Evinin divarından nəfis bir xalça asılmışdı. O xalçanı xalçanın Habili olan nadir bir sənətkar toxumuşdu. "Toxumuşdu" sözü əslində bu məqamda heç yerinə də düşmür. Çünki o, həmin xalçanın çeşnisinin də müəllifi idi, üstündəki şəklin rəssamı da özü idi və ilmə-ilmə əvvəldən-sonacan toxuyan da özü idi. Əlbəttə, köməkçiləri vardı, verərdi, onlar bu ustadın özündən də tez toxuyardılar, o da bu xalçaya sərf etdiyi gücü başqa işlərə yönəldərdi. Onsuz da işlər bolluğundan başını qaşımağa macalı yoxdu. Lakin istəmişdi ki, özü toxusun. Çünki əks təqdirdə dostuna hədiyyə etmək istədiyi bu əsər heç vəchlə ürəyindən olmayacaqdı.
O xalça adı Azərbaycanın sənət və elm tarixinə (bu ifadə nə qədər yıpranmış olsa da, təkrarlayım) qızıl hərflərlə yazılası Lətif Kərimovun əsəridir. Ona görə Lətif Kərimovu sənət və elm tariximizin nadirlərindən hesab edirəm ki, o, bir tərəfdən mahir xalçaçı idi, yaratdığı naxışlar qədər toxuculuğu da bənzərsiz idi, digər tərəfdən də, Azərbaycanda xalça elminin əsasını qoyan müstəsna bir şəxsiyyət idi.
Lətif Kərimov dostu Habil Əliyevin çalğısına elə məftun idi ki, xalça toxuyanda da, əyləşib bir yazısını başlayanda da otağında Habilin kamanı ahəstəcə səslənərdi. Deyərdi ki, Bəxtiyarın işi asandır, qələmi götürür, Habil haqqında ürəyindən keçəni tökür kağıza, toxtayır. Mənsə sakitləşmək, Habilin sənətinə məhəbbətimi axıracan göstərə bilmək üçün gərək neçə min ilmə vuram.
Və minlərlə ilmə vuraraq bir "Habil xalçası" doğurmuşdu ki, bu da onun şeiri idi. Bəxtiyar müəllim də o xalçanı görəndə Habil müəllimə yarızarafat-yarıciddi etiraf etmişdi ki, Lətif məndən yaxşı yazıb. Məhz şair həssaslığı və sərrastlığı ilə duymuşdu ki, bu əsərə "toxudu" demək olmaz, elə bu da şeir yazmaq kimi bir könül işidir.
Hər əsəri muzeylər bəzəməli olan Lətif Kərimovun bu xalçası yalnız bir evdə görünməkçün toxunmuşdu. Hazır olunca özü bu sovqatını Habilin evinə gətirmişdi. Ancaq ürəyinin dərinliklərində hər halda, yəqin ki, əmin idi - gün gələcək, bu xalça bu mənzildən çıxacaq, hökmən hansısa muzeydə insanlarla görüşəcək.
Lətif ustad sanki yarışa girişərək Bəxtiyarı da o xalçaya gətirmişdi. Özünü yox, sözünü! Şairin Habil haqdakı şeirindən bir bəndi də bu xalçada toxumuşdu. Ən insaflı qiyməti də elə ikisi də gözəl olan bu şeirlə xalçaya baxandan sonra Bəxtiyar Vahabzadə özü vermişdi.
Əlbəttə, o qiymətvermədə təvazökarlıq da var, ancaq həqiqət izi də olmamış deyil.
Habil, ay insafsız, ürəyimizi
Yandırıb-yaxırsan, qəsdin nədir, nə?
Niyə yandırırsan atəşsiz bizi,
Bu haqqı kim verib, kim verib sənə?
Bəxtiyar bu sualı verəndə o sualın cavabını özü çox yaxşı bilirdi. Agah idi, bu haqqı Habilə Allah verib. Pərvərdigar bu ixtiyarı ona verib ki, insanların ürəyini yandıraraq o ürəklərin dərinindəki adamı oyatsın.
Elə böyük Rəsul Rza da ümumən kamançaçılığı insanda insan oyatmaq kimi mənalandırırdı.
Həmin o məşhur xalçanın böyründə Habil müəllimlə oturmuşduq, söhbət edirdik, maqnitofon lentindən eşidilən həmin səs indi mənə bunların lap təzəlikcə baş veridiyini söyləsə də, sərt reallıq silkələyib oyadır. Daha nə Habil qayıdacaq, nə bir də həminki gün. Heç illər öncənin yadigarı bu lentə də etibar yoxdur. Barı bunları indi, vaxtkən yazılaşdırmaq lazımdır ki, it-bata düşməsin.
Bu günlərdə Habilin kürəkəni, Ustada qayınatadan daha çox elə doğma atası kimi ehtiram bəsləyən, xatirəsini yaşatmaq üçün hər zəhmətə qatlaşmağa hazır olan İlhamdan soruşdum ki, indi Habil müəllimgildə qalan varmı?
Nə qədər ki Şərqiyyə xanım sağ idi, uşaqlar hər gün, günaşırı ora baş çəkirdilər, sanki elə Habil də diri kimi idi. Adamlar gedəndən sonra evlər də yetim qalır.
