|
|
|
|
Abidələr insanlara adətən ömürlərindən sonra, onları həyatlarından da uzun yaşatmaqçün qoyulur. O da hər abidəyə layiqə qismət ola-olmaya. Onasa İlahi Abidəni elə cavankən, hələ yolunun başlanğıcında nəsib etmişdi. O bizik ki, hadisələrin, ömürlərin bütöv mənzərəsini yalnız onların tamamlanmasından sonra görürük. Pərvərdigarın Pəncərəsi isə çox genişdir, O, olacaqları hələ olmamışdan Biləndir, Yazı Yazan Odursa, başqa necə olmalıdır ki!
Bir ömür uzunu millətə və yurda gərək olan xeyirli amallar yolunda çalışan, bu keşməkeşli mübarizələrdə çox şeyini, son olaraq həyatını da qurban verən, elə məsləkinə sadiqliyi ucbatından özünün məhv edilməsindən savayı, ona dünyada ən əziz olan insanlara - ailəsinə də düçar olacaqları sıxıntıları miras qoyub gedən bir şəxsiyyət üçün qəddardan-qəddar düşmənlərin də verə bilməyəcəyi cəza unudulmaqdır. Uğrunda qurban getməyə hazır olduqlarının səni yaddan çıxarmasından müdhiş cəza yoxdur. Ona görə də nəcib məqsədlərlə uzaqları görmək qabiliyyətindən məhrum, amma məkrdə ən dəringedən fəndgirliyə alışqan olan iblislərin bir rəzaləti də bu olub ki, safları, pakları, yaşamalıları yalnız cismən yox etməklə dayanmayıblar, onları öldürəndən sonra da təkrarən öldürməyə, yaddaşlardan silməyə cəhdlər ediblər.
Qoca dünyanı belibükük edən onun miqdarı bilinməyən yaşı deyil, elə çəkməyə mübtəla olduğu belə-belə dərdlərdir.
Millət fədaisi Ömər Faiq Nemanzadəni Allah da tanıyırdı, bəndə də. Onun kimliyini, necəliyini öncədən bildiyindən Tanrı Ömər Faiqi sağkən Abidəli etdi - onu ipək təbiətli, vəfalı, onunla həyatın hər imtahanından keçməyə hazır olan bir ömür-gün yoldaşı ilə qovuşdurdu ki, elə adıca Abidə idi. Ancaq 1872-ci ildə doğulmuş, həyatının son nöqtəsi 1937-ci ildə qurğuşunla qoyulmuş Ömər Faiqə insanların yaratmağa borclu olduqları abidə isə 2024-cü ildə, onun daha heç vaxt bitməyəcək ömrünün 152-ci ilində qismət oldu.
O gün sıradan olan gün deyildi. Həmin gün millətin ən sevimli övladlarından biri heykəlləşərək xalqa yenidən qayıdırdı və ona görə də Azərbaycanın Söz Məbədində -- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində baş verəcək bu tarixi hadisəyə şahidlik etməkçün Ömər Faiqin nəvə-nəticələrini, yaxın-uzaq qohumlarını, onun şəxsiyyəti və irsini sevən, araşdıran, əziz tutan insanları dəvət etmişdik. Bu, Ömər Faiq Nemanzadənin xoşbəxt olduğu gün idi. Elə gün idi ki, gərək ona həqiqi məhəbbət bəsləyənlər birgə olaydılar.
Ömər Faiq dünyaya xalqını bəxtiyar etməkçün ezam edilənlərdən olsa da, həyatı içərisində barmaqla sayılacaq qədər az xoşbəxt günlər gördü. Belə məsud ömür parçalarından biri 1906-cı ilin 7 aprelinə təsadüf edirdi ki, həmin gün əslində hələ bunu bilməyən bütün Azərbaycan xoşbəxt idi. Çünki Azərbaycan ilk dəfə "Molla Nəsrəddin"lə görüşürdü və bunun hansı səadət olduğunu onillər keçəndən, əsrlər və minillər dəyişəndən sonra, vaxtın hündürlüyündən baxarkən daha aydın duyacağıq.
Və "Molla Nəsrəddin"in ilk sayında dərginin bünövrəsini qoyanlar - Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadə millətə üz tutaraq: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım", - söyləyirdilər.
Millətin layiq olduğu dəyərlərə sahibliyi naminə mübarizələr onu həyatı boyu müşayiət etdi. Vicdanla, sədaqətlə bir millət övladı olaraq Ömər Faiq Nemanzadə millət qarşısında həmin borcunu sonacan bir an belə tərəddüd etmədən yerinə yetirdi. Bütün Azərbaycanın və azərbaycanlıların Ömər Faiqə və Ömər Faiqlərə borcu var. Heç vaxt da bu borcdan sonacan çıxmaq mümkün olmayacaq. Çünki Ömər Faiq millətə nəyi verə bilərdisə, hamısını verdi və son olaraq da fəda edə biləcəyi axırıncı varı-dövləti canı idi ki, ondan da keçdi.
2024-cü ilin 14 mayı ona görə tarixi bir gün idi ki, həmin gün Ömər Faiq artıq daimilik qərar tutacağı Nizamu muzeyində möhtəşəm abidəyə çevrilərək insanlarla ilk dəfə görüşürdü.
