Hər xalqın sıra-sıra andları var. Andlar bir xalqın ruhunun, mənəviyyatının, özlüyünün ifadəsidir. Andlar insanın vicdan, Tanrı qarşısında vədidir. Gözəl dilimiz sadəcə "and söyləmək", "and vermək" yox, "and içmək" deyir. Yəni and su kimi insanın bütün varlığından keçir, qan kimi insanın damarlarında axır.
Və çoxlu andlar arasında bir and da var: yola içilən and.
İnsan ömrü boyu yollardan keçir. Həyatımız da elə uzunlu-qısalı, enişli-yoxuşlu yollar deməkdir. Yol sınaqçıdır, məhək daşıdır. Bu düşüncə təsadüfən yaranmayıb - soruşanda qardaşın necə adamdır, cavab verirlər yol yoldaşı olmamışıq.
Bir var tək-tək adamların keçdiyi cığırlar, bir də var bütöv millətin qət etdiyi yollar. Azərbaycan xalqı var olduğu müddətcə, minillər boyu çox yollardan aşıb. Amma bu xalqın tarixində və taleyində əbədi qalacaq bir yol da var - Azərbaycanın 2020-ci il sentyabrın 27-dən başlanaraq 44 gün davam edən yolu! Elə bir yol ki, o yolsuz bu millət bütöv olmazdı. O yol Azərbaycan xalqının ləyaqətinin, vüqarının, iftixarının ifadəsinə çevrilən yol oldu. Elə yol ki, onun hər qarışına, hər addımına gələcək zamanların içərisində də biz daim ən müqəddəs dəyər kimi and içə biləcəyik. 44 gün davam etmiş o yol xalqımızın şərəf tarixindən hər zaman keçəcək, yurdun və millətin böyüklüyünün, əzminin ifadəsi kimi sabahlar boyu da bitməyəcək!
... Gələcəkdəkilər də Qarabağın başına gələnlərdən, tarixindən keçənlərdən agah olsunlar deyə ötən əsrlərdə sıra-sıra kitablar yazılıb. Onların əksərinin adı "Qarabağnamə"dir. Mir Mehdi Xəzaninin, Mirzə Rəhim Fənanın, Mirzə Yusif Qarabağinin, Həsənəli xan Qaradağinin və daha neçələrinin "Qarabağnamə"ləri bu gün masa üzərindədir. Oxuyuruq, Qarabağın dünənləri barədə bilgilər alırıq. O "Qarabağnamə"ləri, o salnamələri vərəq-vərəq açdıqca Qarabağın dünənlərini qarış-qarış gəzmiş kimi oluruq. Hətta əsərlərinə Qarabağın adını qoymayanlar da "Qarabağnamə"ni bir ayrı şəkildə yazıblar. Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" yazdı. Bu əsər ən qədim zamanlardan ta Gülüstan bağlaşmasına qədər olan Azərbaycan, Şirvan, Qafqaz tarixini təsvir edirdi, amma arada Qarabağa da çoxlu səhifələr həsr edilib ki, buna da "Gülüstan-i İrəm" içərisində ayrıca "Qarabağnamə" demək olar. Amma tarix boyu yazılmış "Qarabağnamə"lərin sırasına 2020-ci ildəki Qarabağ savaşı zamanında ayrı bir "Qarabağnamə" də əlavə edildi.
O köhnə "Qarabağnamə"lər bizə öyüd verir ki, dünəninizi bilin, keçmişinizdən agah olun, olub-bitənləri, başvermişləri yadda saxlayın. Amma bu yeni günün "Qarabağnamə"sini Azərbaycan əsgəri yazdı, tarixin səhifəsinə Azərbaycan Ordusu həkk etdi və keçmişlərdəki bütün "Qarabağnamə"lərimizdən seçilən bu son "Qarabağnamə" - Zəfər "Qarabağnamə"mizin ən vacib, bugünkülər və gələcəkdəkilər üçün ən ali dərsi ondan ibarətdir ki, tarixin elə bir anı gəlir, yurdun çıraqlarını sönməyə qoymamaq üçün canını qurban verməyi sən ən böyük səadət sayır, bununla da millətin bağrının başına yazılmaq haqqını qazanırsan.
...Hər ölkənin, hər xalqın öz şəhərləri içərisində xüsusən sevilən bir-ikisi hökmən olur. Əlbəttə ki, yurdun hər qarışı əziz, doğmadır. Amma elə şəhərlər var ki, onlara millətlər ayrıca, nəvazişli münasibət bəsləyir, digər şəhərlərdən onu sanki övladların sevimli kimi seçib ayırırlar.
Güneylilər üçün, bütün Azərbaycandan ötrü Ərdəbil də əzizdir, Xoy da, Zəncan da, Marağa da. Amma Təbrizin tamam başqa bir yeri var axı - Təbriz şəhərlər şəhəri, açar şəhər, rəmz şəhərdir. Bu tay Azərbaycanın Lənkəranı olsun, ya Salyanı, Qubanı götür, ya Naxçıvanı, yurdun Şamaxısına bax, ya Şəkisinə - əlbəttə ki, hər biri bizimçün əzizdir. Amma Gəncənin yeri bir ayrıdır. Gəncə həmişə Azərbaycanın ruh paytaxtlarından olub.
Qarabağın sıra-sıra şəhərlərinin hər biri sevimlimizdir, tarixən də çox istənilən olub, hərəsi ilə bağlı nə qədər tarixçələr yaşayır. Amma Qarabağın şəhərləri qatarında və otaylı-butaylı Azərbaycanın bütün şəhərləri arasında Şuşanın yeri məxsusidir. Azərbaycan insanı Şuşaya həmişə incə məhəbbət bəsləyib. Həm də orası var ki, Şuşanı ömründə bircə yol görməyənlər belə onun haqqında sadəcə uzaqdan-uzağa eşitməklə, surətini öz içərisinə hopdurmaqla bu yeri digər şəhərlərdən daha artıq seviblər. Amma Şuşasız qaldığımız, Şuşa göynəyi qəlbimizi daim incitdiyi 28 il ərzində bu şəhər bizə sanki əvvəlkindən ikiqat doğma, ikiqat munis, ikiqat əziz oldu.