İlham elə gözlədiyimi dedi. Hərənin öz ev-eşiyi, qayğıları, hərdən sadəcə evə hər şeyin qaydasında olub-olmadığına əminlik üçün baş çəkirlər.
O xalça da, Habilin kamançaları da, boş qalan otaqlar da bir vaxtlar buranı nəfəsi ilə dolduranlardan ötrü qəribsəyir.
Bunları yazıram, o otaqlar keçir xəyalımdan, ürəyim sıyrılır...
...O gün Habil müəllimlə söhbətimi bir qadın haqqındakı düşüncələrdən başlamışdım.
Əvvəlimizdə də, axırımızda da bir qadın həmişə var.
Aralıqda olanlar ayrı söhbətdir.
Həyat elə qurulub ki, daha zəif, köməyə daha çox ehtiyac duyduğumuz uşaqlıq çağlarında da, get-gedə taqətsizləşərək ixtiyarlaşanda da qadına möhtacıq - kiçikkən anamıza, xəzana doğru yaxınlaşdıqca ömür-gün yoldaşımıza.
Habilin birinci mələyi anası Nisəxanım olmuşdu, sonuncusu Şərqiyyə xanım.
Bu sözümü Habil müəllimin öz sağlığında, filarmoniya səhnəsindən, hər ikisinin orada olduğu axşamda bir neçə yüz insanın qarşısında açıqca demiş olduğumdan, arxayınam ki, arxasınca danışmaq sayılmaz və Sənətkarın da ruhu məndən inciməz.
O vaxt söyləmişdim ki, Habil kimi əri olmaq fəxrdirsə, xoşbəxtlikdirsə də, Şərqiyyə xanım kimi zövcəsi olmaq da ikiqat bəxtiyarlıqdır. Çünki varlığı yalnız gözəl musiqi ifa edib yeri düşəndə də zarafatlaşmaqdan ibarət olmayan, həm də yetərincə diliacı, səbirsiz, tez özündən çıxan, deyingən Habilə bir ömür boyu dözmək hər qadının işi deyil. Demişdim ki, Şərqiyyə xanım qəhrəman qadındır, səbirlilik mücəssəməsidir. Çünki həmişə güzəştə getməyi bacarıb, odun üstünə su səpməyə hazır olub, bununla da onillər boyu həm Habilini qoruyub, həm də ailəni.
Habilsə dəyişməmişdi. Cavanlığında necə olmuşdusa, o cür də qalmışdı. Mən ki ev adamı idim, bəlkə yad adam olsaydı, bir az özünü yığışdırardı. Bir də görürdün adi bir söz üstündə başladı Şərqiyyə xanımla deyişməyə. Şərqiyyə xanım adamını tanıyırdı, bilirdi ki, tutalım, televiziyada hansısa verilişdə hansısa xoşagəlməz epizod görüb, naqolay söz eşidib, əsəbiləşib, indi Habil hirsini kiminsə üstünə tökməlidir, odur ki, Habilin əsib-coşmasına bənd olmurdu, keçirdi öz boş yerinə - mətbəxdə qurdalanırdı. Handan-hana qayıdıb gəlirdi, hiss edirdim ki, Habil müəllim peşmandır, fürsət axtarır ki, nə şəkildəsə Şərqiyyəsinin ürəyini alsın.
Beləcə bütöv ömrü yaşamışdılar və son ucda artıq Şərqiyyə xanım onunçün həm ana idi, həm bacı idi, həm sirdaş, dərddaş, həm də ömür-gün yoldaşı.
O gün Habil müəllimlə söhbəti anasından səbəbsiz yerə başlamamışdım. Çünki elə anası Nisəxanım da vaxtilə ona həm ana, həm ata, həm bacı, həm könül həmdəmi olmuşdu.
Necə deyib, o cürə yazıram. Anasından bəhs edir, sevgi ilə danışır, ancaq bal verən arı sancmayınca dincəlmədiyi kimi, Habil də yüngülvari olsa da iynələməsə, dediyini sanki özünə halal edə bilmir: "Anam özü deyirdi ki, bircə dənə əri olub, o da mənim atam. Amma mən onu dəqiq bilmirəm. Çünki ataların sözü var ki, "gördüyünə inan". Mən özümdən əvvəlki vaxtları nə təhər görə bilərdim? Rafael müəllim, mənə çətin suallar vermə, sən Allah. Açılar tökülər mən kiməm, rüsvay olaram".
Baxın ki, çoxdan dünyadan köçmüş anasının xatirəsiylə indi belə zarafatlaşan Habil onunla sağlığında necə şuxluqlar edirmiş. Çünki Habildəki zarafatcıllıq damarı elə anasından gəlirdi, Habil belə olanda gör o rəhmətlik necə itisözlüymüş və bir-biri ilə atmacalaşanda yan-yörədəkilər necə uğunub gedirlərmiş.
Ciddiləşib davam edir: "Nə bilim, vallah. Anamı bütün Ağdaş rayonunda hamı tərifləyir. Bütün arvad, uşaq, kişi hamısı ona hörmətlə Nisəxanım xala, Nisəxanım bacı deyib. Ağdaşda onu ağbirçək kimi qəbul ediblər. O, hansı qapıya gedirmişsə, orda bir sözü iki olmazmış. O qədər xətirli-hörmətli, ağıllı arvad olub".
