Bu ilin sonuna qədər Avropa birjasında qazın qiyməti 5-10% arta bilər.
525.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Yevgeni Şatov deyib.
Qeyd edək ki, Avropada qazın qiyməti 2023-cü il noyabrın 28-dən bəri ilk dəfə 1000 kubmetr üçün 500 dolları ötüb.
Ekspertə görə, qazın bahalaşmasının əsas səbəbi qışın yaxınlaşması və istilik mövsümünün başlaması olub: “Payız isti oldu, lakin qışın başlanğıcının əhəmiyyətli dərəcədə soyuq olacağı proqnozlaşdırılır. Bu, anbarlardan qaz istehlakını artırır və qazın qiymətini bahalaşdırır. “Gas Infrastructure Europe” sənaye qrupunun məlumatına görə, noyabrın 12-nə Avropada qaz anbarının tutumu 92,58%-ə düşüb. Ötən il bu göstərici 99,37% təşkil edib”.
Bundan əlavə, onun sözlərinə görə, digər səbəb külək enerjisi istehsalının azalması olub. Bu, artan tələbatı ödəməyi qeyri-mümkün etdi və qazdan istehsal olunan elektrik enerjisinin həcmini artırmaq lazım gəldi.
“İlin sonuna kimi qazın qiymətində artım davam edə bilər, gözlənilən 5-10%. Bir tərəfdən qışda günəş enerjisi istehsalı azalır. Digər tərəfdən, havanın aşağı temperaturu tələbatın artmasına səbəb ola bilər. Rusiya Federasiyası ilə Ukrayna arasında qaz tranziti sazişinin mümkün ləğvi ilə bağlı narahatlıqlar səbəbindən Rusiyadan qaz tədarükü sual altında qalır. Ukrayna ərazisindən tranzit müqaviləsi dekabrın sonunda başa çatır”, - ekspert bildirib.
Pərvanə Sultanova