Bir şəhər olaraq Şuşanın təməli 1752-ci ildə qoyulmuşdu. Pənahəli xan Cavanşir bu göyçək şəhəri Azərbaycan insanına həmin ildə bağışladı və salnamələrdə o il Şuşanın doğum tarixi kimi qeyd edildi. Amma Şuşanın bir başqa təvəllüd tarixi də var. 2020-ci ilin 8 Noyabrı Azərbaycan insanının qəlbində, düşüncəsində, yeni çağın salnamələrində bundan belə yalnız Zəfərimizin deyil, elə Şuşamızın da ikinci doğum günü kimi qalacaq.
Nə qədər xoşbəxtik ki, Şuşanın ikinci doğum gününün fərəhini yaşaya bilmək səadəti hamımıza nəsib oldu. O sevinci yaşaya bilməsəydik, bir millət olaraq biz bütöv olmazdıq.
Şuşanın azad olunması xəbərini qəlbindəki həyəcanlı məhəbbətlə Azərbaycan insanına çatdırmaq üçün Prezident İlham Əliyev Şəhidlər xiyabanına getmişdi. O gün artıq azadlığına qovuşmuş Şuşaya canlı bir insana müraciət edən kimi üz tuturdu. "Əziz Şuşa" deyirdi, bütün Azərbaycan kövrəlirdi. "Əziz Şuşa, sən azadsan!" deyirdi, bütün Azərbaycan qəhərlənirdi.
Azərbaycan insanları, yurdumuz, millətimiz o qəhərli sevinci yaşadığı anlarda dünyanın ən bəxtiyarı idi.
Kaş həmin xoşbəxtlik həmişə Azərbaycan insanı ilə qalsın!
...Dünyanın keçmişi yalnız quruculuqların, xoş günlərin tarixi deyil. Dünyanın dünənində bir-birindən müdhiş müharibələr də var. Elə müharibələr olub ki, illərlə davam edib, hansısa qısa çəkib. Ancaq istisnasız olaraq bütün müharibələr ağrı-acı gətirib, qaçılmaz itkilərlə başa çatıb. Dünyanın saysız müharibələri tarixində Azərbaycanın Qarabağ uğrundakı savaşı, 44 günlük müharibəmiz də həmişə qalacaq, bir örnək, dərslik olaraq yad ediləcək.
Bu müharibənin dərslərindən gələcək nəsillər də, yeni dövrlərdə savaş aparanlar da mütləq öyrənəcəklər. Amma həm də biz özümüz - gələcəyin azərbaycanlıları da o müharibənin dərslərindən vətənsevərlik, torpağa bağlılıq, xalqçılıq ibrətlərini alacağıq.
...Tələbəlik çağlarımı, 1970-ci illəri xatırlayıram. O vaxtlar mən Qarabağın sadiq patriotlarından olan və mənə çox əziz Nəsir bəy Cavanşirlə tez-tez görüşərdik. Nəsir bəy canlı, gəzən bir tarix idi. Qarabağın, illah da ki, Şuşanın keçmişindən elə maraqlı təfərrüatları danışırdı və həm də bunları elə şirin tərzdə nağıl edirdi ki, xəyalən qayıdıb düşürdün həmin günlərin axarına, Qarabağın məşhur insanları, məhəllələri, hadisələri gözünün önündən kino lenti kimi keçirdi.
Günlərin birində Nəsir bəy Cavanşir mənə bir döş nişanı göstərdi. Bu döş nişanı əslində Qarabağın 1843-cü ildə təsdiq olunmuş gerbi idi - yuxarı hissəsində qalxan və həmin qalxanın bir tərəfində alov dilimləri, o biri tərəfində pələng təsviri.
Nəsir bəydə gördüyüm, Qarabağın XIX yüzildəki gerbini əks etdirən həmin döş nişanını Azad bəy Əmirov hazırlatdırmışdı. Azad bəy Azərbaycanın ilk fizioloqlarından olub. O, XX əsrin əvvəllərinin bilikli, ötkəm, qəlp, saxta olanla barışmayan vətənpərvər ziyalılarından olmuşdu. Cavid yadigarı Turan xanım söyləyirdi ki, Azad bəy Əmirov onlara tez-tez qonaq gələrmiş. Turan xanım onu çox işıqlı bir insan kimi xatırlayırdı. Başına gələn bu əhvalatı Cavid əfəndiyə Azad bəy özü danışıbmış: dəhlizlə gedirmiş, bir nəfər yaxınlaşıb o dövrün üslubuna uyğun olaraq "Salam, yoldaş Azad", - deyir.
Həmin şəxs ifrat bolşevik düşüncəli, Azad bəyin döşünə yatmayan, dəmi gəlincə sancmaq fürsətini qaçırmaq istəmədiyi kəslərdənmiş. Azad bəy əvvəlcə gicgahına, sonra ürəyinə işarə edərək qayıdır ki, yoldaşlıq ya burayla olar, ya burayla - yəni ya düşüncə, ya ürəklə. Bizimsə nə o, nə də bu cəhətdən yaxınlığımız var.
Azad bəy belə barışmaz, sözünü üzə açıq deyənmiş. Bir zərgərə düzəltdirdiyi, üzərində Qarabağın gerbinin əks olunduğu döş nişanını görüb bəyəndikdən sonra haqqını ödəyərək rica edibmiş ki, bundan əlavə olaraq 10-15 nüsxə də hazırlansın. Həmin nişanları Azad bəy sonralar ən yaxın dostları və simsarlarına bağışlayırmış. Həmin tarixi döş nişanının, Qarabağ xanlığı gerbinin üzərindəki qalxan da, alov dilimləri də, sıçrayışa hazır pələng də 2020-nin payızında Şuşa uğrunda, Qarabağ yolunda döyüşən, Azərbaycanın işğal altındakı torpaqlarını xilas etməyə can atan igidlərimizin hər birinin varlığında idi. Hərəsi bir Vətən qalxanına çevrilmişdi, o günlərin içərisində hərəsi bir od dilimi idi, hərəsi qorxubilməz aslan idi, çarpışma meydanına atılmağa can atan pələng idi.
