Kərkükü Azərbaycana hamıdan çox gətirən o oldu. Xeyli kitablar və məqalələr yazılıb, hələ bundan sonra nə qədərləri də olacaq, çoxlu verilişlər hazırlanıb, çıxışlar edilib, hələ illərcə də bu iş davam etdiriləcək. 50-60 il əvvəl idi ki, hələ sərhədlər qapalıydı, buralarda bir kərküklünü görəndə, onun bizimkiylə eyni olan danışığını eşidəndə heyrətlənərdik, o ləhcənin şirinliyinə bayılacaq qədər məftun kəsilərdik.
Artıq haçandır ki, onların bizimlə bir yerdə olmalarına adət etmişik, cazibəli danışıqlarına da heç kəs heyrət etmir, o qədər qaynayıb-qarışmışıq ki, onları elə yerli adam sayır, bu şivəni də elə bölgələrimizdən birinin ağzı kimi qəbul edirik. Ancaq Sinan Səidlə Nərminə Məmmədovanın mehriban, duyğulu avazlarında hər dəfə o köhnə xoyratlar yenidən səslənəndə sanki hər şey təzədən başlanır, elə bil Kərkükü də, kərküklünü də bir daha kəşf edirsən. İndi bu üçlüyü bir-birindən ayrı təsəvvür etmək olmur və düşünürsən ki, məhz üçləri birgə olmasaydı, bu möcüzə də alınmazdı.
1963-cü ildə Hacı Məmmədovun rəhbərlik etdiyi, ömrü sən deyən çox çəkməyən instrumental ansambl vardı, Sinan Səid Azərbaycan Radiosunun Xarici ölkələr üçün verilişlər bölümündə diktor işləyirdi, Nərminə Məmmədova həmin radionun xorunda oxuyurdu. Üçləri birləşdilər və o vaxtacan da başqa ifalarda dönə-dönə eşidilmiş, ondan sonra da ayrı avazlarda dəfələrlə eşidiləcək Kərkük nəğmələri hər dinləyəni cazibəsinə salan füsunkar bir gözəllikdə ortaya çıxdı. Sinan Səidlə Nərminə xanımın dueti ilk dəfə radioda səsləndiyi çağlardan bugünəcən heç kəsin qadir ola bilməyəcəyi səviyyədə Kərkükü və kərküklüləri qısa dəqiqələr ərzində bütün Azərbaycan boyu hər kəsə belə yaxın, belə doğma etməyi bacarıb, hər növbəti səslənişi ilə də həmin xeyirxah işini yerinə yetirməkdə davam edir.
Bir dəfə unudulmaz tarzənimiz Hacı Məmmədovla onun bir neçə il yaşamış yığcam tərkibli həmin xalq çalğı alətləri ansamblı barədə söhbət edirdik, qayıtdı ki, ən azı ikicə lent yazısına görə o ansamblı həyatımın ən uğurlu hadisələrindən sayıram. Biri vaxtilə gözəl xanəndə olmuş, amma güzəranın musiqidən ayırdığı, gedib qəssablıqla ailəsini dolandıran Əlyusif Qəniyevin ifasında yazdığımız "Zabul Segah"dır ki, o kişinin tarixdə qalan təkcə oxusudur, həm də aşkarca göstərir bu sənətkar hansı qüdrətdəymiş, bir də Sinan Səidlə Nərminə Məmmədovanın ifasındakı Kərkük mahnıları - bu duet gözlədiyimizdən də qat-qat gözəl alındı, hərdən elə təsəvvür edirəm ki, elə Leyliylə Məcnun azərbaycanlı olublar, bu da onların deyişmələridir.
Ustad tarzən elə deyirdi, mənsə hər dəfə o cütlüyü dinləyəndə elə zənn edirəm ki, əsrləri adlayıb geti qayıtmışam, o oxuyan Sinan deyil, gənc Füzulidir, onun səsinə səs verən bu qız da Nərminə deyil, yeniyetmə Məhəmmədin vurğunu olduğu həmin gözəldir - sabahın şöhrətli şairinə mədrəsədə dərs deyən müəllimin qızı...
Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca,
Boyu uzun, beli incə, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə.
Evlərinin önü lalə,
Saqi, doldur ver piyalə,
Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə.
Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım, vallah açım,
Səni alım, hara qaçım, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə...
