
Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətində dünən batan qayıqda olan 271 sərnişindən ən azı 80-nin həyatını itirdiyi açıqlanıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, prezident Feliks Tşisekedi, Mai-Ndombedəki Kva çayında mühərrik nasazlığı səbəbindən sahilə çırpılan və batmış qayıqda olan 80-dən çox adamın həyatını itirdiyini açıqlayıb.
Muşie şəhərindən Kva çayı üzərindəki Lebida şəhərinə hərəkət edən qayıq dünən mühərrik nasazlığı səbəbindən sahilə çırpılıb və batıb.
Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür dəniz qəzalarına “gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşıması” səbəb olduğu bildirilib.
Qeyd edək ki, ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.
Malik Atilay