O 44 gün boyunca hər əsgərimiz od-alov olmasaydı, bir pələngə çevrilməsəydi, yurd və millət heysiyyətinin zirehinə dönməsəydi, bu zəfəri qazana bilərdikmi?
...Elə kitablar, elə sənədlər, elə kağızlar var ki, onları müqəddəs tutaraq əl basıb and içmək olar. Çünki bunlar sadəcə kitab, sadəcə sənəd, sadəcə kağız deyillər. Üzdən adi kağız kimi, cansız görünə bilən bu şanlı vərəqlər Vətən tarixinin qutsal parçalarıdır. Belə tarix şahidi bəlgələr sırasında ən qiymətli olanların bir qismi də dövlətçilik keçmişimizin əyani şahidləri olan fərmanlardır. Altında Şah İsmayıl Xətainin Səfəvi möhürü olan, içərisində "Sözümüz" kəlməsi həkk olunmuş fərmanlara iftixarsız baxmaq olmur. Pənahəli xan Cavanşirdən yadigar qalan fərmanların xətt gözəlliyi, zahiri cazibəsi, məğrurluq yağan məzmunu öz yerində, amma onların elə oçağkı dövlət iradəmizin qətiyyətindən soraq verən varlığı qürur doğurur. Bunlar keçmişimizin elə mötəbər və şərəf daşıyıcısı saxlanclarıdır ki, Azərbaycan insanında həmişə onlara nəvazişlə toxunmaq, qayğı ilə sığal çəkmək, əl basaraq and içmək ehtiyacı var.
Çünki onlarda dövlətçiliyimizin, keçmişimizin, Qarabağımızın tarixi var. Pənah xanın fərmanları ilə yanaşı, günümüzə onun "Gülləbatmaz köynəy"i də gəlib çatıb. Elə bu köynəyi də müqəddəs kimi öpmək, göz üstünə qoymaq, ona əl basıb and içmək mümkündür. Ən əvvəl ona görə ki, bu köynəyin üstündə gözoxşayan zərif nəstəliq xətti ilə "Quran" ayələri nəqş edilib. Digər tərəfdən, bu köynəyi zamanında Qarabağın baş sərkərdəsi Pənahəli xan Cavanşir döyüşlərə yollanarkən geyinərmiş. O köynəyə ona görə and içmək olar ki, bu libas Qarabağ uğrunda çarpışmaların şahididir. Rəvayətə görə, Pənah xan o köynəyi döyüşlərə gedərkən geyinər və inanarmış ki, əynindəki bu "zireh" onu yağı atəşlərindən hifz edəcək. Qoruyub da! Pənahəli xan yollandığı hər savaşdan zərrəcə xətər görmədən qələbə ilə qayıdıb, ona yönələn tüfənglərin hamısı yan atıb, həmin səbəbdən də Cavanşirlər nəslinin bu cəsur övladının, Şuşanın qurucusunun sadə mahud parçadan olan o libasına el "Gülləbatmaz köynək" adı verib.
2020-ci ilin soyuq payız günlərində Azərbaycan əsgəri sıldırım qayalarla Şuşanı azad etməyə can atırdı. Hər bir Azərbaycan əsgərinin əynində atəşlərə davamlı müasir qoruyucu canlıqlar vardı. Yalın, çılpaq qayalara dırmaşırdılar. İrəlidən güllə yağışı tökürdü. Lakin dayanmırdılar, irəliləyirdilər. Yaralanan yoldaşlarını yarı yolda buraxmırdılar, çiyinlərinə alırdılar, özləri ilə götürürdülər. O çağlarda - 2020-ci ilin sonlarında Fransanın məşhur "Le Monde" qəzetində dərc edilmiş bir yazıda Şuşadakı döyüşləri şəxsən izləmiş, o qarşıdurmalar əsnasında erməni hərbçilərinin yanında olmuş bir jurnalist yazırdı ki, mən heyrətə düşmüşdüm. Görürdüm ki, gətirilən əsgərlərin heç biri uzaqdan açılan atəş yarası almayıb. Hamısına atəş lap yaxından açılmışdı, yaxud da o yaralılar bıçaq yarası almışdılar.
Səbəb o idi - düşmən yuxarıda idi, bizim o yüksəkliklərə qalxaraq düşməni susdurmağa çalışan əsgərlərimiz aşağıda. Yuxarıda onların ağır texnikası, iriçaplı silahları vardı. Yuxarıdan aşağıya fasiləsiz güllə, mərmi yağmuru əndərilirdi.
Bizimkilərin oralara qalxmaq üçün heç yolları da yoxdu, alpinist kimi qayalara dırmaşa-dırmaşa yuxarı dikəlirdilər. Quşqonmaz Şuşa dağlarına yuxarıdan fasiləsiz çiləyən atəş yağmuru altında yüksələn əsgərlərimizin heç özləri ilə avtomat götürmək imkanı da yox idi. Dişi-dırnağı ilə yalçın qayalara dırmaşan əsgərə hər qram əlavə yük idi. Odur ki, onların üstündə ən zəruri və ən yüngül, uzaq başı tapança, bıçaq kimi silahlar vardı.
Mərd Azərbaycan əsgəri canını hər saniyədə ölüm təhlükəsi altında qoyaraq zirvələrdəki Şuşanı bu cür xilas edib.
Azərbaycan insanı azad Şuşada bundan sonra onillər, yüzillər boyu asudəcə gəzəcək, Şuşanın füsunkar gözəlliklərinin arasından keçib zövq alacaq.