O mahnıları oxumaq, üstəlik, radioda səslənməkçün lentə yazdırmaq Sinan Səidin heç yatanda yuxusuna girməzmiş. Televiziyanın köhnə işçilərindən olmuş yazıçı Nahid Hacızadə danışırdı ki, Sinanla Bakıya yenicə gəldiyi vaxtlardan aramızda səmimiyyət vardı, dostluq edərdik, bir dəfə ona qonaq getmişdim, hələ subay vaxtları idi. Özü yemək bişirirdi ki, birlikdə şam edək, tavadakı əti qızartdıqca da elə həmin Kərkük xoyratlarını dodaqaltı zümzümə edirdi. Dedim ki, Sinan, qardaş, nə qəşəng səsin varmış, bunları radionun səsyazma evində lentə almaq lazımdır, qoy hamı eşitsin. Güldü ki, ayıbdır, eşidən-bilən məni düz başa düşməz. Bu mahnıların Kərkükdə Əbdülvahid Kuzəçi kimi elə mahir ifaçıları var ki, onlardan sonra mən belə mahnıları yalnız elə mətbəxdə oxusam, yetər.
Amma həyat göstərdi ki, heç də elə deyilmiş. Əbdülvahid Kuzəçi, həqiqətən, zirvə idi. Ancaq Sinan Səid kimi elə 2-3 nəğmə ilə parlaq olmaq olarmış!
...Geci-tezi var, hər çevrə günlərin birində mütləq qapanır. Əbdülvahid Kuzəçioğlunun səsi Kərkükün rəmzlərindən idi. Kuzəçioğlular Kərkükdə məşhur nəsil olsa da, bu şəcərənin sorağını İraq boyu və İraq hüdudlarından da kənara uçuran məhz Əbdülvahid oldu. Onun canayatan avazında Kərkük nəğmələri Azərbaycanda XX yüzilin sonlarında çoxlarına bəlli idi və 1950-60-cı illərdə neçə Azərbaycan el nəğməsi də Əbdülvahid ustadın məlahətli avazında kərküklülərə eşidilmiş, eşidilincə də Kərkük nəğmələri bizim könüllərə dərhal qonduğu kimi, orada anındaca ürəklərə yol tapmışdı. Beləcə, Əbdülvahid Kuzəçioğlu iraqları iraqlılara yaxın edən, Kərküklə Azərbaycanın bir can olduğunu hər kəsə səsi ilə, bəstələri ilə, yazıları ilə ilk yetirənlərdən olmuşdu.
Hər çevrənin bir gün hökmən qapanmasının, hər axar suyun əvvəl-axır yatağını tapmasının həyatdan gələn bir sübutu da odur ki, indi nə Əbdülvahid ustad, nə Sinan həyatdadır, amma bir Kuzəçi ilə üz-üzəyəm ki, o həm öz soyuna, həm də Sinan Səidə yeni ömür bəxş edənlərdəndir.
Şərəfli Kuzəçilər şəcərəsinin ləyaqətli budağı Şəmsəddin Kuzəçi bu gün Əta Tərzibaşıların, Əbdülvahid Kuzəçioğluların, Əbdüllətif Bəndəroğluların yandırdığı çıraqları sönməyə qoymayan, onların böyük yolunu qəlbinin bütün məhəbbəti ilə davam etdirən bir Kərkük aydınıdır. Yazıçı, jurnalist, tərcüməçi, araşdırıcı, fədakar Kərkük vətənpərvəri, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçinin ən dəyərli işlərindən biri də bu oldu ki, Sinan Səidlə bağlı müfəssəl tədqiqat apardı, yaşam tarixçəsini addım-addım öyrəndi, əsərlərindən seçmələri topladı, Sinan haqqında yazılmış şeirləri, xatirələri, fotoları bir yerə cəm etdi və 2021-ci ildə Ankarada "Musalladan Şaturluya Sinan Sait" adlı kitab buraxdı. Mən də elə o vaxtlarda onu çəkdim mikrofon qarşısına, başladıq Sinan Səid barədə dərdləşməyə. Şəmsəddin bəy köçlərin dünəninə qayıdır, deyir ki, İraq türkmanları Orta Asiyadan, Azərbaycandan 54-cü hicri - miladi tarixlə 674-cü ildə yola çıxaraq İraqın güneyinə - Bəsrəyə yetişiblər. Müaviyənin ordusunda onlardan iki min nəfər cəsur savaşçı varmış. Bunlar sonralar asta-asta başlayıblar Bağdad, Kərbəla, Nəcəf, Kərkük, Mosul tərəflərə yayılmağa.
Şəmsəddin bəy ulularının, dədə-babalarının köç sərgüzəştlərini nağıl edir: "Bu türkmanlar oğuz boyundan gələn insanlardır. Gəldikləri zaman o 2000 nəfər yanlarında dillərini də, ədəbiyyatlarını da, kültürlərini də gətirdilər ki, dilləri də oğuz şivəsi, oğuz ləhcəsidir. Azərbaycanda danışılan türkcə tamamilə eyni şəkildə Kərkükdə də danışılır. Çünki Kərküklə Azərbaycan bir ananın əkiz övladıdır. O səbəbdən də bizim aramızda heç bir fərq yoxdur. Bizim Kərkük mədəniyyətimiz eynilə Azərbaycandadır və bizlər bura gəldiyimizdə heç yabançılıq hiss etmirik. Öz vətənimizə, ata yurdumuza gəlirik. Türkiyə bizim ana yurdumuz, amma bura ata yurdumuzdur".
