Tbilisi meri Kaxa Kaladze bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin yox, başqa dövlətlərin maraqlarına xidmət edir.
525.az xəbər verir ki, bu barədə Interpressnews.ge saytı məlumat yayıb.
Kaladze Zelenskinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib.
Xatırladaq ki, dekabrın 5-də Zelenski ölkədəki etiraz aksiyaları və toqquşmalara görə 19 gürcü siyasətçiyə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb. Siyahıda Kaxa Kaladze də var.
“Bu gün o, özünə aid deyil, ailəsinə aid deyil və ən əsası, Ukraynaya və Ukrayna xalqına aid deyil. Zelenski başqa ölkələrin maraqlarına xidmət edir”, - deyə Kaladze bildirib.
Tbilisi meri qeyd edib ki, o, düşmənin Zelenskinin mövqeyində olmasını istəməzdi.
Kaladze əmin olduğunu bildirib ki, Ukrayna xalqı tezliklə ölkədə fəlakətin kimin köməyi ilə baş verdiyini anlayacaq və təhlil edəcək.
O vurğulayıb ki, Gürcüstana çoxlu ukraynalı ailələr gəlib və onlar bir çox güzəştlərdən istifadə edirlər. Gürcüstan hakimiyyəti bundan sonra da həmin insanlara kömək edəcək.
"Və bu, Zelenskinin dediklərinə cavabımız olacaq", - deyə Kaladze fikrini yekunlaşdırıb.
İbrahim Cəfərov