Gözəlliklərdən feyziyab olduğunuz, ətrafınızdakı dinclikdən, rahatlıqdan ləzzət aldığınız o dəqiqələrdə həmişə bunu da düşünün ki, o gözəllikləri xilas etmək, o gözəllikləri təzədən bizə qaytarmaq, o gözəlliklərin yenidən bütün Azərbaycanınkı olması üçün Azərbaycan əsgəri bu dağlarda qanını axıdıb, şirin canını fəda edib, şəhid olub. O dağlarda bitən çiçəklərin üstündə, mamırlı qayaların köksündə onun damla-damla qanı donub qalıb.
O dağlardan keçəndə, o gözəllikləri seyr edəndə bu gün, sabah və bütün gələcək boyunca bunu qətiyyən unutmayın!
Unutmayın ki, həmin gözəllikləri seyr etmək, o saf havanı udmaq, o büllur bulaqlardan içmək ləzzəti də halalınız olsun.
Gəzin, dolanın, yaşayın, xoşbəxt olun, ancaq bunların sizinki olması üçün canını qurban vermişləri yaddan çıxarmayın, o igidlərin hər birini ürəyinizin döyüntüləri qədər yaxın bilin.
...Azərbaycan əsgəri Şuşa uğrunda çarpışanda etibarlı qoruyucu jiletlər - canlıqlar geyinmişdi. Heç birinin əynində, Pənah xanın olan sayaq, "Gülləbatmaz köynək" yox idi. Amma əslində hər bir Azərbaycan əsgərinin həm Şuşada, həm də Qarabağı xilas eləyərkən hər addımda - şəhid olanların da, qazilərimizin də bu gün yaşayaraq başucalığı olanların da, hər birinin əynində Azərbaycan xalqının ruhundan biçilmiş Dəyanət Köynəyi vardı ki, onun sayəsində bu zəfəri Azərbaycan xalqına qismət etdilər.
...Orta əsrlərdə yalnız bizdə deyil, dünyanın ən müxtəlif ölkələrdəki şəhərləri bir-birinə yaxın edən mühüm cəhət vardı. Onların əksəri qala divarları ilə əhatə olunmuşdu, səhərlər açılan, axşamlar kilidlənən giriş-çıxış darvazaları vardı. Orta əsr şəhərləri daha çox qala-şəhərlər idi və Şuşa qalası da qala-şəhər kimi yarandı. Pənahəli xan Cavanşir Şuşanı iqamətgah seçməzdən, buranı bir örnək şəhər kimi qurub-yaratmağa başlamazdan öncə Bayat qalasını qurmağa başlamışdı. Tapşırıqlarını vermiş, buranı necə görmək istədiyini söyləmişdi. Ancaq icraçılar nə qədər səy göstərsələr də, Bayat qalası Pənah xanın canına yatmamışdı. O, paytaxt kimi təsəvvür etdiyi Qala-Şəhəri daha möhtəşəm, düzəndə deyil, zirvədə görməyi umurdu.
Və çox keçmədi ki, o məkanı tapdı. Bu işdə ona Allah Özü kömək oldu. Çünki 1.600 metr hündürlükdəki QALAnı yaratmaq adam işi deyildi, bu, Pərvərdigarın gücündə olan quruculuq idi. İlahi artıq təməli qoymuşdu və həmin yeri seçəndən sonra Pənahəli xan Cavanşirin öhdəsinə düşən iş bu təbii Qalanı şəhərləşdirmək idi. Orta əsrlərin qala şəhərlərinin tikinti qaydasına uyğun olaraq buranın da dörd tərəfinə divarlar hörülməli idi. İnsan qüdrətlidir, o, Misir ehramları kimi təxəyyülü belə mat qoyan möcüzəni inşa edə bilib. Ancaq Şuşa şəhərini qurmaq ondan da artıq möcüzə istəyirdi. O qədər əlçatmaz ucalıqda, şiş qayalar üstündə şəhərin ətrafına 400 metrlik divarı tikə biləcək insan gücünü Xudavənd-i aləm hələ xəlq etməyib.
Odur ki, Allah haçansa qurulmasını lütf etdiyi Şuşa üçün tədarükləri öncədən etmişdi. Bu dağları, dərələri, bulaqları, meşələri, belə misilsiz təbiət gözəlliyini və avaz məlhəmi təmizdən-təmiz havanı, gülləri-çiçəkləri, çəmənlərə minillər qabaqdan "Ol!" demiş, ardınca da çox-çox gələcək əyyamlarda şəhərə çevriləcək şəhərə sıldırım qayalardan hasar çəkmişdi.
Şuşanı Tanrının Özü möcüzə-qala kimi vücuda gətirmişdi. Amma Pənahəli xan Cavanşirin də Şuşa quruculuğundakı ilk xidməti bu oldu ki, Pərvərdigarın yaratdığı o mütənasib məkanı yeni salacağı şəhər üçün məskən seçdi və elə görünüşündən, duruşundanca şeiriyyət yağan bu məkanı qəlbinin bütün məhəbbəti və səxavəti ilə şəhərləşdirməyə başladı.
Aradı, axtardı, soraqlaşdı, Qarabağda və yaxın ətrafda nə qədər bilgin insan, mahir usta, işinin sahibi olan sənətkar vardısa, hamısını Şuşaya cəm etdi. İstədi ki, Şuşa yalnız bir iqamətgah olaraq qalmasın, mədəniyyətin, mənəviyyatın mərkəzinə - başkəndinə, ülgülər təklif edən şəhərə dönsün. Ona görə də mükəmməl bir şəhərin koloritindəki əlvanlığı tam təmin etməkçün tacirindən tutmuş aliminə və şairinəcən, sənət və peşə sahiblərindən tutmuş vəzifə sahiblərinəcən ən yaxşıları, ən sanballıları bura toplamaqla kifayətlənmədi, müdrik ağsaqqalları da, baməzə adamların ən itisözlülərini də, hansısa məziyyətləri ilə bağlı el məclislərinə, toya-düyünə, kədərli mərasimlərdə məxsusi yeri ola biləcək seçmələri cəlb etdi.