Vətən də, millət də dildən başlanır və Sinan Səid barədə söhbətləşmək istədiyimiz halda elə onun kimi əsl millət təəssübkeşi olan Şəmsəddin Kuzəçinin sözü rişələrdən və dildən başlaması şox qanunauyğundur. Çünki elə mərhum Sinan Səid də daim bu düşüncədə, bu əqidədə olmuşdu.
1970-ci illərin əvvəllərində İraqda məktəblər üçün oxu kitabı nəşr ediləndə o, qürur duyğusu ilə daşan bir məqalə yazmışdı və izah edirdi ki, nəyə görə nəşr edilən yüz minlərlə, milyonlarla kitabın yanında bu balaca kitab onu belə riqqətə gətirir: "Əslində məsələ İraq Cümhuriyyəti və gələcək nəsillərimiz üçün böyük əhəmiyyət kəsb etməkdə, xüsusi məna daşımaqdadır. Yarım əsrlik bir məhrumiyyətdən, milli dildə kitab və məktəb yoxluğundan sonra milli dildə bir dərsliyin nəşr edilməsi və milli dildə təhsil verən məktəblərə, türkman uşaqlara çatdırılması, şübhəsiz ki, böyük bir qazancdır. Hər bir türkman vətəndaşı sevindirən, hər bir türkman evinə, hər bir türkman ailəsinə ən gözəl ərməğandır. Hələ də öz dilimizdə istənilən səviyyədə yazmaq qüdrətinə sahib deyilik. Şah əsər yaratmaq bir yana dursun, ana dilində bir-iki kitabdan başqa yazdığımız, yayımladığımız yoxdur. Daha doğrusu, olmamışdır. Öz dilimizin imlasını, qramerini, qaydalarını öyrənmək, öz dilimizdə oxuyub-yazmağı bacarmaq, öz dilimizdə əsərlər yaratmaq və beləcə də milli mədəniyyətimizi zənginləşdirmək üçün türkman məktəbləri açıldı və dərsliklər basılmaqdadır.
Bu kitabın hər şeydən öncə önəmini və nə demək olduğunu anlayaq!"
Bunlar sadə sözlər deyil. Ana dilində məktəbi olmayanın ana dilində dərsliyi yarananda, o dərsliyin işlədildiyi məktəb olanda millətin müqəddəratını düşünən istənilən sadiq vətənpərvər bunlara sadəcə kitab-dəftər məsələsi kimi deyil, millətin varlığının, gələcəyinin dayaq sütunları kimi baxır.
Sinan Səid o cür düşünürdü, Güneydə Səməd Behrəngi həmin qənaətdəydi, XX yüzilin başlanğıcında Quzeydə Abbas Səhhət həmin əqidədə idi. Hər yurdumuzdan bir ad dedim. Ancaq Kərkükdə Sinanlar, Güneydə Behrəngilər, Quzeydə Səhhətlər həmişə tək-tək yox, çox-çox olub. Olublar ki, bu dil, bu millət, bu ruh yaşayır və belə ucadır!
...Şəmsəddin Kuzəçi uzaqdan-uzağa tanısa da, Sinan Səidlə şəxsən onun yataq xəstəsinə çevrilməsindən bir az qabaq - 1989-cu ildə tanış olmuşdu. Bir səhər ona Əbdüllətif Bəndəroğlu zəng vuraraq çağırır ki, Azərbaycandan bir heyət qonağımızdır, sən də Kərkükdənsən, gəl bunları qarşıla.