Yolunun lap başlanğıcında Ömər Faiq and içirdi və bunu bir otağın səssizliyində, tənhalıqda - öz içərisi ilə söhbət əsnasında deyil, 2-3 dostun arasında yox, hamının görüb-biləcəyi qəzet səhifələrindən bəyan edirdi və həmin əhdi "Şərq-i rus" qəzetində dərc edilmişdi.
Ədl, həqq, hürriyyət-i əfkar, təfrih-i bəşər
Ta ölüncə dildən ayrılmaz məzayadır mənə!
Vəd edirdi ki, ədalət, düşüncə azadlığı, insanların rifahı nəfəsi gedib-gələnə qədər, ömrünün sonunacan onun üçün ən vacib keyfiyyət, dilindən düşməyən şüar və məslək olacaq.
Bu andına sadiqliyini sübut etməkçün oxudu, öyrəndi, çalışdı, mübarizələr apardı, məhrumiyyətləri daddı, həbslərə düşdü, saysız təzyiqlərə, təqiblərə, hətta işgəncələrə də məruz qaldı, ancaq yolundan sapmadı, amalından dönmədi.
İndi, aradan xeyli vaxt keçərkən köhnə illərin sənədlərini qaldıranda, tarixi vərəqləyəndə, əski mətbuatı izləyəndə şahid oluruq ki, "Molla Nəsrəddin"də fəaliyyət göstərəndə də, o dövrün digər mətbuat orqanlarına yazılar yazanda da, millətin taleyi ilə bağlı hansısa həlledici qərarın qəbul edilməsinə səy göstərəndə də Ömər Faiq həmişə başqalarından, hətta öz etibarlı məsləkdaşlarından belə daha cəsarətlidir. Hətta ən cəsarətli silahdaşlardan hansılarısa müəyyən anlarda işin xatirinə bəzi güzəştlərə getməyi məsləhət bilsə də, Ömər Faiq daim barışmazdır, ötkəmdir, sözünü sona qədər deyəndir.
İşığı görmək və o nuru artırmaq yolunda çarpışmaq Ömər Faiqə fitrətən nəsib olmuş bir istedad idi və nə qədər ki canında can vardı, millətin işığını artırmaq yolunda çalışdı. Və bu mübarizələrdə ardıcıl olmasının, ruhdan düşərək soyumamasının bir mühüm səbəbi də bu idi ki, o, tək deyildi, mübarizə meydanında heç vaxt yalqızlıq hiss etmədi, müdam ona yardım olan, dayaq duran, səsinə səs verən məslək qardaşları vardı. Ömər Faiqi də, Ömər Faiqləri də vaxt özü yaratmışdı. XIX yüzil bitir, XX əsr başlanırdı. Dövr inqilablara hamilə idi, yeniliklərə səmtlənmişdi və zaman bu yenilikləri yaradacaq, inqilabi dəyişiklikləri həyata keçirəcək insanları da özü yetirirdi ki, Ömər Faiq onların ən parlaqlarındandı.
Sadə ailədən çıxmışdı, bir Axısqa türkü idi. Olsun ki, gedişat artıq baş verdiyi kimi yox, ayrı cür cərəyan etsəydi, o da digər yaşıdları kimi, ya öz şəcərəsindən olan başqa əqrəbası sayaq adi həyat yaşayardı, ortabab bir ömür sürüb dünyadan gedərdi. Amma tale və tarix onun boynuna vəzifə qoymuşdu. Həvalə etmişdi ki, sən bu milləti dəyişdirmək və yüksəltmək yolunda çalışmalısan.
Ömər Faiq kimi insanların millət müəllimi olmasını sübut edən başqalarının onlara verdiyi qiymətdən əvvəl onların öz görmüş olduqları işlər, əməlləri, qalan izləri, yaşadıqları ömürdür.
Hər böyük ədib adətən yaradıcılığında bu sualı qoyur və ona cavab da tapmağa çalışır ki, "mən kiməm".
Günlərin birində bu sualı sərlövhəyə çıxararaq Ömər Faiq də ayrıca məqalə qələmə aldı və o yazının məntiqi bu idi ki, istər bir nəfər olsun, istər bütöv millət, istərsə də hansısa fikir, amal, ona candan bağlanmaq, aşiq olmaq üçün gərək ən əvvəl tanıyasan.
Ömər Faiqin də ömrü boyu əsas vəzifələrindən biri bu oldu ki, milləti ilk növbədə özünə tanıtsın. Nöqsanlarını deyə-deyə, qüsurlarını qamçılaya-qamçılaya, tənqid edə-edə, millətə böyüklüyünü anlatsın, xalqı öz içərisindən yüksəltsin.
