel Baazovun (1904-1938) adı verilib. Şuşa küçəsinin aşkarlanmasının maraqlı tarixçəsi var. Bu tarixçə haqqında ilk araşdırma yazım 2020-ci ilin sentyabrın 4-də vaxtilə əməkdaşlıq etdiyim "Report" informasiya agentliyinin saytında dərc olunub. Yazı bu cümlə ilə bitirdi: "Əzəli torpağımız olan Şuşaya mütləq qayıdacağımız kimi Tbilisidəki "Şuşa"nın adını da yaşatmalıyıq".
Cümlənin birinci hissəsindəki gözlənti elə həmin il doğruldu, ikinci hissədə ifadə olunan istək isə hələ istək olaraq qalmaqdadır.
Muğam tədqiqatçısının verdiyi ipucu
Küçə ilə bağlı ipucunu mənə tanınmış muğam tədqiqatçısı, alim Gülhüseyn Kazımlı vermişdi. Mərhum ziyalımız 2019-cu ilin oktyabrında Gürcüstanda səfərdə olarkən bir görüşdə söhbət əsnasında Tbilisidə Şuşinski küçəsinin olduğunu qeyd etmiş, məndən belə bir küçə barədə məlumatlı olub-olmadığımı maraqlanmışdı. Bu adın görkəmli muğam ifaçımız Seyid Şuşinskinin şərəfinə verildiyi barədə ehtimallar var idi. Məlumdur ki, xanəndənin yaradıcılıq həyatının bir hissəsi məhz Tiflisdə keçib.
Apardığım araşdırmalar zamanı həmin küçənin yerini öyrəndim, adının isə vaxtilə Şuşinski deyil, Şuşa olduğu üzə çıxdı. Küçənin köhnə adını bildirən yalnız bir - üzərində gürcücə "Şuşinis küç." yazısı olan 9 saylı köhnəlmiş lövhə qalıb.
Gürcü mənbələri toponimin mənşəyini necə izah edir?
İlk araşdırmamda küçənin adı ilə bağlı məlumata 2008-ci ildə nəşr edilən İrakli Abaşidzenin müəllifi olduğu "Tbilisi - Küçələr, prospektlər və meydanlar" adlı ensiklopediyada rast gəldim.
Kitabda indiki Gertsel Baazov küçəsi haqqında məlumatda yazılıb:
"Gertsel Baazov küçəsi - Tbilisinin köhnə rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən dağın yamacınadək uzanır. Küçə XIX əsrdə salınıb. 1903-cü ildə Tbilisi Şurası tərəfindən küçələrin siyahısına Şuşi küçəsi kimi daxil edilib, bu adla küçələrin 1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub. 1960-cı ilin küçələrin soraq kitabçasında Şuşina küçəsi kimi göstərilib. 1995-ci ildə Baazov küçəsi adlandırılıb.
Şuşa Azərbaycanda şəhərdir. Qədim feodal dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. 1813-cü ilin Gülüstan müqaviləsinə əsasən İran xanlığı Rusiyaya verib".
Keçmiş Şuşa küçəsi ilə bağlı araşdırmalarımı davam etdirdim və yeni bir mənbədə bu küçə haqqında daha ətraflı məlumat aşkarladım. Həmin mənbə müəllifi Otar Tkeşelaşvili olan 1986-cı ildə nəşr olunan "Tbilisi küçələri (qısa tarix)" kitabıdır. Müəllif küçə haqqında məlumatda onun hansı səbəbdən gürcücə "Şuşas" deyil, "Şuşinis" kimi adlandırıldığına da aydınlıq gətirib:
"Şuşini" - rusca "Şuşinskaya" adının gürcücəyə tərcüməsidir. Tbilisi şəhərinin gürcü dilində olan planlarında (1922-1924) bu küçənin adı tam ədalətli olaraq "Şuşa küçəsi" kimi təqdim olunub. Şuşa - Azərbaycanda şəhərdir. Qədim feodalizm dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. Xanlıq 1805-ci ilin mayında Şəki xanlığı ilə birgə Rusiya imperiyasının tərkibinə daxil olub. 1813-cü ildə Gülüstan sülh müqaviləsinə əsasən, İran Şuşanı, yəni Qarabağ xanlığını Azərbaycanın digər xanlıqları ilə birgə Rusiyaya verib. Tbilisinin bu küçəsinin adı məhz bu Şuşa ilə əlaqəlidir. Buna görə də küçə "Şuşinis" (rusca, əbəttə ki, "Şuşinskaya" olacaq) deyil, Şuşas kimi adlandırılmalıdır".