"Bağdada getdim, Nəbi Xəzri, xanəndə Hacıbaba Hüseynov, dilçi alim Kamil Vəli Nəriman, onların da yanında Sinan Səid, Əbdüllətif özü, Sabur Dəmirçi, Əhməd Məhməd Kərküklü, daha bir neçə insan. Elə ilk görüşdəncə Sinan Səidin səmimiyyəti, dürüstlüyü, mərifəti ilə oxularına, şeirlərinə, rəsmlərinə tam bənzədiyini duydum. Amma onların arasında o zaman 17 yaşında olan gənc müğənni Aybəniz Haşımova da vardı. Onun mahnılarını eşitdikdən sonra əhd etdim ki, vallahi mən evlənsəm, qızım olsa, adını Aybəniz qoyacağam. Evləndim, qızım oldu, adını da Aybəniz qoydum. İndi iki Aybəniz var, biri Kərkükdə yaşayırdı, getdi Ankaraya, o birisi də Bakıdadır. Amma bizdən sonra da daha altı nəfər uşağının adını dəyişdi, məndən icazə alaraq qızını "Aybəniz" çağırdı. Sinan Səidə gəlincə, elə ilk tanışlıqdan ona valeh oldum. Onun ərəbcəsi çox mükəmməl idi. Sinan Molla Pənah Vaqifin şeirlərini ərəbcəyə əla çevirmişdi, neçə Azərbaycan yazıçısının hekayələrini də ərəbcəyə elə tərcümə edib ki, sanki bunlar heç tərcümə deyil. Azərbaycana bağlılığının bir əlaməti də budur ki, 1963-cü ildə evlənməyi də oradan oldu. 1964-cü ildə oğlu Ümid, 1966-cı ildə qızı Əməl dünyaya gəldi. Hətta uşaqlarına verdiyi bu adlarda da onun hər adama bənzəmədiyi görünür. Ümid türkcə bir addır, amma ərəbcəsi ümid deməkdir. Əməl də ərəbcə bir addır, amma bunun da türkcəsi elə ümid deməkdir. Yəni uşaqların ikisinin də adı eynidir, amma biri ərəb dilindən alınıb, o biri türk dilindən. Və indi uşaqların biri Moskvada yaşayır - Ümid. O birisi də Almaniyada yaşayır. Təbii ki, Əməl, qızı Kərkükdə gözəl sənətlər məzunu oldu. Böyük bir aktrisa oldu, model oldu, ssenarist oldu. Amma təəssüf ki, 91-ci ildə İraqa tətbiq edilən embarqodan sonra ataları vəfat etdi. Özləri İstanbula getdilər. Onlardan sonra anaları Raidə xanım da dünyasını dəyişdi və hər biri bir tərəfdə qaldı. İndi qızı Almaniyada, oğlu Moskvada yaşayır".
Düz deyir Şəmsəddin bəy. Sinan Səidin həyatdan erkən getməsində Amerikanın da bilavasitə əli var. 1990-cı ildə, Birinci Körfəz müharibəsi dövründə Sinanın beyninə qan sızır. Sinan iki ay xəstəxanada, reanimasiya bölümündə müalicə olunur. Ancaq o çağlar İraq sıxıntılar içindəymiş. ABŞ-ın bu ölkəyə qarşı yürütdüyü təcrid siyasəti ucbatından xaricdən dava-dərman, tibbi avadanlıq gəlmirmiş, nə elektrik varmış, nə su, nə başqa xidmətlər və ailəsi naçar qalaraq Sinanı da xəstəxanadan çıxararaq evə aparmalı olur. İraqın o cür miskin bir dönəmində o təhər ağır xəstəyə heç bir şərait olmadan evdə necə şəfa vermək olardı. Bədən hələ cavan idi, daha onaltı ay dözür...
Ümid Osman Köprülü əbədi səfərə çıxan Sinanı belə qəhərlənən misralarla yola salırdı:
İnsanlıq simgəsiydin
İnsanlığı sevərdin.
İnsanlıq müəllimiydin
İnsanlıq öyrədirdin.
O gözəlim ağ gülümsəmə
Dodaqlarına sığınmışdı.
Gülümsəyirdin...
Uzun savaşdın,
Hər silahı qullandın.
Amma sən də qapıldın
Fırtınasına.
Səni də sardı,
Aldı bağrına
Ölüm qasırğaları.
...Oxuduğun o şeirlərin sədası
Qulaqlarımızda səslənəcək.
Musalladan Şaturluya
Hər gün axşam dalacağız
İnsanlıq
Dostluq
Sevgi dolu
Böyük ürəyi
anacağız.
Sinan Səidin öz şeiridir və o, dilini, millətini, millətinin dəyərlərini yaşatmaq üçün yaşayanlardan oldu!
...Sinan Səid jurnalist idi, alim idi, şair idi, yazıçı idi, amma heç vəchlə nə müğənni, nə bəstəkar idi. Hərçənd oxuyub da, bəstələyib də. Bu da musiqinin gücüdür ki, insanı bəlkə çəkicə daha ağır başqa işlərindən də çox tanıda, sevdirə bilir. Şəmsəddin bəy danışır ki, o sevimli "Evlərinin önü yonca" türküsünü 1960-cı ildə Əbdülvahid Kuzəçioğlu vala yazdırmışdı, Sinan Səid də həmin valı alıb Bakıya gələndə özü ilə götürmüşdü, ancaq Nərminə Məmmədova ilə oxuduğu və əsl xalq mahnısı kimi qavranılan digər nəğmənin - "Altın üzük, yaşıl qaş"ın sözü də, bəstəsi də Sinan Səidin özününkü imiş:
Hər gün axşam olur, dallam, dallam, dallam.
Əlimdə bağlama, çallam, çallam, çallam.
Əşirətivə xəbər sallam, sallam, sallam.
Mən səni sevmişəm, allam, allam, allam.