Ömər Faiqin özünü də yaşatmaq, bu gün və sabah xalqa daha yaxın etməyin yolu eyni şəkildə - o böyük şəxsiyyəti bu millətə əsl ucalığı ilə tanıtmaqdan ibarətdir. Çünki Ömər Faiq 1937-ci ildə sovet siyasi repressiyalarının şikarı kimi həbs ediləndən sonra uzun zaman boyunca onun adı yasaq oldu. Bəzən irad tutulur ki, niyə bizim ədəbiyyatşünaslar, elm adamları vaxtında Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"dəki fəaliyyətlərindən bəhs edərək onu daim önə çəkdikləri halda Ömər Faiq qıraqda qalıb. Bu adçəkməməklik nə diqqətsizlikdən baş verib, nə də o müəlliflərin Mirzə Cəlilə məxsusi rəğbətindən. 1937-dən ta 1958-dək - bəraəti verilənəcən Ömər Faiqin adı rəsmi siyasətin hökmü ilə "xalq düşmənləri" cərgəsində idi və onun haqqında nəinki müsbət, ya mənfi nəsə yazmaq, hətta qaralanmış adını çəkmək belə qadağan idi. Bu yerdə "qaralanmış" kəlməsini də təsadüfən işlətmirəm. Siyasi repressiyaların davam etdiyi illərin kitablarını, qəzet-jurnallarını açsanız, arxivlərdə qalan bir çox fotoları qaldırsanız, bunu da ürək ağrısı ilə seyr etməli olacaqsınız ki, hansısa adların, soyadların üstündən qara tuşla qalın xətt çəkilib ki, oxunmaz olsun, hansısa adları kəsiblər, şəkillərdəki ayrı-ayrı üzləri qaralayıblar ki, "düşmən" çöhrələr görünməsin. İrticanın məqsədi bu surətləri tarixdən biryolluq silmək idi və 1950-ci illərin ikinci yarısında bəraətlər mövsümü minlərlə yasaq adın qapısını açsa, unutdurulmağa çalışılanların haqqında yenidən yazılmağa, əsərləri nəşr edilməyə başlansa da, onların bir qisminə yanaşmada yetərincə ehtiyatlı, mühafizəkar münasibət 1960-cı illərdə də davam etdi, hətta sonrakı illərə də keçdi, ən bariz nümunəsi də Caviddir ki, tam bəraətinə, xalqa irsinin bütöv qayıdışına yalnız 1980-ci illərdə, 100 yaşı tamam olandan sonra çatıldı. Ömər Faiq də kağız üzərində rəsmiləşdirilsə də, gerçəklikdə bəraətinin və qayıdışının vaxtı çox uzanmışlardan oldu.
Ömər Faiqin adını, irsini unuduluşdan xilas etmək istiqamətində çalışanların ilklərindən biri unudulmaz Şirməmməd Hüseynov idi. O, artıq 1950-1960-cı illərdə çıxışlarında, məqalələrində, dərs dediyi auditoriyalarda tələbələrə müraciətlərində həmişə Ömər Faiqdən bəhs edər, ədibin adi oxucunun əli çatmayan məqalələrindən parçaları iqtibas edərdi. Odur ki, Ömər Faiqin abidəsi açılan gün qurduğumuz məclisə Şirməmməd müəllimin ömür həmdəmi Ülkər xanımı dəvət etməyi özümə borc bildim. Ülkər xanım o axşam həm özünün, həm də elə Şirməmməd müəllimin sözünü deyərək Ömər Faiqin 1906-cı ildə yazdığı, o vaxt "İrşad" qəzetində çıxmış "Nə etməliyik?" adlı məqaləsindən başladı.
Bu məqalə böyük ədibin, o zamansa xeyli gənc olan, mübarizlər meydanına təzəcə atılmış bir çılğın cavanın hayqırışıdır ki, hələ ermənilərin azərbaycanlılara qarşı törətdiyi 1918-ci il soyqırımından, 1930-cu illərin ortalarında soxulduqları NKVD divarları arasında gerçəkləşdirdikləri qırğınlardan, 1948 və 1988-ci illərdə apardıqları genişmiqyaslı etnik təmizləmələr və deportasiyalardan qabaq yüksəlmişdi və heyrətli fəhmlə çox uzaqları görərək nə etməli olduğunuzun şərtlərini sadalayırdı və hamını oyatmağa çalışırdı: Qonşumuzu, ermənini tanımalıyıq! Bu bəladan qorunmaqçün mümkün sipəri də təklif edirdi: özümüzü müdafiəni təşkil edəcək bir partiya yaratmalıyıq. Çünki Ömər Faiq ermənilərin kimliyini artıq 1905-ci ildə görmüşdü və türkə qarşı bu amansızlığın vaxt ötdükcə səngiməyib əksinə, daha da şiddətlənəcəyini öncədən təxmin də etmişdi. İllər sonra xatirələrində 1905-ci ildə Tiflisdə ermənilərin türk-müsəlman əhaliyə qarşı qaniçənliyinin qəddar mənzərələrini təsvir edirdi - Tiflisdə Vorontsov körpüsündən keçən türk hamballarını - o taylı azərbaycanlıları erməni yaraqlıları sürüyərək körpünün yanına gətirir, buradan çaya tullayırmışlar, qaçıb gizlənmiş türk fəhlələrini ayrı-ayrı məhəllələrdən taparaq xəncərləyir, yaralı halda yenə Kür qırağına sürükləyir, onları da boğulmaqçün çaya atırmışlar, suda çapalayaraq qırağa çıxmağa cəhd edənləri isə yuxarıdan yağdırdıqları güllə atəşləri ilə qırırmışlar. Yəni sadəcə öldürməklə ürəkləri soyumur, bu vəhşiliklərini öldürməkdən ləzzət ala-ala yerinə yetirirmişlər.