Bu cür şirin-şirin gəlib axırda sözünə bir çimdik istiot qatmasa, o, Habil olmazdı ki!
"Amma elə ağıllı arvadın oğlu gəlib olub musiqiçi. Yeganə qüsuru bu idi".
Habil Əliyevin çalğısı, ifa ustalığı haqqında sırf musiqişünaslıq yanaşmaları ilə müəyyən əsərlər yazılıb, yəqin ki, gələcəkdə də bu ecazkar irsi təhlil edərək peşəkarcasına araşdırmalar aparacaqlar. Lakin musiqi elminin nəzəri əsaslarına cikinə-bikinə qədər vaqif olan ən qabil tədqiqatçı da heç vaxt Habilin kamançasındakı, Əhsənin tarındakı, Həsrətin, Ələfsərin balabanında-zurnasındakı yanğının əsl gizlincini sona qədər aça, bu ifalardakı şifrlənmiş narın qüssənin sirrini axıracan anlaya bilməyəcəklər. Çünki həmin çalğıların canına hopmuş xəfif kədər o çalğıçıların ömründən gəlir, bu səslər əslində onların ömür boyu yaşadıqlarının sızıltılı əks-sədalarıdır.
Habil hansı ömrü yaşayıbsa, çalğısı da odur.
Uşaqlığı bir uşaqlıq olmadı. Onun öz söhbətlərindən əvvəl bunu uşaqlıq illəri 1941-1945-ci illər müharibəsi dövrünə təsadüf etmiş anamın, dayımın xatirələrindən bilirəm. Aclıq, qəhətlik, ətrafda dərd-qəm, ah-nalə, ağlaşma, göz yaşı.
Bunlar ömründən keçirsə və sonra musiqiçi olursansa, o ağlaşmaların hıçqırtıları da, o ahların ürək qarsan istisi də, o göz yaşlarının yandıran duzluluğu da sənin duyğularına və ömrünə hopur.
"Bizim dövrümüz çox pis idi. Mən gözümü açdım, alman müharibəsi başladı. Uşaq idik, camaata qoşulub çox gözəl aclıq keçirmişik. Amma dözməyənlər çox oldu. Çox şükür Allaha, biz dözümlü imişik, dözdük o aclıqlara. Acından qırılan o qədər ailələr oldu ki. Amma bizim ailə, Allaha çox şükür olsun ki, elə mənim anamın ağıllılığından, tədbirliliyindən o imtahandan salamat qurtardıq. Evdə pula gedən nə vardısa xırıd elədi, ta yorğan-döşəyin üzünə qədər çıxartdı satdı ki, uşaqlar ölməsin. Ona da qalan var-dövlət biz olduq. Allaha çox şükür olsun ki, sonra da bizim yaxşı günlərimizi görüb rəhmətə getdi. Gördü ki, yaxşı yaşayırıq, artıq evimiz-eşiyimiz, adımız-sanımız, şöhrətimiz var. Bunları görəndən sonra getdi, arxayın getdi".
Habil ustaddan anasının onun çalğılarını radiodan-televiziyadan eşidib-eşitmədiyini, dinləyəndə necə qarşıladığını, necə sevindiyini, nə təhər qürrələndiyini xəbər alıram. Elə bil ki, bu sualı eşitmir, vermədiyim ayrı bir sualı cavablandırır və bu mənə çox ləzzət edir, çünki o cavabda Habil sənətinin hansı köklərdən qida almasının sirri gizlənib. Deyir ki, hərdən Ağdaşa yolum düşəndə qonşuluğumuzda Nəcabət arvad vardı, onunla rastlaşardım, oxşayıb-əzizləyərdi məni, qonşu qadınların yanında deyərdi ki, Habilə mən qurban olum, nə təhər ağlayıram, elə də çalır".
Habili həyat uşaqkən kişi eləmişdi, əlinə pul erkən gəlmişdi, ancaq onu müvazinətindən çıxara bilməmişdi. Evin balaca kişisi olmaq məsuliyyətini layiqincə daşımağı bacarmışdı.
"Anam məndən razı idi. Daha doğrusu, lap çox razı qaldı. Çünki beş manat, üç manat hər nə pul qazanardımsa, hamısını gətirib ona verərdim. Sonra ondan icazə alardım ki, mənə 30 manat lazımdır, 50 manat lazımdır. Fağır deyərdi ki, ay bala, öz pulundur da, götür apar. Deyərdim, yox, sən ver. Biz bu cür ana-balalıq eləmişik. Onunçün məni çox istəyərdi".
Elə bilirsiniz Habilin anasından, uşaqlıq illərində başına gələnlərdən, qonşularından bunları yaza-yaza niyyətim sizi onun həyat yolunun təfərrüatlarından agah etməkdir? Yox, mən Habilin adının birləşdiyi "Segah"dan yazıram, o "Habil Segah"ının içərilərini açıram.
