|
|
|
|

Münasibətlər tarixi uzaq əsrlərə gedib çıxan Azərbaycan-Özbəkistan əlaqələri son illərdə özünün ən yüksək zirvəsinə yüksəlib. Xalqlarımızı birləşdirən ortaq dəyərlər, din, ümumi dil qrupu, adət-ənənələr bu münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verir. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabrın 2-də qurulub. Həmin vaxtdan başlayaraq, əlaqələr getdikcə daha da güclənib.
Azərbaycan və Özbəkistan liderlərinin həyata keçirdikləri qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da inkişafına səbəb olub. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 22 avqust 2024-cü ildə Özbəkistana etdiyi dövlət səfəri mühüm əhəmiyyət kəsb edir. Səfərdə ən önəmli məqamlardan biri Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması oldu. Müttəfiqlik sazişi dövlətlərarası münasibətlərin ən yüksək formasıdır. Bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 illik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan Prezideninin cəmi 2 il əvvəl - 2022-ci ildə Özbəkistana dövlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı.
Dövlət başçısı İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatlar zamanı bu barədə deyib: “Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Prezident Şavkat Mirziyoyev isə bildirib ki, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var: “Bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq. Biz, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var”.
Qeyd edək ki, Azərbaycan üç ölkə - Türkiyə, Rusiya və Özbəkistanla strateji müttəfiqlik sənədləri imzalayıb. Bu, əlbəttə ki, Azərbaycanın siyasi uğurudur. Ölkəmizin nəinki tərəfdaşlarının, artıq siyasi müttəfiqlərinin də coğrafiyası genişlənir. Azərbaycanın Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan arasında qarşılıqlı münasibətlərin intensiv inkişafı və genişlənməsi həm də çoxtərəfli platformalarda, o cümlədən də, Türk Dövlətləri Təşkilatında özünün müsbət təsirini göstərir. Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər, iqtisadi göstəricilərin artması, qarşılıqlı sərmayə və birgə layihələr perspektivdə daha yaxşı nəticələr vəd edir. Dövlət başçısının bu səfəri zamanı imzalanmış sənədlər xüsusi əhəmiyyət kəsb edir. Onlardan biri də Özbəkistanın sərmayəsi ilə Xankəndidə tikiş fabrikinin tikintisi, minə qədər yeni iş yerinin açılmasıdır.
Prezident İlham Əliyev bu sənədi dəyərləndirərək deyib: “Bizim bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim, çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir”.
Özbəkistanın qardaş dəstəyi həm də 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmamasında özünü göstərir. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmadı, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib.
Azərbaycan və Özbəkistan yeni bir istiqamətdə - üçüncü ölkələrdə perspektivli layihələrdə iştirak edirlər. Bu mənada Azərbaycan və Özbəkistanın ixtisaslaşmış nazirlik və şirkətlərinin nümayəndələrinin Əfqanıstana birgə səfərini qeyd etmək yerinə düşür.
Ümumilikdə, Azərbaycan liderinin səfəri zamanı çoxtərəfli münasibətlərin bütün spektri ətraflı müzakirə olunub. Bunlar ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhlükəsizlik, mədəniyyət və digər sahələrdir. Siyasi dialoqu möhkəmləndirmək, çoxtərəfli platformalarda qarşılıqlı dəstək göstərmək, parlamentlər, hökumətlər, nazirliklər səviyyəsində və ən başlıcası həm də regionlararası fəal təmasları davam etdirməklə bağlı razılığa gəlinib. Qarşılıqlı fəaliyyətin artırılmasına xüsusi diqqət yetirilib, əmtəə dövriyyəsi həcmlərinin artırılmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, bugünkü əmtəə dövriyyəsini iki dəfə artırmaq üçün bütün əsaslar mövcuddur. Tərəflər, həmçinin növbəti ili “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan etmək barədə razılığa gəliblər. Danışıqlar əsnasında konkret kooperasiya layihələri üzərində dayanılıb.
Azərbaycan və Özbəkistan birlikdə yeni layihələrə - mehmanxanaların, tekstil klasterlərinin, tikiş fabriklərinin tikintisinə, inşaat materiallarının istehsalı və s. başlayacaqlar. Belə layihələrin həyata keçirilməsi üçün 500 milyon dollar kapitalı olan birgə investisiya şirkəti fəaliyyət göstərir. Həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən, Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səylər davam etdiriləcək.
Göründüyü kimi, iki qardaş ölkənin əməkdaşlıq sferası olduqca genişdir. Nəzərdə tutulan yeni layihələr, planlar həyata keçirildikcə əməkdaşlıq daha da möhkəmlənib, yeni sahələri əhatə edəcək. Özbəkistan liderinin söylədiyi kimi, Prezident İlham Əliyevin tarixi səfərinin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.