Şəmsəddin Kuzəçi danışır, danışdıqca duyğulanır - bu anlarda o Sinan səsinin cazibəsində, Sinanın türkülərinin arasındadır: "Öz yazdığı "Altun üzük, yaşıl qaş" türküsünü Sinan Səid tək də oxuyub, Kərkük radiosu, Bağdad radiosu son illərə qədər bu türkünü çalmaqdadır. Bu türkünü Türkiyədə İbrahim Tatlısəs, Kərkükdə də bir çox sənətçilər oxudu. Amma Azərbaycandakı səs yazılarında Nərminə Məmmədova ilə duet oxuduqları dörd mahnı var - "Evlərinin önü yonca", "Hər gün axşam olur, dallam", "Altın üzük, yaşıl qaş". Bir də Türkiyədə yaranmış "İstanbuldan Üsküdara yol gedər" türküsünə əl gəzdirərək düzəltdiyi "Musalladan Şaturluya yol gedər" nəğməsi. Nədirsə, bu mahnını Bağdadda oxuyub lentə yazdırmadı. 1959-cu ildə Bağdad türkman radiosunda bu mahnını örtülü imza ilə vermişdi. Sonralar icazə verdi ki, mahnının müəllifini namüəyyən şəkildə "Tərzibaşı" kimi yox, elə öz adıyla təqdim etsinlər. Musalla Kərkükün böyük bir məhəlləsidir ki, ora milliyyətçilər, şairlər, yazarların yetişdiyi bir bölgədir. Kərkükün ortasında bir çay var. Bir tərəfindəki quruya Şaturlu deyirlər, digər tərəfə Musalla".
Bu, Sinan özüymüş, bir vaxtlar bu taydan o taya gözünün düşdüyü bir qıza çiçək dəstəsi aparırmış.
Amma təlatümlü əyyamlar gəldi, sevda yolları qana bulaşdı - sevənlər oylağı olan yerlərə bombalar atıldı, mərmilər düşdü. Sinansız günlərdə bu nəğməni düşünərək, Sinanı anaraq qələm qardaşları o yaralı torpaqlara sızlayan misralar həsr etdilər. Əbdüllətif Bəndəroğlu belə ağlamsınırdı:
Nə Musalladan Şaturluya
Gedən yol,
Nə də "evlərinin önü yonca"
Tanıdıqlarımız qaldı.
Bu qəhərlənənsə Mehməd Kərküklü idi:
Musalladan Şaturluya
Gedən yollar
Addımsız qaldı,
Kimsəsiz kəndlər də
Xırmansız.
Bir şeir də Şəmsəddin Kuzəçi yazmışdı və o da belə qəmlənirdi:
Musalladan Şaturluya
Uçan quşlar uçmayacaq.
Yeddi gündə bir
Ötən bülbül ötməyəcəkdir artıq.
Sinan Səid bütün həyatı ilə onu sübut etdi ki, sevginə çatmaq istəyirsənsə, bu sahildən o sahilə keç, bu taydan o taya can at.
Onu Bakıya gətirib çıxaran da əslində elə həmin sevgi idi. O sahildən bu sahilə gəlmişdi ki, daha yaxşı tanısın, öyrənsin, bilsin və sonra da tanıdıqlarını, öyrəndiklərini, bildiklərini o sahilə aparsaq, oradakılarla da paylaşsın.
Ona görə onun yadigar qoyduğu o körpü ki var, o düstur ki var, o dərs ki var, sevginə çatmaq üçün bu sahildən o sahilə keçməyə həmişə səy göstər, can at, o gələcək insanların hamısından gərək olacaq.
Sinan tələbələrinə münasibətdə çox həssasmış. Zövcəsi Raidə xanımın xatirəsidir ki, Bağdadda universitetdə işlədiyi çağlarda Sinan tələbələrin yazılarını səhərə qədər oxuyarmış ki, verəcəyi qiymətlər də tam ədalətli olsun, kimsənin haqqı yeyilməsin.
Həm də bu səbəbdəndir ki, dərs verdiklərinin, yol açdıqlarının hamısı onu məhəbbətlə xatırlayır, yadigar qoyduğu yolları davam etdirir.
Yalnız sözlə, səslə deyil, elə birbaşa fırçasıyla da rəssam olan Sinan Səidin kərküklülərin mədəni düşüncəsi və həyatındakı müstəsna yeri ilə bağlı Şəmsəddin Kuzəçi deyir ki, onun Kərkükdə yetişdirdiyi rəssamlar dəstəsinin içərisində qızlar da vardı, öyrəncilərin sayı 70-80 nəfər olsa da, o qrupa düşmək istəyənlərin miqdarı daha çoxdu.
Sinanın bu sahədə də çalışması daxili ehtiyacdan, boşluğu sezincə verə biləcəyi faydanı əsirgəməmək qeyrətindən doğurdu.
Şəmsəddin bəy söyləyir ki, o çağlar Kərkükdə yeniyetmələrə, gənclərə rəssamlıq təlimləri verən əsas bir nəfər varmış - Mahmud Ubeydi. Sinan da ona qoşulandan sonra qüvvətləri elə bil ki, birəbeş artır, əl-ələ verib istedadlı gəncləri yetişdirməyə, təcrübələndirməyə başlayırlar.
