
İtaliyalı sörfinqçi İndoneziyada, Mentavay adası yaxınlığında qılınc balığın zərbəsindən sonra həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sudan tullanan qılınc balıq 36 yaşlı Culiya Manfrininin sinəsinə dəyib.
Şahidlərin köməyilə təcili xəstəxanaya çatdırılan qadına mümkün tibbi müdaxilələr edilsə də, nəticə verməyib. Həkimlərin rəyinə əsasən qılınc balığın onun sinəsində açdığı 5 sm-lik dəlik ölümcül olub.
Qeyd edək ki, qılınc balıq Sakit, Hind və Atlantik okeanı sularında yaşayır. 4,5 metrə qədər uzunluğu olan bu balıqlar sürətlərini 100 km/saata qədər çatdıra bilirlər. Qılınc balıqların dəfələrlə yüksək sürətlə kiçik qayıqları zədələdikləri faktları məlumdur.
Yeri gəlmişkən, bu balığın "sayəsində" ilk ölüm faktı 2015-ci ildə Havay adalarında qeydə alınıb. Həmin vaxt qılınc balıq balıqçının ölümünə səbəb olmuşdu.
L.Tağıyeva