Bütün bunları görmüş bir millətsevər milləti qoruyacaq "Difai"ni necə arzulamayaydı?!
...Ömər Faiqin ilk həbsi ilə son tutulmasının arasında 30 illik məsafə var. İlk həbsindən sonra ona ağıl verən də olmuşdu və hətta həbsindən əvvəl də nəsihət edənlər tapılmışdı ki, özünü yorma, axırda quru yerdə qalacaqsan. Öyüd verənlərdən biri elə Mirzə Ələkbər Sabir. Ömər Faiq 1907-ci ildə zindana atılanda Sabir kinayə ilə onu məzəmmət edirdi ki, axı sənə söyləmişdim, bir gün zindana atılacaqsan, millər dərdi çəkmə, öz ömrünü yaşa, arada haqq-sayın itəcək, peşman olacaqsan.
Söyləmədimmi sənə, rahat otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən.
"Sənə elə yaxşı oldu bu kökə düşdün" kimi tikanlı sözləri Sabir Ömər Faiqdən daha əvvəl xalqa deyirdi ki, belə vəfasız olmayın, səsinizi çıxarın, axı indi zindan küncündəki bu adam sizdən ötrü belə vəziyyətdədir:
Eyləmədin etina, qissə haman oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
Amma Ömər Faiqi, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili, o yolun başqa mətin davamçılarını "guşe-yi-zindan" qorxusu dayandırmaq gücündə deyildi.
Elə yol seçmişdilər ki, hətta ölüm belə onları daha heç vaxt bu xətdən ayıra bilməzdi.
...1992-ci il idi, Ömər Faiqin bəxtsiz yadigarı, qızı Bəxtli xanımla bir yay günündə eyvanda oturmuşduq, o vaxt Azərbaycantelefilm xətti ilə Hüseyn Cavid haqqındakı publisistik filmimi çəkirdim və Sabirin həmin şeirini yada salmışdım. Bəxtli xanım Nemanzadə demişdi ki, Cavid əfəndi bizə tez-tez gəlib-gedirdi. Atamla uzun-uzadı söhbətlər edirdi. Əlbəttə, biz uşaqdıq o vaxt. O qədər söhbətlərinə qulaq asmırdıq. Ancaq təsadüfən bir dəfə mən eşitdim ki, babam Cavid əfəndiyə dedi ki, sən niyə son vaxtlar yazmırsan? O da dedi ki, mən sifarişlə olan heç nəyi yaza bilmərəm. Gərək ürəyimdən gələn söhbətlər olsun ki, yazılsın.
"1936-cı ildə mənim böyük bacım Kamilənin toyu olanda həmin məclisdə Cavid əfəndi tamada idi. O toyda Səməd Vurğundu, Abdulla Şaiqdi, digər şairlər, yazıçılar. Cavid əfəndini mən axırıncı dəfə 36-cı ildə, həmin toyda, bizim evimizdə görmüşəm.
Fayidə verməz, dedim, etdiyin əfğan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət guşe-yi zindan sənə,
Guşe-yi zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb hasil oldumu?
Doğrudan da, elə zindan guşəsi onun axırıncı evi oldu. Guşe-yi-zindan!.."
İnsanlar fəaliyyətlərini göstərirlər, gedirlər və biz tarixin indisindən - XXI əsrin yüksəkliyindən baxanda, təbii ki, bir çox həqiqətləri daha aydın görürük. Zaman gedişində ayrı-ayrı siyasətlərin, ayrı-ayrı məfkurələrin, hətta bəzən şəxsi münasibətlərin təsiri ilə ayrı-ayrı şəxsiyyətlərə bəzən haqq etdikləri qiymət verilmir. Onların tarixdəki yeri haqqında düşüncələr kifayət qədər dürüst olmur. Ancaq ən ədalətli münsif tarixin özüdür. Bugünəcən nə qədər yazılıbsa, deyilibsə də, yazılmalı və deyilməli olanlar hələ az deyil - Ömər Faiq Nemanzadəni biz bu gün yetərincə bütövlüyü ilə tanımırıq. Yorulmaz ictimai xadim olub. Ancaq heyiflər ki, hələ də onun bu yöndəki geniş çalışmalarının yalnız müəyyən hissəsindən xəbərdarıq. Mətbuatda onillərcə qələm çalıb. "Molla Nəsrəddin"dəki işləri qalsın bir yanda, axı "İrşad"da, "Tərəqqi"də, "Açıq söz"də, "Azərbaycan"da, digər qəzetlərdə 40-a yaxın örtülü imza ilə çıxış edib. O yazıların hamısını hələ bir yerə cəm edərək ayrıca kitaba çevirməmişik. Bir qələm adamının yazmış olduqlarının hamısını bilmədən onun özünü tamlığı ilə nə təhər görmək olar ki!