Pənahəli xan - o aqil şəxsiyyət, nəzərləri çox uzaq sabahlara dikilmiş o böyük sərkərdə və dövlətçi illərcə çəkdiyi qurucu zəhmətlərin bəhrəsi olaraq niyyətinə çatdı və son olaraq Azərbaycan üçün daha heç vaxt birinciliyini itirməyəcək mədəniyyət, mənəviyyat paytaxtı yaratdı. Elə bir mədəniyyət və mənəviyyat paytaxtı ki, ordan Azərbaycana da, Yaxın-Orta Şərqə də həmişə işıq saçıldı, impulslar göndərildi, düsturlar ixrac edildi.
Molla Vəli Vidadi "Küll-i Qarabağın abi-həyatı nərm ünazik bayatıdır, bayatı" deyirdi. Qarabağ, onun əziz Şuşası Pənahəli xanın yaratdığı sağlam bünövrə sayəsində elə qurulmağa başlandığı çağlardan beləcə bayatı kimi nərmü nazik qəlbə yaxın oldu.
Bir milləti bəxtiyar, tarix içərisində başıuca edən ən uca nemət onun istiqlalı, dövlət müstəqilliyidir. XX yüzilin əvvəllərində Azərbaycana bu səadət nəsib oldu. Müstəqilliyin, azadlığın bayrağını qaldırdıq. 23 ay ömür sürsə də, onu şirinliyindən doymadan erkən itirsək, sonra 70 il həsrətini çəksək də, istiqlalın dadı damağımızda həmişəlik qaldı və hər bir azərbaycanlının daxilində ürək kimi döyündü. İstiqlalın bayrağı endirilsə də, 70 il onun həsrətini çəksək də, üçrənglimiz könüllərdə dalğalanmaqda davam etdi. O bayraq könüllərdə dalğalanmaqda davam etməsəydi, istiqlalımız, dövlət müstəqilliyimiz yenidən qayıtmazdı. 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etdik və istiqlalın çətin yolu ilə yeni zaman içərisində aşırımları adlaya-adlaya irəliləməyə başladıq. Lakin istiqlal yolu ilə addımladıqca, müstəqilliyin yeni fərəhli səhifələrini yazdıqca müdam içərimizdə bir nisgil də qövr edirdi - itirilmiş torpaqlarımızın acısı. Ona görə də müstəqillik dövründə məktəbə gedib dərs oxumuş uşaqların hamısının hafizəsinə qəmli tarixlər qonmuşdu - dərsliklərinin, hər gün açdıqları iş dəftərlərinin, gündəliklərinin sonunda müəyyən illər, aylar, günlər yazılmışdı və yuxarısında da "Diqqət", "Unutma" kəlmələri. Nəyi unutmasınlar? Həmin tarixçələr uşaqları çağırırdı ki, Şuşanın işğalı gününü, Laçının zəbt olunduğu günü yaddan çıxarmasınlar. Ağdamın, Qubadlının, Kəlbəcərin düşmən əlinə keçdiyi, Cəbrayılın, Zəngilanın, Füzulinin alındlğı tarixləri əzbər bilsinlər. Yeni dərsliklər nəşr edilirdi, yeni iş dəftərləri çap olunurdu, yenə hamısının son vərəqlərində həmin sarsıdıcı tarixlər. Nə qədər ağır olsa da, bunu etmək lazım idi. Millət keçmişinin elə günləri var ki, onlar unudulanda, yaddaşın alt qatına çökəndə milli şüur zədələnir. Millət olmağın bir yolu da məhz belə tarixləri yadda saxlamaqdan, içərində daşımaqdan keçir.
Və Azərbaycan nə xoşbəxtdir ki, o işğal günlərinin tarixi bizim üçün artıq keçmişdir. O zəbt günlərinin əvəzində biz artıq yaddaşımıza fəth günlərimizin tarixlərini yazmışıq.
Fəqət yadda saxlamalı, unutmamalı bir tarix də var: 2021-ci ilin 30 avqustu. Şuşadaydıq, Molla Pənah Vaqifin məqbərəsinin önündə. Molla Pənah Vaqifin məqbərəsi orda - Şuşada 1982-ci il yanvarın 14-də açılmışdı. İndi - 2021-ci ilin 30 avqustunda yenidən o məqbərə əvvəlki əzəmətindən də daha artıq bir əzəmətlə yüksəlirdi və bir yay günü idi. O yay gününün, o günəşin qızmarlığından daha artıq hərarət ora toplaşanların hər birinin könlündə idi. Azərbaycan aydınları - tanınmış bilim və qələm adamları, dövlət və sənət xadimləri toplaşmışdılar. Hamı bəxtiyarlıqla dolu idi. Bir azərbaycanlı üçün bunca həsrətlərdən sonra Şuşanın azad havasını udmaq, Cıdır düzündə addımlamaq, Vaqifin dikələn məqbərəsi önündə dayanmaqdan böyük səadət olarmı?! Hamımız bəxtəvər idik. Amma o insanların arasında hamıdan daha bəxtiyar olan Azərbaycan öndəri İlham Əliyev idi.
Bir dövlət başçısı, millət sərkərdəsi üçün öz vətəndaşlarının ləyaqətini qorumaq, onları bütün dünyanın nəzərində alnıaçıq, qürurlu edə bilməkdən böyük nə səadət ola bilər?!
Möhtəşəm Qarabağ zəfərinə çataq deyə illər uzunu Prezident İlham Əliyev müqtədir bir Azərbaycan Ordusunu qurmaq yolunda gecə-gündüz çalışdı. Mükəmməl bir ordunu yaratmağına yaratdı, lakin qarşı-qarşıya dayandığımız düşmən elə mənhus idi, onun arxasında elə əzazil və məkrli qara qüvvələr dayanmışdı ki, öhdəsindən bir ordu ilə gəlmək mümkünsüz idi - istənilən anda böyük zəfərimizi yarı yolda qoya bilərdilər. İkinci bir orduya ehtiyac vardı və ikinci qadir ordu da Prezident İlham Əliyevin özü oldu.
