İsveç Təbiəti Mühafizə Cəmiyyəti İsveç hökumətini iqlim dəyişikliyi hədəflərinə nail olmağa imkan verəcək siyasət yürütmədiyi üçün Avropa Komissiyasına şikayət edib.
525.az APA -ya istinadən xəbər verir ki, cəmiyyət Avropa Komissiyasını İsveçin bu istiqamətdəki fəaliyyətləri ilə bağlı rəsmi araşdırma aparmağa çağırıb.
“Bütün dünyada daşqınlar olduğu bir vaxtda, İsveç hökuməti buna emissiyaları artıraraq cavab verir. Bu sadəcə məsuliyyətsizlik deyil, həmçinin Aİ qanunun pozulmasıdır. Ona görə də biz hökumətin destruktiv siyasəti ilə bağlı Aİ-yə hesabat təqdim edirik”, - deyə cəmiyyətin sədri Beatris Rindeval bildirib.
Cəmiyyətin iqlim dəyişikliyi üzrə fəaliyyət göstərən vəkillər qrupu ilə birgə hesabatında qeyd olunub ki, hökumətin 2023-cü ilin dekabrında təqdim etdiyi iqlim siyasəti ilə bağlı fəaliyyət planı İsveçin iqlim dəyişikliyi hədəflərinə nail olması üçün heç bir istiqamət müəyyənləşdirmir.
Qeyd olunub ki, hökumət istixana qazlarının emissiyalarının azaldılması, meşələr tərəfindən karbonun udulmasının artırılması, enerji səmərəliliyi və bərpa olunan enerjinin payının artırılması kimi məqsədləri nəzərdən qaçırıb.