İçərisi sabahlara inam dolu məşhur yazılarından birinə Ömər Faiq "İşığımız sönməyəcək" adı vermişdi. Bu millətin işığının daim parlayacağının səbəbkarlarından biri elə Ömər Faiqin özü idi!
Azərbaycançılıq düşüncəsi bu millətin mənəviyyat yükünü daşıyanların ürəyində, zehnində, qələmində həmişə dolaşıb. Ancaq bütöv Azərbaycan, bütöv millət və onun öz adıyla çağırılacaq dövləti haqqında həm siyasi, həm elmi baxımdan daha cilalı və dürüst qənaətlər XX yüzilin əvvəllərindən ziyalılığımızın, maarifçiliyimizin, vətənçiliyimizin fikir gündəmində dayanıqlı yerini tutur. Bu qatarda Ömər Faiqin yeri ardıcıllığı və qətiyyəti ilə seçiləndir. Həm də məhz XX əsrin başlanğıcından etibarən bu düşüncələrin bir axına çevrilməsinin səbəbi o idi ki, daha tək əldən səs çıxmaz hürküsü yox idi. Ömər Faiqin çoxşaxəli səylərinin cövhəri də bu məfkurədən ibarətdi və onun apardığı mübarizələr aşiqi olduğu bütöv millət və Azərbaycan yolundaydı. Amma o, həm də Axısqa türkü idi, öz əslinə, kökünə də çox bağlı idi və onların müqəddəratı ilə əlaqədar təhlükəli məqam yarananda, bu təhlükə mahiyyətcə bütün türklüyə qarşı dönəndə, təbii ki, biganə qala bilməzdi. Ömər Faiq millət, onun heysiyyəti ilə əlaqədar məsələlərdə həmişə ifrat güzəştsiz olub.
Azərbaycanlılara qarşı tarixin müxtəlif dönəmlərində təhlükələr yalnız erməni səmtdən olmayıb. Bizə sarı dikilən tamahkar, qəsbkar gözlərin çox rəngi var. Ömər Faiq kimi ayıq insanların bir üstünlüyü də ondan ibarətdir ki, gələcəkdə selə çevrilə biləcək təhlükələri hiss edincə dərhal ona qarşı çıxıblar, bununla da nə qədər fəsadın qarşısı ortaya çıxmadan alınıb.
...Arxada qalan onillər boyu mən Ömərbəyovlar nəslinin, Pepinovlar ocağının, Nemanzadələr soyunun çox insanlarıyla ünsiyyətdə olmuşam, təmas illəri ərzində yəqinlik hasil etmişəm ki, onların hamısına xeyirxahlıq, əzmkarlıq, millətə ürəkdən xidmət etmək şövqü xasdır. Ancaq bu nəslin təmsilçiləri arasında mənim ən erkən tanıdığım Çingiz Nemanzadə olub. Onda hələ tələbə idim, hələ yeganə olan Azərbaycan Dövlət Universitetində (indi BDU) oxuyurdum və Azərbaycan televiziyasında verilişlər hazırlayırdım ki, onlardan biri də "Yeddinci qitə" adlanırdı. Həmin proqramda Bakıda yaşayıb təhsil alan xarici tələbələr, paytaxtımıza gələn xarici qonaqlar, əcnəbi sənətçilərin buralara qastrolları haqda söz açırdıq. Qapalı sistem içindəydik, bu verilişi də düzəltmişdik ki, gəncliyin gözlərini dünyaya açmaq üçün kiçicik də olsa körpüyə çevrilsin. Xalq arasında "AZİ" deyilən Neft-Kimya İnstitutunda Çingiz Nemanzadə xarici tələbələrlə işləyirdi. Çingizin həyatı boyu maraq göstərdiyi əsas dəyərlərdən biri musiqidir ki, cavanlıq illərində bu sahəyə daha sıx bağlı idi, o dövrdə həmin ali məktəbdə əcnəbi tələbələrdən ibarət sanballı musiqi birliyi də düzəltmişdi ki, zamanında bizim verilişdə çıxış etdilər, izləri kinolentdə də qalmaqdadır. Ancaq mütəmadi söhbətlərimizdən bunu da bilirəm ki, elə Çingizin özünün də hafizəsində nəslin tarixi, taleyi ilə bağlı çox xatirələr elə kino lentinə yazılıbmış kimi dəqiqlikdə yaşamaqdadı. Ona görə də Ömər Faiqin Nizami muzeyindəki abidəsinin açılış mərasiminə onu da dəvət etmişdim ki, həm babalarından olan Ömər Faiqin qayıdışına birgə sevinək, həm də xatirələri ilə məclisimizi daha da məhrəmləşdirsin. Çingiz Nemanzadənin o gün sözünü başlayarkən dedikləri hər kəsə ən əvvəl bu həqiqəti bir daha yada salmış oldu ki, Ömər Faiqə tam layiq olduqlarının qayıtması həmişə çətinliklərdən aşaraq mümkünləşib. Bununla bir daha onu vurğuladı ki, əgər Ömər Faiq bu gün bir abidəyə dönərək Azərbaycanın aparıcı muzeylərindən birində daimi yerini tutursa, bu, əsla sıradan olan hadisə, hansısa başqa bir ədibin, ictimai xadimin, alimin, ya sənət adamının heykəlinin düzəldilərək xalqa təqdim edilməsi qədər sadə iş deyil.