Dava gedişində, həmin 44 günlük şərəf savaşı dövründə dünyanın üzdən görünən və görünməyən xeyli siyasi qüvvələri ilə döş-döşə dayandı və bu qeyri-bərabər mübarizədə zəfərini çaldı. Prezident İlham Əliyevin Zəka və Qətiyyətinin ordusu ilə Silahlı Qüvvələrimizdən ibarət ordu əl-ələ, səs-səsə, ürək-ürəyə Azərbaycana Zəfər səadəti bağışladılar. Əlbəttə ki, o Qələbəni qazanaraq azad Şuşada, Qarabağın rəmzlərindən olan bir məqbərənin önündə dayanaraq millətinə üz tuta bilmək səadətinə çatmış dövlət başçısı gərək sadəcə xoşbəxt deyil, xoşbəxtlərin xoşbəxti sayıla!
İllər öncə, 1982-ci il yanvar ayının 14-də Vaqif türbəsinin açılışı zamanı bütün başverənlər lentə alınıb, tarixdə qalır. Günlərin birində əlimə nadir səs yazısı keçdi. Sən demə, həmin mərasimin ilk anından son anınacan başverənlərin hamısı səs yazısı olaraq qalırmış. Tarixi anların yadigarı olan həmin lenti dinləyirdim, gəlib çatdım axıra: yetişib o məqam ki, artıq qayçı götürüb lenti kəsməlidirlər, Vaqif türbəsi açılacaq. Görkəmli yazıçılarımız, qocaman ədiblər Süleyman Rüstəm, Mirzə İbrahimov unudulmaz Heydər Əliyevə deyirlər ki, lenti siz kəsin. Heydər Əliyev deyir, yox, siz yazıçısınız, onun davamçılarısınız, siz kəsməlisiniz lenti. Onlar yenə təkid edirlər ki, siz olmasaydınız, bu məqbərə də ucalmazdı, bu hadisə də baş verməzdi. Siz bu əsərin, Vaqifin qayıdışının əsas müəllifisiniz. Siz kəsməlisiniz. Heydər Əliyev yenə təvazökarlıqla deyir ki, çox təkid edirsinizsə, mən də bir tərəfdən lenti tutaram.
Könlü və ruhutoxluqla açılış lentinin yalnız bir kənarından tutmaq qədər qıraqda dayanmaq istəyən Heydər Əliyev həqiqətən o məqbərənin yaranmasına gətirib çıxaran yoldakı bütün hadisələrin tən mərkəzində dayanan olmuşdu. Qarabağda Vaqifi qəlbiləndirmək, Şuşada Vaqifin məqbərəsini ucaltmaq sovet dönəmində, erməninin qılıncının işlək çağlarında qətiyyən sadə başa gələsi istək deyildi. O dövrdə bu, bir mədəniyyət hadisəsindən daha çox ciddi siyasi məsələ idi. Ermənilərin Qarabağa iddiaları son iki əsr ərzində heç səngiməyib. Daim saman altından su yeridiblər, öz məkrli qəsbkar arzularını gerçəkləşdirmək üçün girəvə gəziblər, Moskva da dallarında durduğundan sözləri də çox yerdə keçib. Vaqifin məqbərəsinin Şuşada, Cıdır düzünə yaxın bir məkanda ucaldılması fikri hələ 1936-cı ildə ortaya çıxıbmış. Həmin il 18 metr ucalığında Vaqifin məqbərəsinin tikilməsindən ötrü hətta vəsait də ayrılıbmış, heykəltaraş Cəlal Qaryağdı layihəni də hazırlayıbmış və bütün işlər 1944-cü ilədək tamamlanmalı, Vaqifin abidəsi hazır olmalı, məqbərə açılmalı imiş. Lakin araya müharibə girir, sonrakı illərdə isə erməni asta-asta Dağlıq Qarabağda Kremlin dayaqdurması ilə daha artıq güclənir və Molla Pənahın heykəlləşərək Şuşaya qayıtmasının, məqbərəsinin ucaldılmasının qarşısında yüz cür maneələr yaradılır.
Məgər arxada qalan onillərdə Azərbaycana rəhbərlik edən insanlar istəməmişdilər ki, orda Vaqifin, ya digər Azərbaycan klassikinin abidəsi ucalsın? Əlbəttə istəmişdilər, bəlkə bu yolda çalışmışdılar da. Ancaq müvəffəq olmamışdılar. Bu məqsədə çatmaqçün istəmək az idi, bunu etmək üçün Heydər Əliyev kimi güclü, mətin, əzmli, Kreml səviyyəsində sözükeçər şəxsiyyət lazımmış.
Və 1982-ci ildə unudulmaz Heydər Əliyev neçə illər apardığı ardıcıl və tədbirli işin nəticəsində ən uca sərhəd dirəyimiz kimi Qarabağda - Şuşada Vaqifin məqbərəsini ucaltdı.
Amma 10 il keçdi və 1992-ci ildə ermənilər söykəndikləri mənhus güclərlə birgə Şuşanı işğal da etdilər, Vaqif məqbərəsini daşına-dəmirinəcən talan edib dağıtdılar.
Və 2021-ci ilin 30 avqustunda Vaqifin bayramı idi, bütün Azərbaycan sevinirdi, Qarabağ, Şuşa xoşbəxt idi ki, Molla Pənah qayıtmışdı. Vaqif məqbərəsi təzədən qurulmuşdu, böyük şair sanki yenidən həyata qayıdırdı, illər ayrılığından sonra yenə Qarabağ torpağında əzəmətlə ucalırdı.
Ən ülvi arzumuz, ən sonsuz ümidimiz, ən qəti inamımız da budur ki, o məqbərə Qarabağda - Şuşada - Cıdır düzündə bundan sonra bütün tarix boyu, indiki vüqarı ilə ucalmaqda davam edəcək.
