|
|
|
|

Tehran Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələri İsrailin hücumuna, ABŞ-ın iqtisadi basqılarına qarşı qəti addımlar atmağa və çoxtərəfli ticarət sahəsində məhdudlaşdırıcı tədbirlərə qarşı əməli tədbirlər görməyə çağırıb. Bu çağırışla ŞƏT-ə üzv ölkələrin Hökumət Başçıları Şurasının 23-cü iclasında İran nümayəndə heyətinə başçılıq edən İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabak çıxış edib. Nazir Atabak bildirib ki, İran İslam Respublikasının yeni hökuməti qonşuluq siyasətinə üstünlük verərək, region dövlətləri, o cümlədən, ŞƏT üzvləri ilə davamlı inteqrasiya aparmağa çalışacaq. Bunun üçün İranın öz imkanlarını tərəfdaşları ilə bölüşməyə hazır olduğunu da bildirib.
İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabak ŞƏT-ə üzv ölkələrini İsrail və ABŞ-a qarşı birgə addımlar atmağa çağırdığı bir zamanda, xarici işlər naziri Abbas Əraqçi bölgə ölkələrinə səfər edib. Paytaxt Əmmanda iordaniyalı həmkarı Ayman Safadi ilə danışıqlar aparan Əraqçi İsrailin dayandırılması üçün kollektiv fəaliyyətə ehtiyac olduğunu vurğulayıb. İordaniya kralı II Abdullah ilə görüşdə də iranlı nazir ən mühüm regional məsələlər və hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
İordaniya ilə yanaşı, Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omana da səfər Ərdaqçinin səfər proqramına daxildir. İran xarici işlər nazirinin bölgə ölkələrinə səfəri İsrailə qarşı ittifaq yaratmaq cəhdi ilə yanaşı, həm də İsraillə hərbi qarşıdurmaya "tam hazır" olduqlarının mesajını verməyə çalışır.
Mehr Xəbər Agentliyi və ingilisdilli gündəlik "Tehran Times"ın daxil olduğu Mehr Media Qrupunun baş icraçı direktoru Məhəmməd Mehdi Rəhməti Çinin Urumçi şəhərində keçirilən 6-cı Dünya Media Sammitində çıxışı zamanı deyib ki, Pekinin "Bir kəmər, bir yol" təşəbbüsü bölgə ölkələrinin mədəni və iqtisadi əməkdaşlığı gücləndirmək üçün bir fürsətdir. Çinin Sinxua Xəbər Agentliyi tərəfindən təşkil edilən qlobal media sammitində çıxışı zamanı Məhəmməd Mehdi Rəhməti bildirib ki, bu təşəbbüs təkcə iqtisadi faydalarına görə deyil, həm də mədəni və insan mübadiləsi üçün bir fürsət olduğuna görə vacibdir. Məhəmməd Mehdi Rəhməti Qərbin "Bir kəmər, bir yol" təşəbbüsünü tənqid etməsini dünya nizamının Şərqin xeyrinə dəyişməsi ilə izah edib.
Bütün bu çıxış və açıqlamalardan çıxan nəticə ondan ibarətdir ki, İran sürətlə müttəfiq axtarışındadır. Bu zaman ən çox diqqət çəkən müttəfiq kimi Çin önə çıxır. Tehranın Çinə yönəlməsinin ən əsas səbəbi Pekinin İranın bütövlüyünü birmənalı dəstəkləməsi, bölgədə sərhədlərin dəyişməsinin qəti şəkildə əleyhinə olmasıdır. Tehranla Pekinin İsrailə qarşı eyni mövqedə olmasının səbəbi də budur. Buna görə də Tehran İsrailə qarşı mübarizədə Pekinin fəal dəstəyinə və müttəfiqliyinə ümid bəsləyir.