Çingiz danışırdı, həmin məclisdə ailənin tarixçəsini, nələrdən keçmiş olduğunu təfərrüatları ilə bilən sinli insanlar çox idi, dinlədikcə kövrəlirdilər, çünki ötən günlərin nisgilləri bir-bir göz önündən keçirdi: "Ömər Faiqin həyat yolu və fəaliyyətinin layiqli qiymətləndirilməsi üçün onun qızı Kamilə xanım çox böyük səylər göstərirdi. Ancaq təəssüflər olsun ki, tez-tez məyus qalırdı. Çünki lazımi reaksiya görmürdü. Çünki Ömər Faiqin adı qapalı siyahıdaydı. Ömər Faiq türklərin, azərbaycanlıların, ümumiyyətlə, türk xalqlarının tərəqqisi, maarifçilik, milli dirçəliş sahəsində çalışmışdı və bu da, təbii ki, bolşeviklərin arzuladığına uyğun deyildi. Onların əksinə, istəyi bu idi ki, bütün türk xalqları ruslaşsınlar, öz mədəniyyətlərini itirsinlər. Kamilə xanımla qonşu idik, eyni küçədə yaşayırdıq və bizim evimizdən onlara beş dəqiqəlik yol idi. Mən də uşaqdım, Kamilə xanımı çox sevirdim, onlara tez-tez gedib-gəlirdim, o da mənə çox mehriban münasibət göstərirdi. İndiyə kimi gözümün qabağındadır: Kamilə xanımın iri, qalın bir dəftəri vardı. Hər gün o dəftərə nəsə yazardı. Baxmışdım da, ancaq nə yazdığını bilmirdim, çünki Azərbaycan dilində ərəb əlifbası ilə yazardı. Danışanda birdən nəsə yadına düşürdü, tez dəftərini açırdı, ora əlavə edirdi. O zaman Mesxetiyada yaşayan bir sıra qohumlarımız, tanışlarımız vardı. Hərdən gəlib xahiş edirdilər, mən onları Kamilə xanımın yanına aparardım. Bir qohumumuz vardı - xalamın yoldaşı, riyaziyyatçı idi. Yaddaşı çox gözəl idi. O, Kamilə xanıma söyləyərdi ki, filan ildə Andronik filan kəndə girdi, filan işləri törətdi, Kamilə xanım da dərhal qeydə alardı. Günlərin bir günündə Şamil müəllim Qurbanov Kamilə xanımın evinə gəldi. Kamilə xanım onda olan bütün yazıları, sənədləri, öz xatirələrini, qeydlərini Şamil müəllimə təqdim etdi. Əslində bu, bir xəzinə idi. Çünki Kamilə xanım bunların hamısını illər boyu göz bəbəyi kimi qoruyub-saxlaya, toplaya bilmişdi. O dövrdə isə bu, heç də asan iş deyildi. Üstəlik, çox təhlükəli idi. Onlar üstündə "xalq düşməni" damğası olan ailə idilər. İstənilən gün mənzillərində axtarış aparıla bilərdi, bütün bu qiymətli yadigarlar biryolluq yoxa çıxardı. Şamil müəllim Kamilə xanımın təqdim etdiyi materiallar və öz tədqiqatları əsasında sanballı monoqrafiya yazdı, Ömər Faiqin əsərlərinin toplusunu nəşr etdirdi. O vaxtdan ictimaiyyət Ömər Faiqin adını artıq yaxından tanıdı, bildi ki, Azərbaycanın və Axısqa türklərinin belə bir görkəmli nümayəndəsi olub.
Bu gün sırf Rafael müəllimin şəxsi təşəbbüsü və səyləri ilə, rəsmən heç bir maliyyə ayrılmadan bu işin başa çatdırılması, Ömər Faiqin abidəsinin bu panteonda yer alması Ömər Faiqin həyatında həmin başlanğıcdan sonrakı ikinci ən əlamətdar məqamdır. Bu gündən etibarən Ömər Faiq gözəl bir heykələ çevrilərək burada hər gün insanları salamlayacaq, mən varam deyəcək, söz yox ki, bu abidə onun şəxsiyyətinə də, yaradıcılığına da yeni-yeni insanları cəlb edəcək".
...Ömər Faiqdən sayca az fotolar qalıb. Bir tərəfdən o dövrdə sən deyən çox şəkil də çəkdirilmirmiş, digər yandan da onların da çoxunu onu gedər-gəlməzə aparanda NKVD bayquşları müsadirə edib yoxa çıxarıblar.