...Qarabağı vəsf edənlər heç vaxt sadəcə Qarabağ deməklə dayanmayıblar, sevgilərini və heyranlıqlarını dolğunluğu ilə çatdırmaqdan ötrü "Qarabağ" sözünün qarşısına bir təşbeh də artırıblar - "Cənnət Qarabağ" deyiblər.
O cənnət Qarabağı, o göyçək Qarabağı müdhiş işğal dönəmində yağı viranəliyə çevirmişdi. Gözəllər gözəli Qarabağın kənd-kəsəyinin düşmən əsarətində qaldığı illərdə ömrü boyu daşı daş üstünə qoymayanlar imkan vermədilər ki, oralarda daş-daş üstündə qalsın, hər yanı xarabazara döndərdilər. Bu, azmış kimi, illərlə kirli caynaqlarında saxladıqları Qarabağı tərk edərkən olub-qalana da od vurub yandırdılar.
Vaxtın suları çox qəbahətləri yuyub aparır. Amma bunlar elə günahlardır ki, onları törədənlərlə əbədiyyət boyu qalacaq. Qalacaq və daim onları təqib edəcək, onlara məhşər əzabı verəcək.
...İnsan illərlə üzünü görmədiyi, həsrətini çəkdiyi doğmasıyla, əziziylə görüşərkən hansı hissləri keçirər? Mənim də ürəyimdən Qarabağla uzun ayrılıqdan sonra görüşərkən həmin duyğular keçirdi. Bir az ağrılı, bir az sevincli. Sevincliydi ona görə ki, həsrət bitmişdi, artıq Qarabağ mənimki idi. Ağrılı idi ona görə ki, sağa baxırdım, viranələr, sola baxırdım, xarabalıqlar - gözəl Qarabağı miskin kökə salmışdılar.
...Məhəmməd ağa Müctəhidzadə Qarabağın rəmzi olan adlardandır. O, XIX yüzilin ikinci yarısı, XX əsrin birinci yarısında yaşadı və Azərbaycana "Riyaz ül-aşiqin" adlı qiymətli bir təzkirə yadigar qoyub getdi. Qarabağın ən üstün söz ustalarının şeirlərini, onların haqqında bilgiləri toplayaraq öz çağı ilə bizim günlərin arasında körpü olacaq bir kitab bağladı. Məhəmməd ağa Müctəhidzadə özü də şair idi və yazdıqlarının arasında bir "Qarabağnamə" mənzuməsi də qalır. Bu şeirində o, Qarabağı göyçək gəlin kimi öyərək onu xanlar məkanı, igidlər oylağı, gözəllər məskəni, şairlər ümmanı adlandırırdı.
Dirçəlməyə başlayan Qarabağa işğal bitəndən az sonra baş tutmuş səfərimdə Azərbaycanın bu yerlərin əsl sahibi olmasının təsdiqi kimi göz oxşayan hamar, rahat yoldan keçib gedirdik. Qısa bir zamanda viranəliklərin qoynunda salınmış gözəldən-gözəl bir yol. Ancaq sağa-sola baxdıqca yaddaşımda Məhəmməd ağa Müctəhidzadənin həmin Qarabağ mənzuməsinin son sətirləri sayrışırdı. Kədərli, amma həm də ümidli sətirləri. Mənzuməsindəki həmin misraları Məhəmməd ağa Müctəhidzadə XX əsrin əvvəllərində Azərbaycan - Qarabağ növbəti dəfə erməni qəsbinə məruz qaldığı çağlarda yazmışdı.
Viran qoydu səni beş-on lənəti,
Əldən verdin köhnə şanu-şöhrəti.
Əhlin qaçıb məskən tutdu qürbəti,
Səni tikər yenə xalqın qüdrəti,
Sənə yardım zamanıdır, Qarabağ!
Həmin sözlərin həqiqəti bu gün də olduğu kimi qalır. Əlbəttə ki, dövlətimizin əzmi və Azərbaycan xalqının qüdrəti ilə Qarabağ tikiləcək, qurulacaq, ucalacaq və əvvəlkindən də şöhrətli, əvvəlkindən də cazibəli olacaq.
...Şuşaya həmişə təbiətin ovsunu kimi baxıblar - kənardan gələnlər də, hətta illərlə Şuşada yaşayanlar da.
Və bu möcüzəlilik Şuşaya dünən, bu gün nəsib olmayıb, Tanrının ona - bu hava, bu sular, bu dağlar, bu yaşllıqlar və rəngarəngliklər dəmətini bəxş etdiyi qədimdən-qədim dövranlardan onunladır. Səbəbsiz deyil ki, Şuşa həmişə Qarabağın - Azərbaycanın həm də səs, avaz paytaxtı sayılıb. Azərbaycanın ən məşhur xanəndələri, sazəndələri, müğənniləri burdan çıxıb: Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov...
Birdirmi, ikidirmi, ondurmu, yüzdürmü? Cabbar Qaryağdı oğlu söyləyirmiş ki, Şuşada bir gədik var, səhər çağı kim orda dayanıb sabahın təmiz havası ilə nəfəs alsa, onda mütləq səs olar. Yəqin, elə bu səbəbdəndir ki, heç xanəndəlik, musiqiçilik yolu tutmamış çox qarabağlının, çox şuşalının da xoş avazı, ruhoxşayan zümzüməsi var. Elə ona görə deyiblər ki, Qarabağda - Şuşada analar layla çalanda muğam üstündə səslənirlər.
30 ilə yaxın bir müddətdə Şuşa düşmən əlində oldu. Dağlar həmin dağlar idi, hava həmin hava. Çiçəklər yenə açırdı. O gözəlliklər yenə orda idi. Turşsu yaylaqları yerində, İsa bulağı yerində, Səkilli bulaq yerində, saysız-hesabsız çeşmələr, qaynamalar da o cür. Bəs niyə bu 30 ilə yaxın müddət ərzində işğalçının arasından, orda yaşayanların sırasından bircə nəfər məşhur oxuyan, səsi dünyaya çatan çıxmadı? Səbəb odur ki, səs yalnız o gözəlliklərlə, o su ilə, o hava ilə yaranmırmış. Demək, səbəb yalnız o güldə, çiçəkdə, suda, o dağlarda, havada, mənzərədə deyil. Bunlardan daha ucada dayanan bir güc də var: Şuşa ruhu, Qarabağ ruhu. O Şuşa ruhu, o Qarabağ ruhu olmayanda bu gözəlliklər sənə səs verə bilmir, sənin içərini gözəlliyə kökləyə bilmir.