"Bir gün oturdum ki, xatirələrimi yazım. Əslində mənim yazmaqda heç vaxt əlim olmayıb. Allahın adicə məktubunu yazmağa ərinərdim. Anam da həmişə məktub yazmamağımın üstündə məndən küsərdi. Ancaq başladım xatirələri yazmağa, elə bil Allah Özü mənə güc verirdi. Yazırdım, arada dirənirdim, qələm getmirdi, götürürdüm kamançanı, bir az çalırdım, sanki kamança özü danışıb yadıma çox əhvalatları salırdı. Mənim içimdə çox hadisələr var. Musiqi də içəridən gəlir. Həmin o əhvalatların altından çıxıb gəlir. Ona görə mənim çalmağımda lirika çoxdur".
Dava illərinin insanları sınağa çəkdiyi, ələkdən keçirdiyi, çətin güzəranın naqislikləri, daxildə gizlənmiş xıltları üzə çıxardığı ağır əyyamlarda şahidi olduğu bu nisgilli hekayəti Habil sonra "Şur"damı əritmişdi, "Bayatı-Şiraz"damı, ya "Şüştər"də, bəlkə "Çahargah"da. Amma ola da bilsin ki, zərrə-zərrə elə çalmış olduqlarının hamısında.
"Sovet hökuməti ilə Finlandiya müharibə edirdi. O illər mənim yadıma gəlir. Bakıda mənim bir qohumum yaşayırdı, daha dəqiqi, yeznəmin bacısı - Turac xala. Onun bir qonşusu olub, atanın-ananın bir dənə oğlu, göndəriblər əsgərliyə. Finlandiya davası qurtardı, ardınca Almaniya ilə müharibə başladı. Bu cavan yeddi il əsgərlikdə olur. Özü də, görünür, mənim kimi tənbəl imiş, məktub yazmırmış, ata-ananın da gözü yollarda qalıbmış. Axırda əllərini üzüblər ki, yəqin, uşaq həlak olub ki, bundan bir xəbər olmadı, bu iki müharibədən sağ çıxa bilməz. Xülasə, müharibələr sona çatır, sovet hökuməti o vaxt əsgərlərə göstəriş verirmiş ki, Almaniyada, aldığımız şəhərlərdə evlərdə paltar-filan nə varsa hamısını yığın göndərin arxa cəbhəyə, ananıza-bacınıza. Çünki burda da vəziyyət çox ağır idi. Bu minvalla həmən oğlan da, atanın-ananın bircə balası, sən demə, sağmış və o da həmin göstərişdən sonra başlayır əlinə keçəndən yığmağa ki, qayıdanda gətirdiyi sovqatlarla valideynlərini sevindirsin. Dediyim kimi, bu hadisəni mənə Turac xala danışmışdı. Bir gün gəldim gördüm bunun gözləri yaşlıdır. Soruşdum ki, Turac xala, nədir, gözlərin qızarıb, elə bil ağlamısan sən. Dedi ki, hə, ağlamışam və başladı bu əhvalatı nağıl eləməyə. Dedi ki, bəs bizim qonşunun yeganə oğlu 7 il fin və alman müharibəsini keçəndən sonra qənimət götürdüyü pal-paltar, qiymətli şeylərdən yığdığı beş çamadanla qayıdıb gəlir. Küçədən evlərinə dönən darvazanın ağzında Ruslan kişi adlı bir pivəçinin köşkü vardı. Oğlan dayanır burda, Allahına şükür edir ki, nəhayət, gəlib çıxdım ev-eşiyimə. Ruslan kişidən bir parç pivə istəyir. Kişi buna zəndlə baxır, soruşur ki, bəs sən filankəsin oğlu deyilsən? Təsdiq edir ki, bəli, düz tapıbsınız. Bu cavan minaya düşübmüş, üz-gözü zədələnibmiş, tanınmaz haldaymış. Kişi qayıdır ki, çox dəyişmisən, səni heç tanımazdım, elə bu tərəfə dönməyindən şübhələnib soruşdum ki, bəlkə bizim qonşunun oğlu olmuş olasan. Qoy mən yüyürüm gedim ata-ananı muştuluqlayım. Oğlan onu saxlayır ki, yox, deməyin, çoxdandır məndən xəbər yoxdu, qəfildən deyərsən, sevincdən ürəkləri dayanar. Özüm üsulluca deyərəm.
Uzun sözün qısası, özü gedir, qapılarını döyür, atası açır qapını, tanımır bunu. Deyir ki, əmi, mən yoldan ötənəm, icazə verərsizmi qatar vaxtına qədər sizdə qalım, bir az dincəlim, bərk yorğunam, çamadanlarımda yaxşı şeylər var, mən də yaxşılığınızın əvəzində sizə hədiyyə verərəm. Kişi deyir ki, gəl, oğul, gəl. Bu keçir içəri, çamadanlarını da qoyur bir tərəfə. Dəhlizdə çarpayı varmış, kişi buna bir adyal da verir ki, olanımız budur, varın verən utanmaz, bürün, yat. Oğlan da yol yorğunu, elə başını qoyan kimi dərin yuxuya gedir. Kişi arvadını çağırır ki, gəl bu çamadanlara bax, gör bunun içində nələr var? Gəl bunun başına bir dənə balta vuraq, qaranlıq düşəndə hambal İmranı da çağırım, axşam aparıb meyitini dənizə tullayaq. Kişi, kim kimədir! Ancaq bu çamadanlarda əməlli-başlı var-dövlət var, bizi bir müddət yağ-bal içində yaşadar, yoxsa ki, it zülmü çəkirik. Arvad dirəşir ki, mən bacarmaram. Kişi israr edir ki, burda nə var axı. Xorhaxorla yatır, dünyadan xəbəri yoxdur, baltanı da təzəcə itilətdirmişəm, ülgüc kimidir, vuran kimi yerində qalacaq. Yenə qadın nəm-nüm eləyir ki, vallah, mən qorxuram, bacarmaram, özün elə. Kişi deyir ki, yaxşı, mən gedim bir-iki qab pivə içim, ürəklənim, gəlim özüm işə əncam çəkim. Kişi gedir pivəni içməyə, Ruslan kişi, həmin pivəsatan deyir ki, qonşu, gözün aydın, oğlun gəldi əsgərlikdən. Deyir, sən nə danışırsan? Deyir, bəs bilmirsən, gələn əsgər sənin oğlundur. Kişi çığıra-çığıra yüyürür evə. Qapını açır girir içəri, baxır görür ki, arvad əlində qanlı balta dayanıb, oğlanın başı da yerdə. Artıq ana vurub başını kəsib oğlunun.