Kömək etməyə, arxa durmağa həmişə hazır olan Sinan Səid kiməsə yük olmağa, kimsədən kömək ummağa, hansısa ad-sanlı qohumunun kölgəsindən istifadəyə heç meyil etməzmiş.
Elm, ədəbiyyat aləmində yetərincə məşhur olan əqrəbası Əta Tərzibaşının adından, əlaqələrindən əsla yararlanmazmış.
Bununla belə, özü biliyini, qəlbini, imkanlarını yetirmələrindən əsirgəməzmiş.
Şəmsəddin Kuzəçi təsdiqləyir: "Sinan Səidin tələbələri hazırda İraqda ən böyük rəssamlar, ən tanınmış qəzetəçidirlər. Sinan Səid fidanlar əkdi, millətimiz onun yetişdirdiyi gənclərin timsalında o zəhmətlərin bəhrəsini yeməkdədir".
Sinan Səidin bir üstünlüyü də ayıq siyasi düşüncəyə malik olması idi. Zəmanəni də, cərəyan edən siyasətləri də incəliklə tuturdu və millətəxeyir niyyətlərini gerçəkləşdirməkdən ötrü labirintlərin qəliz dolanbaclarından çevikliklə adlamağı bacarırdı.
Bu bəla həmişə bizi böyrümüzdən dümsükləyib - gah dilimizin yanında "hakim mənəm!" deyə farsca dikəlib, gah "ixtiyar sahibi mənəm!" deyə rusca sinəsini qabağa verib, gah da ərəbcə ana dilimizin başından basmağa cəhd edib.
Sinan Səid kimi ağıllı yurd və millətsevənlərsə hay-küyə uymayaraq, dil pəhləvanlığı etməyərək lazımlı, qalıcı işlərin qulpundan yapışmağa səy göstəriblər.
Bunları Şəmsəddin Kuzəçi ərəb mühitinin içərisindən izləyib, ona görə bu sözləri mənim deyil, onun dilindən eşitmək daha doğrudur. Söyləyir ki, Sinan Səidin məqalələri, hekayələri ərəb ölkələrində çıxan müxtəlif dərgilərdə, qəzetlərdə o dönəmdə ön sıralarda gəlirdi, hekayələrinin hamısını ərəbcə yazardı. Bir dəfə soruşmuşdular ki, niyə sən türkmanca yazmırsan? Cavab vermişdi ki, türkmanca yazanlar çoxdur, mənsə türkmanları ərəb ölkələrinə tanıtmaq istəyirəm.
Elə Bakıda yaşayıb-işlədiyi çağlarda da eyni yolu tutmuşdu - Azərbaycan yazıçılarının əsərlərini ərəbcəyə çevirərək mütəmadi olaraq İordaniyada, Beyrutda, Livanda, digər ərəb ölkələrindəki çeşidli dərgilərə göndərirdi, millətin yüksək istedadının ifadəsi olan bu sərvəti bütün ərəb dünyasına tanıtmaq istəyirdi.
Şəmsəddin bəy vaxtilə Sinan Səid haqqında kitab hazırlayarkən onun oğlundan-qızından, yaxın qohumlarından tutmuş yetirmələrinəcən çoxları ilə həmsöhbət olmuşdu. Hamısı bu məqamda yekdilmiş ki, Sinan Səid tələbələri ilə gerçəkdən ata-bala kimi davranırmış, kiçiklə kiçik, böyüklə böyükmüş, qısqanclığı yoxmuş, istər tələbələri, istərsə də müəllimlər arasında hər kəslə eyni məsafəni saxlayırmış.
Şəmsəddin Kuzəçi yaxınlaşdıqca, Sinanın böyüklüyünü daha artıq dərk etdikcə bu fikrə gəlmişdi ki, gərək Kərkükdə onun heykəli qoyula idi, çünki Əta Tərzibaşı, Əbdülvahid Kuzəçi, Sinan Səid kimi şəxsiyyətlər yüzillərdə bir dünyaya gəlirlər.
...Sinan Səiddən bir yığın fotolar da qalıb. İndi o fotolar da danışa bilir. Sinanın Bakı dövrünün fotolarını bir-bir qaldırdıqca həm də onun Azərbaycan ziyalı mühiti ilə necə qaynayıb-qarışmasına şahid kəsilirəm. Şəkillərdən mənə baxan o insanların heç birisə sadə adamlar deyillər, içərisi onlarla həmahəng olmayanı əsla bunca yaxınlarına buraxmazdılar. Bu fotolarda Nazim Hikmət də var, rəssam İsmayıl Axundov da, pianoçu Fərhad Bədəlbəyli də, yazıçı Süleyman Rəhimov da, bəstəkar Fikrət Əmirov da.