Bir qədər səbirli olun. Bir neçə il keçəcək, Şuşada yenidən həyat qaynayacaq, yenidən toylar olacaq, yenidən uşaqlar dünyaya gələcək, məktəbə gedəcək, çalacaq, oxuyacaq və Şuşadan elə gözəl səslər pərvazlanacaq ki, əks-sədası dünyanın dörd bucağına çatacaq. Bütün aləm də bir daha şahid kəsiləcək ki, Şuşanın əsl sahibi kimmiş.
Qayıdışımız oraların yaraları sağaldıqca genişlənəcək, Şuşanın da əsl sahibləri qayıdıb gündəlik həyatını başlayandan sonra oranın səs paytaxtı olmaq ənənəsi də təzədən dirçələcək.
Və əlbəttə ki, Şuşanın möcüzəliliyinə yeni möcüzələr qatan möcüzə səslərin yeniləri də dünyaya gələcək!
Mehriban, məlahətli avazlarda qəlbimizə axmış sıra-sıra Qarabağ bayatıları arasında bir məşhuru da var:
Qarabağda talan var,
Zülfün üzə salan var,
Gedibsən, tez qayıt gəl,
Gözü yolda qalan var.
Haçansa bu bayatını bir sevgili istəklisinə ünvanlamışdı. Həsrətlə gözlərini yollara dikmişdi, yarının haçan qayıdacağını səbirsizliklə gözləyirdi. Amma zaman ötdü, arxada qalan onillərdə - işğal dönəmində bu məhəbbətli sətirlərin də mənası tamam, daha bu misra keçmişdəki kimi səslənmədi, bir gözəlin bir igidin qəlbini tufana salması, talan etməsi anlamında qavranılmadı. Həqiqətən, Qarabağ talan edildi, viran qoyuldu və illərcə gözü yolda qalan artıq Şuşanın özü idi, Şuşanın bizim ayağımız dəyməyən yolları, bizim suyunu içmədiyimiz bulaqları, meyvəsini dərmədiyimiz, çətiri altında sərinlənmədiyimiz ağacları idi, dərmədiyimiz, qoxlamadığımız gülləri, çiçəkləri idi, bütün Qarabağın özü idi.
...Kəlağayı Azərbaycanda həmişə sadəcə baş örtüyü olmayıb. Həm də bir namus, ismət rəmzinə çevrilib. Xüsusən Qarabağda bu adət keçmişlərdə geniş yayılıbmış. Qadının kəlağayısı qanı kəsə bilirmiş, savaşı qurtarmağa qadirmiş, ədavətə son qoymaq gücündəymiş. İki qanlı bıçağın arasında bir qadın kəlağayısını atanda o da, bu da əlini aşağı salırmış, xəncərini qınına qoyurmuş, sülhə gəlib barışırlarmış.
İşğal illəri ərzində Qarabağ - Şuşa həm də Azərbaycanın kəlağayısı idi, Azərbaycanın namusu idi, isməti idi. Biz bu namusu və isməti qorumalı idik.
Və nə xoşbəxtik ki, bu gün "Qarabağımız azaddır" deyə bilirik, nə xoşbəxtik ki, bu gün "Şuşamız azaddır" deyə bilirik.
Bu, sadəcə şəhərlərin, yurdların, kəndlərin, qəsəbələrin təzədən bizə qovuşması deyil, bu həm də o kəlağayının qorunmasıdır. Bu həm də millətin namusunun, ismətinin qorunmasıdır.
...Azərbaycanın indi çoxlarının unutduğu, amma unudulmamalı bir şairi də yaşayıb. Həsən İxfa Əlizadə "Molla Nəsrəddin"çi şairlərdən idi, amma o həm də "Qarabağnamə" qələmə almış salnaməçilərimizdən biridir.
Həsən İxfa Əlizadədən bizə bir bayatı da çatıb:
Əzizim Qarabağlar,
Yar başa qara bağlar,
Səndən ayrı düşəndən
Ürəyim qara bağlar.
Qarabağımızdan ayrı düşmüşdük, ürəyimiz qara bağlamışdı. Bütün Azərbaycanın ürəyi qara bağlamışdı. Və nə xoşbəxtik ki, Azərbaycanın Qarabağ savaşında qazandığı zəfər bütün könüllərdəki o qara kölgələri silib apardı. Bütün ürəkləri qələbə nuru ilə doldurdu.
Bu doğma səs Qarabağın Müzəffər Xilaskarı İlham Əliyevin səsidir: "Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
...Zamanında Molla Pənah Vaqif Qarabağa ilk gəlişində Şuşadakı Saatlı məhəlləsində yerləşmiş, oradakı məscidin yanında bir məktəb açmışdı. Yeni zaman başlayırdı, təzə vaxt artıq Molla Pənah Vaqifin - bu bilgin insanın saatı ilə işləyirdi.
XXI əsrdəyik, ayrı bir zamanın övladlarıyıq. Azərbaycan Qarabağ savaşında ZƏFƏRİNİ qazanıb, bu Qələbənin siqlətini yaşının üstünə yaş gəldikcə daha artıq duyub-dərk edirik. Bu gün başqa bir zaman saatı işləyir.
Bu gün bu saatı quran Azərbaycan Öndəri Fateh İlham Əliyevdir. Bu möhtəşəm zaman saatının irəliləyən dəqiqələri Şuşanı, Qarabağı, bütün Azərbaycanı gələcəyin daha gözəl, daha yaşamalı, daha yüksək üfüqlərinə aparır!
7 noyabr 2024