Gərək rəssamlarımız da bu insanın surətini, dramatik ömrünün hadisələrini əlvan lövhələrə çevirmək səmtində əmək sərf edə. O lövhələrdən birini vaxtilə Axısqa türklərinin düyünlü taleyi ilə bağlı müşkülləri həll etməkçün kənd-kənd dolaşan Ömər Faiqi xəyala gətirirkən aydınca təsəvvür edirəm: at belində, təkcə, köməksiz, qorumasız-filan düşübmüş yollara. Gürcüstanda İnqilab Şurasının üzvü imiş. Gürcüstanda yaşayan azərbaycanlıların və Axısqa türklərinin vəziyyətini öyrənmək üçün Borçalı mahalının bu başından vurub, o başından çıxırmış. Gördüklərinin hamısını sənədləşdirir, protokollaşdırır, hökumətə təqdim edir, məsələlər qaldırırmış. O sənədlərdə kəndlərdə azərbaycanlıların, Axısqa türklərinin ona verdiyi narahat suallar da qalıb. Əhali xəbər alırmış ki, Ömər Faiq bəy, bu hökumət sovet hökumətidir, ya erməni hökuməti? Sualı səbəbsiz də vermirlərmiş, çünki ayrı-ayrı vəzifələrə təyin edilənlərin əksəri ermənilərmiş və bura Gürcüstan olmağına baxmayaraq, ermənilər at oynadırmışlar, müsəlman, türk əhalini də çox incidirmişlər.
Siyasətcil Ömər Faiq də dinməz-söyləməz bunların hamısını sənədləşdirir, rəhbərliyə təqdim edir, tədbirlər görməyə çağırırmış. Təbii, onun bu təəssübkeşliyindən və erməniyəzidd addımlarından daşnaklar da anındaca duyuq düşürdülər və Ömər Faiqə qarşı cürbəcür təxribatlara əl atırdılar. Ömər Faiq də kəndlərə çıxanda özü ilə mühafizəçilər götürməməsini sonralar xısın ailə söhbətlərində belə izah edibmiş ki, mən özüm tək olanda hər dəfə gedəcəyim yerə fərqli cığırlarla, dəqiq vaxtı irəlicədən kimsəyə bildirmədən yollanardım. Ehtiyat edirdim ki, elə ermənilərlə əlbir olanları mənə müşayiətçi kimi qoşar, hansısa yollardan keçəndə mənə gizli pusqu qurub qətlə yetirərlər.
Ömər Faiqin haçansa yaradılacaq surətlərindən birini məhz bu cür də görürəm - şax qaməti ilə, məğrurluq yağan görkəmi ilə at belində, kimsəsiz bir kənd yolu ilə irəliləyən...
O vaxt - 1920-ci illərdə bolşevik cildli erməni daşnakları Ömər Faiqə qəsd təşkil etməyə, onu aradan götürməyə girəvə tapa bilməmişdilər. Ancaq Ömər Faiqin 1937-ci ildəki həbsinə aparan bütün tələlərin ardında onu özlərinə ən qəddar düşmənlərdən sayan ermənilərin birbaşa əli vardı. Bunlar da sadəcə ehtimallar deyil. Rəhmətlik Şamil müəllim Ömər Faiqin Gürcüstan Dövlət Təhlükəsizlik Komitəsinin arxivindəki cinayət işi ilə qismən tanış ola bilmişdi. Söyləyirdi ki, ona qovluqdakı bir sıra materialları, ayrı-ayrı şahidlərin ifadələrini, həbs üçün hazırlıq əsnasında yığılmış guya sübutedici rəyləri verməkdən imtina etmişdilər. Danışırdı ki, orada arxiv idarəsində işləyən də bir Gürcüstan ermənisi idi.
O illərdə ki unudulmaz professor Şamil Qurbanova Ömər Faiqin "Cinayət işi" ilə tanışlıq və bəzi hissələri köçürmək nəsib olmuşdu, artıq sovet dağılmışdı, KQB arxivləri yeni-yeni açılırdı. Həmin dövrdə mənə də, digər araşdırıcılara da bizdə yüzlərlə keçmiş siyasi məhbusun, repressiya qurbanının qovluqları ilə asudəcə tanış olmaq imkanı yaradılmışdı. Gürcüstan ümumən arxivlə tanış olmaq məsələlərində bizlərə münasibətdə xeyli xəsisdir, ancaq Şamil müəllimin bəxti ikiqat gətirməyibmiş ki, üstəlik qarşısına həm də bir erməni çıxıbmış.
...Ömər Faiq və Ömər Faiq bənzəri insanlar o şəxsiyyətlərdir ki, gərək onların surəti həmişə insanların gözünün qabağında ola. Gözünün qabağında ola və istər-istəməz ona doğru getməyə can atasan.
Ömər Faiq də Azərbaycan düşüncəsinin, Azərbaycan mənəviyyatının o şəxsiyyətidir ki, gərək yada yalnız yubileydən-yubileyə, hər hansı bir uyğun mövzu və tədbirlə əlaqədar düşməsin. Belə şəhidlərimiz gərək hər gün xatırlansın, adları daim dildə olsun, sayğıları həmişə bizimlə qalsın. Çünki Ömər Faiq kimi seçilmişlərimizin xidməti əslində Azərbaycanın hər günündə var. İstiqlal içərisindəyiksə, hər gün bu müstəqilliyin xoşbəxtliyini dadırıqsa, bu gün Azərbaycan hansısa bir-birinin ardınca zəfərlərə çatırsa, hamısında Ömər Faiqin də payı var.