Digər mənbə 1940-cı ildə işıq üzü görmüş Tbilisi şəhəri üzrə sorğu kitabçasıdır. Burada "ş" hərfi ilə başlayan küçə adlarının siyahısında rusca "Şuşinskaə uliüa" - "Şuşinskaya küçəsi"nə rast gəlinir.
Qarabağlıların küçəsi
Küçənin adı tbilisili tərcüməçi-jurnalist, tədqiqatçı Mirzə Məmmədoğlunun 2009-cu ildə işıq üzü görən "Qədim Tiflis" kitabında da keçir: "Xıdır Nəbi məbədi Xarpux məhəlləsinə yaxın, Sup Sarkis küçəsində, indiki Qrişaşvili küçəsinin başlanğıcında, Şuşa küçəsinin kəsişdiyi yerdə yerləşirdi".
Tədqiqatçının sözlərinə görə, küçəyə Şuşa adının verilməsi təsadüfi olmayıb, belə ki, orada vaxtilə Qarabağ və Şuşadan köçənlər yaşayıb.
Şuşa küçəsinin adına tarix üzrə elmlər doktoru Fəxri Valehoğlunun 2013-cü ildə nəşr olunan "Tiflis quberniyasinda azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" adlı monoqrafik tədqiqatında da bir neçə dəfə toxunulub: "Şuşa küçəsində (Şeytanbazar məhəlləsi) Xarazovun evi xuliqanlar tərəfindən qarət olunur".
Monoqrafiyanın "Tiflisin bəzi küçə, prospekt və meydanlarının XX əsrin əvvəllərindəki və indiki adları" hissəsində "Şuşa küç. - Gertsel Baazov küç." sözləri yer alıb.
Sakinlər küçənin adının dəyişdirilməsini necə xatırlayır?
Gertsel Baazov küçəsində yaşayan Novruzovlar və Məmmədovlar deyir ki, küçənin adı sakinlərin xəbəri olmadan dəyişdirilib. Onların sözlərinə görə, küçəyə G.Baazovun adının verilməsi Tbilisidə yaşayan yəhudilərin təşəbbüsü ilə həyata keçirilib. Küçədə hətta şairə həsr olunan xatirə lövhəsi də vurulub, lakin sonradan götürülüb. Sakinlərdən biri həmin lövhəni şəxsi istifadəsi üçün divardan söküb.
Maraqlısı odur ki, soydaşlarımız küçənin adını mahir muğam ifaçımız Xan Şuşinskinin adı ilə əlaqələndirirlər. Onlara bu tarixçəni nənə-babaları nəql edib.
"Küçələrin köhnə adlarına hörmətlə yanaşılmalıdır"
Küçənin keçmiş adı ilə bağlı 2021-ci ildə həmsöhbət olduğum Tbilisi üzrə araşdırmaçı, Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktorunun müavini Mirian Xositaşvili bildirib ki, Tbilisi tarixi və çoxmədəniyyətli şəhər kimi həm orta əsrlərdə, həm də müasir dövrdə seçilib: "Tbilisidə müxtəlif şəhərlərin və məşhur insanların şərəfinə adlandırılan çoxlu küçə var. Buna bənzər fakt ondan ibarətdir ki, şəhərdə Şuşa küçəsi də olub. Bu küçə barədə məlumatlar XX əsrin əvvəllərinə aiddir. Küçənin adı Şuşa şəhərinin adı ilə bağlıdır. Tbilisi və Şuşa tarixən bir-biri ilə əlaqəli olub. Məhz bu əlaqələrin şərəfinə Tbilisinin köhnə hissəsindəki küçəyə Şuşa adı verilib".
M.Xositaşvilinin sözlərinə görə, Tbilisi və Şuşanı, həmçinin iki şəhərin sakinlərini uzun əsrlər ərzində əlaqələr, ilk növbədə, iqtisadi münasibətlər bağlayıb: "Küçənin adı bir neçə dəfə dəyişib. Hazırda bu küçə Gertsel Baazovun adını daşıyır. Tarixi mənbələrdə küçə ilə bağlı məlumatlara az rast gəlinir. Həmin mənbələrdən biri İrakli Abaşidzenin müəllifi olduğu "Tbilisi - Küçələr, prospektlər və meydanlar" adlı kitabdır".
Tədqiqatçı küçənin adı ilə bağlı araşdırmaları davam etdirməyi vacib hesab edir: "Araşdırmaları davam etdirmək çox yaxşı olardı. Küçəyə Şuşa adının verilməsi təşəbbüsünün kimə məxsus olması və adın dəyişdirilməsi ilə bağlı tarix də böyük maraq doğurur. Hesab edirəm ki, küçələrin köhnə adlarına hörmətlə yanaşılmalıdır. Belə ki, bu tarixdir və tarixə xüsusi diqqət göstərilməlidir. Biz Tbilisinin tarixi küçələri ilə bağlı araşdırmaları davam etdiririk və müxtəlif fikirləri öyrənməkdə maraqlıyıq".
