Bu gün "Gazelli Art House”da Latviyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə rəssam Elnarə Nəsirlinin “Meşənin pıçıltısı - Səsin sehri” adlı sərgisi açılıb.
525.az xəbər verir ki, sərginin açılışında çıxış edən Latviyanın səfiri Edqars Skuya layihə barədə məlumat verib. Diplomat deyib ki, layihə üzərində bir müddət idi ki, iş gedirdi.
“Bu sərginin ideyası hazırda olduğumuz məkanda reallaşıb. Ağacların, bitkilərin öz aləmi və səsləri var. Biz xüsusi instalyasiyaları vasitəsilə bunu yaratdıq”, - səfir söyləyib.
Qeyd olunub ki, sərginin əsas məqsədi musiqiləri əks etdirən səs texnologiyasındaninnovativ istifadə vasitəsilə Latviya və Azərbaycan meşələrinin zəngin biomüxtəlifliyini nümayiş etdirməkdir. İncəsənət və elmin bu unikal birləşməsi hər iki xalqın ətraf mühütə necə böyük önəm verdiyinin göstəricisidir.
Səfir, həmçinin 2026-27-ci illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlükdə Latviyanın namizədliyini dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışı zamanı qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi probleminin həllinə böyük önəm verən ölkədir və bunun sübutu COP29 qlobal konfransının ölkədə keçirilməsidir. O, tədbirin dünyanın ekoloji problemlərinin həllinə verəcəyi mühüm töhfələri diqqətə çatdırıb.
Əməkdar rəssam Səbinə Şıxlinskaya vurğulayıb ki, sərginin məqsədi natural və süni yaradıcılıq anlayışlarına dair düşündürücü suallar barədə fikir mübadiləsi aparmaqdır.
Sərginin müəllifi Elnarə Nəsirli deyib ki, burada təbiətin insanla əlaqəsi göstərilir: “Biz Azərbaycan və Latviyadan gələn səsləri toplayıb bu sərgidə təqdim edirik.
Bitkilərin elektrik siqnallarını götürüb musiqiyə çeviririk. Bu şəkildə insanlar bitkilərin gücünü və enerjisini tamamilə fərqli hiss edə bilərlər”.
Sərgi ictimaiyyət üçün 1 fevral 2025-ci il tarixinədək açıq olacaq.
Pərvanə Sultanova