Turac xala danışırdı ki, bunlar heç biri, nə ata, nə ana söz deyə bilmirdilər, onlarınkı ağlamaq da deyildi, ulayırdılar, o qədər çığırmışdılar ki, səsləri də batmışdı, tutqun, boğuq səslə bircə "ayy-oyy" bağıra bilirdilər.
Ayaq üstə, diri-diri ölmüşdülər".
...Allah adil Allahdır, insaflı Allahdır. Bir yandan alanda, bir yandan verir. Habil erkən yetim qalmışdı. Həbs olunmuş atasını ölüm ayağında olanda buraxmışdılar ki, həm başqalarını da yoluxdurmasın, həm də türmədə ölən məhbus sayını artırmaqdansa, gedib evdə keçinsin. Türmədə vur-tut 9 ay yatıbmış, ancaq elə dustaqlığı başlayan kimi "qulaq" damğası vurulmuş zavallı Mustafa ağır xəstəliyə düçar olubmuş. Habilin 5-6 yaşında olduğu dövrdən yadında qalan ata surəti onda mehrdən, doğmalıqdan daha artıq vahimə, qorxu yaratmışdı. Danışırdı ki, həbsxanadan elə vəziyyətdə gəlmişdi ki, bilmirdin ölüdür, ya diridir. Heyi kəsilmişdi, bir dəri, bir sümük qalmışdı.
Ancaq Pərvərdigar bir ayrı səmtdən heç gözlənilmədən elə qapı açmışdı ki, bu, artıq taleyin üzə gülməsi idi. O qapı açılmışdı ki, bu cılız uşaq sabahın Böyük Habili olsun.
Ağdaşda musiqi məktəbi açılır və Habilin atasının dayısı oğlu Bilal Muradovu həmin məktəbə direktor təyin edirlər. Ancaq Habil üçün bəxt qapısının açılması nə Ağdaşda musiqi məktəbinin fəaliyyətə başlaması idi, nə də yaxın qohumlarının orada müdir olması. Bu yoxsul ailəni çalıb-oxumaq yox, doyunca yeyib-içə bilmək düşündürürdü və balaca Habil də gücü çatan bir işin qulpundan yapışmalı idi ki, ailənin dolanışığına az-çox kömək edə bilsin.
Ağdaşda musiqi məktəbi yaradılmağına yaradılmışdı, ancaq buranı işlətmək, yaxşı dərs verə bilməkçün mütəxəssislər də lazım idi. Odur ki, Əhməd Ağdamskini həm təcrübəli müğənni, həm yaxşı tarzən kimi yollamışdılar ki, Ağdaş musiqi məktəbini ayağa qaldırsın. Bu vəzifəni layiqincə yerinə yetirməkçün Əhməd bəyin digər imkanı da bu idi ki, Bakıda dağ kimi doğmaca xalası oğulları vardı - Üzeyir bəylə Zülfüqar bəy. Həqiqətən, sonrakı illərdə Ağdaş musiqi məktəbinin təminatına onlar bacardıqları köməkləri əsirgəmədilər və bunun da bəhrəsini yalnız Ağdaş deyil, həmin musiqi məktəbində ətraf rayonlardan gəlib təhsil alan çoxları gördülər.
Əhməd Ağdamski Ağdaşa ailəsi ilə gəlmişdi və hələ ki sığınası bir bucağı yoxdu. Adının yanındakı "Ağdamski" təxəllüsü sonra ailəsinin soyadına çevrilsə də, Əhməd bəyin həyatı elə Ağdaşla bağlı oldu və əslində ömrün təzə mərhələsini başlayandan sonra ona Ağdaşski nisbəsi daha artıq yaraşardı. Uşaqları orda böyüdülər, orda ev-eşik sahibi oldu, o, Ağdaşı, aşdaşlılar onu sevdilər.
Ancaq hələ buralarda oturuşacağı, el-obayla qaynayıb-qarışacağı günlər uzaqda idi, Ağdaşa yenicə gəlmişdi, heç kirayənişin qalıb haqq ödəməyə pulu da yoxdu.
