Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə hərbi xidmətin yeni modelinin köməyi ilə Bundesverin (ordu) şəxsi heyətini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
525.az xəbər verir ki, bu barədə nazir parlamentin Müdafiə Komitəsinə öz planlarını təqdim edərkən deyib. O, xüsusilə, hərbi xidmətin könüllü olaraq uzadılması imkanı ilə altı ay müddətinə həqiqi hərbi xidmətin tətbiqini təklif edib.
Məlumata görə, nazir hərbi xidmətə yararlı şəxslərin hərbi qeydiyyatını bərpa etməyi də planlaşdırır. Bundan əlavə, 18 yaşlı oğlan və qızların hərbi xidmətə hazır olub-olmadığını öyrənmək üçün onlara sorğu vərəqələrinin göndərilməsi təklif edilir.
Belə anketlərin 400 min insana göndəriləcəyi, bundan sonra onlardan 40 mininin təlim düşərgələrinə çağırılacağı gözlənilir. Çağırış halında onlardan hərbi təlimlərə gəlmələri tələb olunacaq.
“Bu addımların məqsədi ümumi müdafiə üçün ehtiyatı artırmaq və gücləndirməkdir”, - Almaniyanın müdafiə naziri deyib.
Uzunmüddətli məqsəd Bundesverin gücünü 460 min əsgərə çatdırmaq, 203 min nəfərin aktiv, qalanların isə ehtiyatda olmasını təmin etməkdir.
Nazir vurğulayıb ki, bu məqsədə nail olmaq üçün hələ də 200 min ehtiyatda olan hərbçi yoxdur. Hazırda Bundesverdə 181 minə yaxın əsgər xidmət edir. Pistorius bildirib ki, 5000 çağırışçının saxlanması xərcləri 1,4 milyard avroya çata bilər.
Pərvanə Sultanova