...Ömər Faiqin təbib nəvəsi, uzun illər Tibb İnstitutunda kafedra müdiri olmuş Nigar xanım anası Adilə xanımın dilindən danışırmış ki, köklü-köməcli Abaşidzelər nəslindən olan nənəsi Abidə xanım uşaqlarını Ömər Faiqin vəsiyyətləri ruhunda tərbiyə edib böyüdürdü. Əslində Ömər Faiq vəsiyyət etməyə macal tapmamışdı. Onun bütün nəsihətləri də, vəsiyyətləri də yaşadığı ömür, yazdığı əsərlər idi. Ailədə də daim ona çalışılıb ki, Ömər Faiqin nigaran ruhu şad olsun deyə onun umduğu ruh, arzuladığı yeni nəsil tərbiyəsi ilk növbədə öz ailəsinin içərisində var olsun, balalarında davam etsin.
Mərd ataların amallarını yaşatmış, ən müdhiş əyyamlarda ailənin şərəfini uca tutmağa qadir olmuş, analığın, qadınlığın müqəddəs heykəlləri olan bu mələklər - Ömər Faiqin Abidə xanımı, Hüseyn Cavidin Mişkinaz xanımı, Əhməd Cavadın Şükriyyə xanımı, Seyid Hüseynin Umgülsüm xanımı və neçə-neçə belə dəyanətli qadınlarımız gərək həmişə rəhmətlərlə, sevgilərlə anıla, yeni nəsillərə görk ola!
Bir ailənin, bir nəslin dayağı olmuş bu mərd qadınların hər biri əslində millətin ləyaqət sütunlarıdır!
...Ömər Faiq abidəsini görkəmli sənətkar, xalq rəssamı, unudlmaz dostumuz Akif Əsgərovun tələbəsi olmuş gənc, istedadlı heykəltəraşımız, elə Rəssamlıq Akademiyasını bitirincə Nizami muzeyində işə götürdüyüm Leyla Məmmədova yaratdı. Abidənin açılış günündə, həmin həyəcan və qürur dolu axşamda Leyla da danışdı və belə təsirli sözlər söylədi ki, "Ömər Faiqi tanıdıqca onun əsr yarım əvvəl dediklərinin bu gün gerçəkləşdiyini başa düşdüm. Ömər Faiqin o vaxt qadınların təhsili üçün apardığı mübarizənin fonunda onun heykəlini 150 ildən sonra bir qadın hazırladı. Ömər Faiq mənim gördüyüm qədər əslində iki fərqli xarakterli insandır: bir tərəfdən o, balaca uşaqların əlindən tutub onlara bilik verən müəllim, digər tərəfdən də Axısqa Türk Cümhuriyyətinin ilk qurucusu, Azərbaycan uğrunda mübarizə aparmış qəhrəmandır. Ona görə mən hər iki xarakteri - həm müəllimi, həm də o lideri bu abidədə göstərməyə çalışdım.
2024-cü il mayın 14-də, tarixə çevrilən həmin əlamətdar gündə Ömər Faiq abidəsi üzərindən örtüyü çəkməzdən öncə bunu da söylədim ki, bu, sadəcə muzeydəki növbəti fərəhli açılış deyil. Təkcə Ömər Faiq Nemanzadəyə yaxın, qohum olan insanların da şad günü deyil. Bu, bir millət hadisəsidir. Xalqın əbədi yaşamaq haqqı olan bir övladı bu möhtəşəmliklə yenidən qayıdırsa, bundan belə daim gözlər qarşısında olacaqsa, bu, haqqın zəfəri, ədalətin təntənəsi deməkdir.
Ömər Faiq Nemanzadə böyük yolunu millət qarşısında içdiyi andla başlamışdı. 1904-cü ildə yazdığı və "Şərq-i rus"da dərc edilmiş "İqba-yi hissiyyat" şeirindəki bu misralar onun məramnaməsi, gələcək illər üçün müəyyənləşdirdiyi proqramı, millət qarşısında öhdəliyi idi:
Könlümün məqsudi qırmaqdır əsarət qeydini,
Meyl-i təmim-i həqaiq meyl-i baladır bana.
Əsarət zəncirlərini qırmaq yolunda çalışmağı, həqiqətləri müdam car çəkməyi bütün istəklərindən üstün tutmağın çağırışlarının son nəfəsədək dilindən düşməyəcək ən ali dəyərlər olacağını bəyan edən Ömər Faiq axıradək də andına sadiq qaldı. Mühərrirlik etdi, müəllimlik etdi, gərəkli saydığı kitabları millətin bilik üfüqlərini genişləndirmək üçün dilimizə çevirdi. Mirzə Cəlillə birgə "Molla Nəsrəddin" kimi müstəsna mizah toplusunu doğurdu.
Millət quruculuğu, xalqının yüksəlişləri naminə hər nəyi var - biliyini, vaxtını, rahatlığını, sevgisini fəda etdi. Axıra bir canı qalırdı. Onu da fəda edib əbədiyyətə uçdu. Abidəyə çevrilib yalnız bir muzey otağında deyil, küçələrdən, xiyabanlardan sevimli millətini hər gün salamlaya bilmək onun ana südü kimi halal haqqı deyilmi?!
17 noyabr 2024