Musiqi məktəbinin direktoru Bilalın ərki qohum-əqrəbadan başqa kimə çatası idi ki?! Bilirdi ki, Nisəxanımgilin bir boş otaqları var. Əhməd bəyi köçlü-külfətli gətirir ora.
Az müddətdə Əhməd bəy yerli camaatla isinişir və Habil müəllim xatırlayırdı ki, yerli musiqiçilər hər gün Əhməd bəyə baş çəkməyə gələr, ondan məsləhətlər alar, çalıb-oxuyardılar. Elə bunları görə-görə də Habildə musiqiyə maraq oyanır.
"Heç yadımdan çıxmaz. 6 yaşım var idi. Hey ağlayıb anama yalvarırdım ki, mən də tar çalmaq istəyirəm. Bunu görən Əhməd müəllim anamdan nə üçün ağladığımı soruşur. Səbəbini öyrəndikdə isə deyir ki, hələ kiçikdir, qoy bir il keçsin, baxarıq. Yenə də kirimədiyimi görən anam məni səhər məktəbə aparır. Bilalla Əhməd müəllim məsləhətləşərək məni yoxlamağa başlayırlar. Baxırlar ki, hansı səsi göstərirlərsə, səsimlə həmin səsi təmiz tuturam. Bu minvalla məktəbə kamança üzrə qəbul olunuram".
Habili tar yox, kamança sinfinə ona görə götürmüşdülər ki, arıq, sısqa uşaqdı, sinəsində tar saxlamağa gücü çatmayacaqdı. Əhməd bəy öz oğlu Telmanı da lap kiçikkən elə həmin səbəbdən kamança sinfinə yönəltmişdi.
O illəri xatırlayan Habil müəllim söyləyirdi ki, musiqi məktəbi şagirdlərini rayon tədbirlərindəki konsertlərdə də çıxış etməyə aparırdılar. Çıxırdım səhnəyə, kətildə oturanda ayağım yerə çatmırdı.
Bunu deyirdi, sanki dünəndən dalınca ona doğru əsən hüznlü xatirələrdən xilas olmaqçün dərhal salırdı zarafata: "Amma indi stulda oturanda nəinki ayaqlarım yerə çatır, hətta bir az da artıq qalır".
"Mənsuriyyə"ni çoxları oxuyub. Biz biləni, son əsr yarıma yaxın vaxtda Məşədi İsidən, Hacı Hüsüdən, Cabbardan, Məşədi Məmməddən, Şəkili Ələsgərdən üzü Alim Qasımova və indinin lap gənc xanəndələrinəcən "Mənsuriyyə"yə istedadla can-qan verənlər yüzlərlə olub. Amma Yaqub Məmmədovun oxuduğu, Habilin tək kamança ilə müşayiət etdiyi bir "Mənsuriyyə" də var ki, hamını valeh edib və hətta "Bundan yaxşısını oxuyan olmayıb" deyənlər də tapılıb.
Həmin lent yazısı isə nə xüsusi hazırlıqdan, gərgin məşqlərdən sonra yaranmışdı, nə də ovqatın xüsusilə duru vaxtında.
Bunu mənə Yaqub da danışmışdı, Habil də. Heç o "Mənsuriyyə" fondda saxlanmaqçün da yox, elə sadəcə bir dəfə verilişdə səslənməkçün bir təsadüf nəticəsində lentə alınıbmış. Sovet əyyamlarında teleradioda tərkibində tanınmış bəstəkarları, şairləri, ifaçıları birləşdirən bədii şura vardı. Radionun səsyazma evində ayrı-ayrı musiqi parçaları yazılır, sonra həmin bədii şurada təsdiqləndikdən sonra fonda düşürdü. Hansı musiqi nömrəsinin hansı təyinatla yazıldığı da irəlicədən müəyyənləşdirilirdi. Elə ifalar olurdu ki, radioda çox dəfə səsləndirilməkdən ötrü yazılırdı və adətən bir nüsxə olurdu. Dönə-dönə efirə verilib zədələnəndən, artıq istifadəyə verilməyə uyğun gəlməyəndə o lentlər fonda salınmış olsalar da, silinirdi. Lakin "qızıl fond"a daxil edilməsi nəzərdə tutulan lentlər də vardı. Bunlar yazılan kimi surəti çıxarılırdı. Fonotekada lentin əsli həmişəlik saxlanılır, ondan çıxarılan surətsə efirə verilirdi. Efirdəki lent köhnəlib sıradan çıxmaq halına yetişincə yenə orijinaldan növbəti surəti çıxarırdılar. Bir də vardı xüsusi məktubla, ayrı-ayrı redaksiyaların xahişi ilə hansısa verilişlərdə bir dəfə efirə verilməkçün yazılan musiqi əsərləri. Bunların heç bədii şuradan keçirilməsinə də lüzum yoxdu. Bir dəfə səslənirdi, sonra pozulub gedirdi.
