
FİDE Ukrayna əsilli qrossmeyster Kiril Şevçenkonu 2025-ci il yanvarın 1-ə kimi bütün yarışlardan kənarlaşdırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Şevçenkonun ötən il 5 qat İspaniya çempionu Pako Valyexo ilə ikinci dövrədə qazandığı qələbə zamanı etdiyi qeyri-qanuni hərəkətləridir.
Belə ki, Rumıniya yığmasının şərəfini qoruyan Şevçenkonun Valyexo ilə oyun zamanı tez-tez ayaqyoluna getməsi və orada xeyli ləngiməsi çoxlarında şübhəli gəlib.
Sonradan xadimənin ayaqyolundan tapdığı telefon şübhələri daha artırıb. Telefonun üstündə belə bir qeyd yazılıbmış: "Toxunmayın! Telefon gecə cavab verəcək qonaq üçün bura qoyulub!"
Kağızdakı xətlə Şevçenkonun xəttini tutuşduran hakimlər kağızda olanları onun yazdığı qənaətinə gəliblər. Gerisi isə məlumdur.
Qeyd edək ki, Şevçenko günahını boynuna almasa da, ona verilmiş pul mükafatını geri qaytarmağa etiraz etməyib.
L.Tağıyeva



