Ötən gün Yazıçılar Birliyində tanınmış qələm adamı Səyyad Aranın yeni kitabının təqdimatı və 60 illik yubileyilə bağlı tədbir keçirilib.
525.az-ın məlumatına görə, tədbiri Birliyin katibi Rəşad Məcid açaraq, iştirakçıları salamlayıb, yubilyarı 60 illiyi və yenicə işıq üzü görmüş “Sandıqda qalan muştuluq” kitabı münasibətilə təbrik edib.
S.Aranın yeni yaradıcılıq uğurları qazanacağına əminliyini vurğulayan R.Məcid çıxış üçün yazıçı Əjdər Ola söz verib. Qələm dostunu təbrik edən Əjdər Ol Səyyad Aranın ədəbiyyata gələn gündən diqqəti cəlb etməyi bacardığını, yazıları ilə oxuculara özünü sevdirdiyini, hər zaman səlis və maraqlı yazı üslubu ilə seçildiyini bildirib.
Tənqidçi Əsəd Cahangir deyib: “Səyyad Aran mənim çox sevdiyim yazıçılardandır. Onun əsərlərində insan psixologiyasının, böyük mətləblərin özünəməxsus tərzdə ifadəsini görmək olur”. Yazıçılar Birliyinin katibi, tənqidçi Arif Əmrahoğlunun fikrincə, Səyyad Aranın ən əsas keyfiyyətlərindən biri ədəbiyyatdan siyasətə getsə də, dəyişməməsi, qələmə sadiqliyini qorumasıdır. Şair Qəşəm Nəcəfzadə, yazıçılardan Elçin Hüseynbəyli, Mövlud Süleymanlı da Səyyad Aranın şəxsiyyəti və yaradıcılığı, həmçinin yeni kitabı barədə düşüncələrini paylaşıblar.