O gün Yaqub Məmmədovla Habil Əliyev Azərbaycan Radiosunun indiki Əbdülkərim Əlizadə küçəsində yerləşən Səsyazma Evində (o zamanlar bura Fioletov küçəsi idi, köhnə musiqiçilər əski yaddaşla elə indi də həmin Səsyazma Evini keçmişdəki ünvanla adlandırırlar) rastlaşmasaydılar, Habilin də kamançası yanında olmasaydı, heç bu inci də yaranmazdı. Özləri də yorğun-arğınmışlar, sanki vəziyyət də yazılış ehtimalını sıfra endirirmiş. Kim görüb ki, haçansa "Mənsuriyyə" tarsız, bircə kamança ilə oxuna?! Ancaq cəhd edirlər, məşqsiz-filansız, Yaqub haqdakı verilişdə bircə dəfə səslənib sonra pozulması üçün çalıb-oxuyurlar, yox yerdən bir sənət gövhəri yaranır, onu pozmağa heç kəsin əli gəlmir, əksinə, rəsmiləşdirərək salırlar "Qızıl fond"a.
Sanki sırf gözlənilməzliklərin üst-üstə düşməsindən yaranmış bu "Mənsuriyyə"yə sadəcə uğurlu təsadüflərin bəhrəsi deməkdən başqa çarə qalmır.
Amma yüz minlər və milyonlarla insanı heyran etmiş və edən, hələ gələcəkdə də saysız musiqi, muğam aşiqini ovsunlayacaq heç bir gözəl əsər, şəxsən mənim qənaətimcə, Tanrının iradəsi olmasa yaranmaz.
Bizə üzdən təsadüf kimi görünənləri ortaya çıxarmaqçün Xudavənd-i Aləm illərcə, bəzən onillərcə, hətta yeri düşəndə yüzillərcə tədarüklər görür.
Elə Habil Əliyevlə Yaqub Məmmədovun doğurduğu o möcüzəni hamınınkı etməkçün İlahi onillər qabaqdan iş qururmuş və zəncirin obiri başından xəbərdar olanda barmağını dişləyirsən ki, Göydəki Kişi hər şeyi əvvəlcədən dəqiqliyi ilə nə sayaq ölçüb-biçibmiş.
1941-ci il, müharibə başlanır. Bəla hər tərəfdən gəlir. Bir yandan yeniyetmə Habilin xəstə atası canını tapşırır, obiri yandan böyük qardaşı cəbhəyə yollanır, bu biri tərəfdən də anası və özündən kiçik dörd bacı-qardaşının ağırlığı çökür onun hələ belə ağır yükü daşımağa əsla hazır olmayan çiyinlərinə. Hələ ki çörək ağacı kimi baxacağı tək ümid yeri kamança idi. Kamança ilə də təkbaşına nə qazana bilərdi ki.
Bir dəfə anası onu kolxoz bazarına soğan almağa göndəribmiş. Muğam oxuyan bir gəncin yeməkxana tərəfdən gələn səsi onu özünə tərəf çəkir. Yaxınlaşır, başlayır hayıl-mayıllıqla qulaq asmağa. Tarda bir ağsaqqal çalırdı, xanəndə isə onun özü yaşda imiş. Habil az sonra öyrənəcək ki, tarçalan Gülablı Həmiddir, oxuyansa Yaqub Məmmədov. Yeməkxananın müdirinin gözü gendən Habili tutunca onu çağırır ki, yaxşı gəlmisən, bunların kamançaçalanı yoxdur, get kamançanı gətir, qoşul bunlara.
Habil müəllim o günlərin hekayətini mənə söyləyəndə həmin hadisələrdən 70 ildən də çox keçirdi: "O gün Yaqubla tanış olduq. Həmid kişini yola saldıq, Yaqubla gəldik bizim evə. Mənim çalğıma qulaq asandan sonra Yaqub qayıtdı ki, bizə heç tarçalan lazım deyil, mən oxuyaram, sən çalarsan, elə bazardakı o yeməkxanada çalıb-oxuyub pul qazanarıq. Ancaq mən orda çalmağa utanırdım, bunu Yaquba da dedim. Qərara aldıq ki, gedək Göyçaya. Bir az orda çalıb-oxuyandan sonra ordan da baş aldıq Basqala. Basqalın mərkəzində yekə bir çinar ağacı vardı, altında da yeməkxana. Oranın müdiri dedi ki, hər gün burda çalıb oxuyun, mən də sizə hər gün adama bir piti verərəm. Razılaşdıq. Hər gün orda mən çalardım, Yaqub oxuyardı, o qədər adam yığışardı ki, oturmağa yer olmazdı". Sonra İsmayıllıya getdik, ordan da dikəldik Kürdəmir sarıya. Konsert məkanımız hər yerdə yeməkxanalardı. Çalıb-oxuyurduq, yeməkxana sahiblərinə sərfəli idi ki, müştəriləri artırdı, bizimçün münasib idi ki, havayı yeməyimizi verirlər, üstəlik də, yeməkxanaya gələnlər cibimizə üçdən-beşdən qoyurdu. Əslində çox adamın cibində heç zad yox idi. Ancaq tək-tək də olsa, pul verənlər tapılırdı, bu da bizə bəs edirdi. Ailəmizə çörəkpulu aparırdıq, bizdən böyükləri də, kiçikləri də dolandırırdıq".