"Küçənin vaxtilə Şuşa adlandırılması təsadüfi deyil"
Tarix elmləri doktoru, professor Otar Canelidze də hesab edir ki, küçənin vaxtilə Şuşa adlandırılması təsadüfi deyil: "Tbilisinin qeyri-gürcü əhalisi arasında tarixən azərbaycanlı icma çoxluq təşkil edib. Buna görə də şəhərdə bəzi küçələrin azərbaycanlıların və ya Azərbaycanla bağlı şəhərlərin adlarını daşıması təsadüfi deyil. Tbilisidə bu cür adları daşıyan 10-a yaxın küçə var ki, onlardan da biri keçmişdə Şuşa adlandırılmış küçədir. Şuşa Azərbaycanın əsas mərkəzlərindən biridir. Daha dəqiq desək, Şuşa Azərbaycanın Qarabağ bölgəsində yerləşən mədəniyyət mərkəzidir".
Tarixçinin sözlərinə görə, Qarabağın Gürcüstanla, xüsusən də XVIII əsrin II yarısında - çar İraklinin hökmranlığı dövründə tarixi əlaqələri olub: "Həmin dövrdə Qarabağ xanlığı çar İraklinin müdafiəsi altında idi. Buna görə də bu küçənin vaxtilə Şuşa adlandırılması təsadüfi deyil. Lakin nədənsə sonradan küçənin adı dəyişdirilib və hazırda küçə yəhudiəsilli şair və tərcüməçi Gertsel Baazovun adını daşıyır. Tbilisi şəhər şurasının bu küçəyə hansı əsasla Gertsel Baazovun adını verməsi səbəbini bilmirəm".
O.Canelidze keçmiş Şuşa küçəsindən qalmış 9 saylı ünvan lövhəsində küçənin adının "Şuşinis" kimi göstərilməsini belə izah edib: "Tarixi mənbələrdən məlum olur ki, küçənin adı ruscaya səhv tərcümə edilib. "Şuşini" gürcü dilində düzgün səslənmir. Gürcücəyə tərcümədə ad "Şuşis küçəsi" kimi yazılmalı idi".
Küçənin keçmiş adının bərpası məsəsələsinə münasibət bildirən O.Canelidze bunu mümkün hesab etdiyini söyləyib. Onun sözlərinə görə, ya keçmiş Şuşa küçəsinin adı özünə qaytarıla bilər, ya da başqa küçəyə Şuşa adını vermək olar.
Tarixə qovuşmuş "Şuşa"dan nişanə və ümid işarəsi
Tbilisidəki "Şuşa"dan qalan bir nişanə - bu adı bildirən paslanmış lövhənin üzərindəki 9 rəqəminin simvolik mənasına bir daha toxunmaq istəyirəm. Klassik numeralogiyada bu rəqəmin ifadə etdiyi mənalardan biri ölüm və yenidən doğuluşdur. Gürcüstan paytaxtındakı "Şuşa" "ölsə" də, "yenidən doğulmaq" şansı var. 9 nömrəli köhnə lövhəcik də sanki məhz buna işarə etmək üçün bu günədək asılı qalıb.
Tarixə qovuşmuş küçənin köhnə adını yaşatmaq məqsədilə 9 saylı paslanmış lövhəciyi xatirə lövhəsi halına gətirərək üzərində gürcü və ingilis dillərində bu sözlər yazıla bilər: "Bu küçə 1903-1995-ci illərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin adını daşıyıb".
Xatirə lövhəsinin əksər sakinlərini soydaşlarımız təşkil edən küçəyə quraşdırılmasına şahidlik etmək, "Tbilisidə keçmiş Şuşa küçəsinə xatirə lövhəsi vurulub" başlıqlı xəbər vermək arzusu ilə.
P.S. Gülhüseyn Kazımlı ötən ilin noyabrında Tbilisidə olarkən onunla təsadüfən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində qarşılaşdım. Verdiyi ipucu əsasında aşkarladığım küçə və onun tarixçəsi barədə ona danışdım. Gülhüseyn müəllim həmin küçədə olmaq və xatirə şəkli çəkdirmək istədiyini bildirdi. Keçmiş Şuşa küçəsinə birgə yollandıq və Gülhüseyn müəllimin 9 saylı lövhənin qarşısında fotosunu çəkdim.
Cəmilə BABAYEVA
Araşdırmaçı-jurnalist, Aziz.ge saytının müəllifi