Fikrət ustad Sinanın qızının piano müəllimi imiş.
Bunu Şəmsəddin bəyə Sinanın qızı Əməl özü danışıb. İkisinin birgə piano dərsləri keçərkən çəkilmiş şəkilləri də var. Əməl atası ilə bağlı xatirələrində yazır ki, gedərdim Fikrət Əmirovgilə, mənə dərs verirdi. Bağdada gəldiyi əsnada onu qonaq etdik, arada vaxt tapıb Bağdadda akademiyaya da gəldi, çalğımı dinlədi, yenə tövsiyələrini etdi, dedi, istəyirəm görüm ki, hara çatmısan.
Bu da Sinan Səidi yaxşı tanımışların, indi artıq tamamlanmış olan yoluna və qoyduğu izlərə insafla baxanların qiymətidir ki, o, bir çevriliş etdi, İraqda televiziya işində, radioçuluqda, qəzetçilikdə inqilab yaratdı.
Onun Bağdad radiosunda hazırladığı verilişlər ümumxalq sevgisi qazanmışdı, onminlərlə sabit dinləyicisi vardı. Elə Bakı radiosundakı hamının səslənişini onillərcə səbirsizliklə gözlədiyi "Muğam saatı", "Bulaq", "Axşam görüşləri" kimi.
Canlı şahid Şəmsəddin Küzəçi təsdiqləyir ki, Sinanın "Həftənin kitabı" proqramı "bütün aydın türkmanları o saatda radioya kilidlərdi, hər kəs işini-gücünü buraxıb Sinan Səid səsinə qulaq verərdi, bu proqramlar sayəsində Sinan Səid türkman ziyalılarının könlündə taxt qurmuşdu.
Kərkükdə Sinanın yartdığı rəsm qrupu və onun davam edən ənənələri bu günə qədər də Sinan Səidin adı ilə bağlıdır, türkmanların çağdaş tarixinə qızıl hərflərlə həkk olunmuş diqqətəlayiq əməldir.
Yönəldiyi hər sahədə həm yüksək peşəkar olduğundan, həm də bulunduğu hər yerdə özünü fəda etdiyindən, işə bağlanaraq cani-dildən çalışdığından həmişə nəticələri də könülaçan olub. Ancaq bunların fövqündə Sinan Səidin daha bir vacib özəlliyi də vardı. Onun hər addımına yüksək vətəndaş mövqeyi xas idi və gördüyü hər işə milli vəzifə kimi yanaşması da Sinanın daxilindən gələn təbii hiss idi.
Jurnalist idi, qəzetdə işləmək onun peşə vərdişi idi, amma gəlmişdi "Yurd" qəzetinə və 1972-ci ilin iyununda yazdığı məqaləsində bu işə sadəcə qəzet buraxmaq deyil, missiya kimi yanaşdığını bəyan edirdi. İşin avandlığından bunların hamısını özü yazıb və bizim ondakı bu məziyyəti fəhmlə yozmağımıza da lüzum qalmayıb: "Keçən sayımızdan başlayaraq "Yurd" qəzetində çalışmaq və bu sahədə yurdumuz və millətimizə xidmət etmək şərəfi yaşadığımız bu əhəmiyyətli və sorumlu mərhələdə bizə nəsib olmuşdur. "Yurd"da çalışmaq 25 illik bir qəzetçilik sevdasından və bu yolla övladı olduğumuz gözəl yurdumuza yararlı olmaq arzusundan irəli gəlməkdədir. Qəzetçilik peşəsi sadə bir iş deyildir. Onda qalmış bu iş bizim özəl şərtlər və imkansızlıqların çərçivəsində daha çətindir.
Çox gözəl deyib babalarımız: "Tək əldən səs çıxmaz".
Yolunu indinin ucalığından seyr edirkən təsdiqləməli olursan ki, Sinan Səid tək canı ilə də bir güllə bahar düzəltməyə qadir olanlardanmış.
İnsana, ən yaraşan abidəni özündən dəqiq, heç bir ən usta heykəltəraş da düzəldə bilməz. Hər insanın ömrü elə bəlli bir zaman içərisində yaşayaraq özünə yaxşı, yaxud yaman heykəl yapmaqdan ibarətdir.
Sinan Səid də öz abidəsini çoxdan ucaldıb. Onun heykəli yazdıqları, oxuduqları - avazında bizə yadigar qalanlar, yetirmələri, şagirdləri, solmaz əsərləridir.
Dünyadan gedən Sinan Səidin ardınca sənətçi, yazar, qəzetçi Ömər Sabir Türkmənoğlu belə ağı deyirdi:
Bu gecə sənin gecən, şeir-sənət gecəsi,
Musalla, Şaturlunun bəstələnən hecası.