Nə qədər ki müharibə gedirdi, toy-düyünlər yoxdu, elə gözlərini dikdikləri yer yeməkxanalar idi. Ancaq dava bitincə, oğullar əsgərlikdən evlərinə qayıtmağa başladıqca gah o həyətdə, gah bu məhəllədə şadlıq məclisləri qurulurdu, artıq Yaqubla Habil də ad çıxarmışdılar, deyib-gülüb şənlənmək istəyənlərin yadına birinci onları dəvət etmək düşürdü. Onları da qaraçı uşaqları zənn edirdilər. Habil də, Yaqub da özləri mənə bunu da söyləyiblər ki, qulağımız eşidə-eşidə bizi qaraçı balaları kimi qələmə verirdilər, canımızın dərdindən səsimizi çıxarmırdıq ki, açıb-ağardarıq, bizdən inciyərlər, dəvət də eləməzlər.
Ətraf rayonlardakı bu qastrollarından sonra Ağdaşa qayıtmağı qət edirlər: "Anam bizi həyəcanla, təşviş içərisində qarşıladı ki, a bala, hardasınız? Qulağımız dəng olub. Hər gün sizin ardınızca gəlirlər, toya dəvət eləyirlər".
Əslində fikirləri bu imiş ki, Ağdaşa gələndən sonra Yaqub bir neçə gün qalıb Qarabağa getsin, Habil də, əvvəlki kimi, həm teatrda, həm musiqi məktəbində işləsin. Ancaq "Sizi toylardan ötrü axtarırlar" xəbərindən sonra ayrılmayaraq hələ bir müddət də bahəm çalışmağa qərar verirlər.
Bu minvalla Yaqubla Habil daha 3 il yoldaşlıq edirlər və həmin müddətdə də Yaqub Habilgildə yaşayır.
İndi gördünüzmü bədahətən yarandığını düşündüyünüz "Mənsuriyyə"ni araya-ərsəyə gətirməkçün hazırlıqlar haçan başlayıbmış, necə gedirmiş?!
...Habildə daimi bir etirazçılıq, barışmazlıq vardı. O qədər ki, hətta hərdən-hərdən özünə qarşı da qalxırdı, öz içərisinə də sığmırdı. Yəqin, bu xasiyyətin sahibi olmasaydı, çərçivələri qıraraq özünün belə möhtəşəm və təkrarsız sənət dünyasını da qura bilməzdi.
Ancaq bütün etirazçlığına, bir çox hallarda hətta kəskin tənqidi baxışlarına rəğmən, o, hesab edirdi ki, dedikləri azdır, haqsızlığa qarşı daha uca səslə danışmalı, əyər-əskiklərə qarşı daha sərt olmalıdır. Ürəyi istəyən kimi olmadığı üçün bəzən özünə kinayə də edirdi.
Uşaqlıq illərinin, qardaşı Qabillə eyni vaxtda Ağdaşda musiqi məktəbinə getdiyi günlərin əhvalatını yada salırdı. Qabil tar sinfinə gedirmiş, Habil kamança. Bir gün müəllim onlara tapşırır ki, Ağdaşın kitab mağazasında not dəftərləri, not əsərləri var, onlardan alsınlar, növbəti dərslərdə lazım olacaq. Atalarına deyirlər, o da alıb gətirir. Bir neçə gün sonra işdən yorğun gələn ata uşaqlarını çağırır ki, o gün mənə kitablar aldırmışdınız, gətirin görək nə öyrənibsiniz, necə çalırsınız. Əvvəl Habil başlayır, birbarmaq-birbarmaq çətinliklə çalır. Sonra Qabil tarı götürür, not kitabını qoyur qarşısına, başlayır kitaba, səhifələrdəki not yazılarına baxa-baxa sürətlə çalmağa: "Atam başıma bir qapaz vurub dedi ki, fərsizin birisən, görürsən qardaşın necə çalır, sən niyə çalışmırsan, sən də elə çalmağı öyrən! Deyə bilmədim ki, qardaşım kitaba baxsa da, ağzına gələni çalırdı. Qardaşımı satmayacaqdım ki! Məcbur qalıb susdum, atamın mənə haqsız yerə cəza verməsinə dözüb səsimi çıxarmadım. Ancaq bir şey yaxşı oldu ki, heç olmazsa bunun sayəsində haqsızlığa dözməyi öyrəndim".
Bu, Habilin daha bir kinayəsi idi. Uşaqlığından barışmaz, dözməz, qəliblərə sığmaz olmuşdu, sonacan da belə qaldı. Hərçənd hər dəfə ondan "Necəsiniz?" soruşduğumda "Hələ ki dözürəm" deyirdi, amma bu cavabın özü artıq elə dözməmək demək idi.
O, yolunun lap əvvəlindən elə azmanları görmüş, elə ustadların tərbiyəsini almışdı ki, yalnız saf, yüksək sənəti qəbul edirdi və ülgülərdən hər növ sapmalara qarşı güzəştsiz idi.
Habil haqq olduğuna inandığı sözünü həmişə dedi. Səhnədən də, efirdən də, dost-tanış arasında da. Buna görə başının ağrıdığı da oldu, əziyyət çəkdiyi də. Bu xasiyyətinə görə ondan inciyənlər də tapıldı, küsənlər də, ona yağı kimi baxanlar da. Ancaq neyləməli ki, başqa cür ola bilmirdi. Başqa cür olsaydı, o, Habil də olmazdı, bu cürə çala da bilməzdi.
26 oktyabr 2024