Müxalifət Gürcüstanda iğtişaşlar yaratmaq üçün əlindən gələni edir, lakin ölkədə inqilab və ya çevriliş üçün heç bir əsas yoxdur.
525.az xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, maksimum cəhdlər edilir ki, hansısa yolla ölkədə iğtişaşlar, gərginlik yaratsınlar, amma bunun üçün heç bir resursları yoxdur. Ölkədə inqilabın, dövlət çevrilişinin olması üçün hər hansı əsas mövcud deyil.
Kaladze əlavə edib ki, müxalifətin irəli sürdüyü ittihamların nə qədər saxta olduğunu hər kəs görə bilər, çünki Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında başladılan istintaq çərçivəsində onlar prokurorluğa heç olmasa bir sübut belə təqdim edə bilməyiblər.
Parlamentin ilk iclasını pozmaq təhlükəsinə gəlincə, Kaladze “Qvaramiya kimi gülməli bir şəxsin açıqlamalarını” qiymətləndirmək fikrində olmadığını bildirib. O deyib ki, ölkədə söz və ifadə azadlığı var və hər kəs öz mövqeyini bildirə bilər, lakin bu, qanundan kənara çıxmamalıdır.
Pərvanə Sultanova