Qalx dikəl torpaq altdan, ey xocalar xocası,
Qalx, səslən, bir də söylə,
ah, nə gözəl demişlər,
Yazıq, sən tək uzmanı,
dün torpağa vermişlər...
Ey sənət dünyamızın sönməz, yanar çırağı,
Ey nəşr dünyasının dimdik duran bayrağı,
Ey rəngli tabloların alı, yaşılı, ağı;
Bu süs, bu rəng,
bu ahəng barmaqlarından çıxmış,
Ağıllı qafandakı nemətlər necə çoxmuş!
Şəmsəddin Kuzəçi vaysınır: "Sinanı düşünürkən mən həm də çox üzgünəm. Niyə üzgünəm? Hər halda dünyanın qədəri budur. Bir insan öldükdən sonra qiyməti ortaya çıxır. Həyatda ikən kimsə Sinan Səid üçün bir tədbir etmədi, bir mükafat vermədi, qayğısına qalmadı. Dünya elə əvvəldən belə olub. İnsan həyatdaykən bəzən heç yada da düşməz. Amma dünyasını dəyişdikdən sonra başlayırlar aramağa ki, mənim onunla şəklim vardı, hardadı, onun səs yazıları, kitabları vardı, hara qoymuşam? Neyləmək ki, insan oğlunun belə vəfasızlıqları da var".
...Sinan Səidin Azərbaycan radiosunda çalışdığı illərdə Televiziya və Radio Verilişləri Komitəsinin sədri olmuş və bu ziya ocağının usanmaz qurucularından şair Ənvər Əlibəyli ilə Sinan Səidin xoş münasibətləri varmış. 1968-ci ilin yaz günlərindən birində Ənvər müəllimgilə qonaq gəlir. Deyir ki, artıq müddətim başa çatır, Bağdada qayıdacağam, dissertasiya müdafiəm bir az ləngiyir, getməyimin vaxtı ona bağlıdır. Odur ki, gəldim hər ehtimala qarşı sizinlə sağollaşım.
Sanki ürəyinə damıbmış ki, qarşıdan əbədi ayrılıq gəlir, elə həmin ilin mayında Ənvər Əlibəylinin ömür yolu qəfilcə qırılacaq, Sinansa müdafiəsini növbəti ilin yayında edəcək, hələ buralarda il yarımdan da çox qalası olacaq. Ancaq 1968-ci ilin ilıq aprel günlərində, ürəklərin arzularla, sabaha ümidlərlə dolu çağlarında bütün bu həqiqətləri bircə Allah bilirdi.
Şam edirlər, çay süfrəsi açılır, birdən necəsə Sinanın nəzəri tavandan asılmış təzə büllur çilçırağa yönəlir. Qeyri-ixtiyari dillənir ki, Ənvər müəllim, maşallah, nə gözəl çilçırağınız var, elə özü bir evin yaraşığıdır.
Ənvər Əlibəyli oğluna üz tutur: "Şahin, sayğacı söndür ki, çilçırağa elektrik gəlməsin". Hamı təəccüblənir. "Bu dəqiqə çilçırağı sökəcəyəm. Sinan az sonra vətəninə qayıdacaq. Belə çilçırağı haradan tapacaq?! Ürəyinə yatıb, qoy aparsın, bu da məndən ona yadigar qalsın, hər axşam evində işığı yandıran kimi Bakı, buradakı dostlar yadına düşsün". Sinan tutulur: "Ay Ənvər müəllim, söz idi dedim, çilçırağı niyə sökürsünüz? Sağlığınıza qismət, lap versəniz də, mən o boyda dəm-dəsgahı burdan ora nə təhər apara bilərəm ki!"
Ənvər müəllim israr edir: "Yox, mütləq sökəcəyəm, sən də aparacaqsan. Bunun üzdən belə iri görünməyinə baxma, bütün hissələri ayrılır, yığacağıq qutuya, olacaq balaca yük, rahatca da aparacaqsan, qoy Azərbaycandan sənə yadigar olsun, hər gün bu çilçıraq evində yananda məni də yad eləyərsən".
Sinan başlayır "etmə-eləmə" deyə yalvar-yaxara, Ənvər Əlibəylini çilçırağı sökmək qərarından güc-bəla daşındıra bilir.
1970-ci ilin əvvəllərində Sinan Səid Azərbaycandan çilçıraqsız getdi. Ancaq özü ilə yüz çilçırağınkından artıq işıq aparmışdı. Bir az Ənvər Əlibəyli işığı, bir az Rəsul Rza işığı, bir az Həmid Araslı işığı, bir az Nəbi Xəzri işığı, bir az Abbas Zamanov işığı, bir az Fikrət Əmirov işığı...
Bakıdan apardığı bu işıqlara qovuşan öz işığı orada - İraqda Sinan Səidi elə parladacaq ki, o işıq bugünədək yetişəcək və sabahlar boyu da saçılmaqda davam edəcək.
2 oktyabr 2024