COP29-un uğurla başa çatması təbrikə, təşəkkürə və minnətdarlığa layiqdir. Bu qədər böhtanların, təzyiqlərin qarşısında belə ağır bir tədbirin tarixi nəticələrlə yekunlaşması cənab Prezidentin apardığı əzmkar, təmkinli, ardıcıl siyasətin və bu siyasəti reallaşdıran çevik komandanın böyük enerjisi sayəsində mümkün oldu.
lll
Xalq yazıçısı Anar Prezident İlham Əliyevə müraciət etdi və COP29-u Azərbaycanın Üçüncü tarixi qələbəsi adlandırdı:
"44 günlük Zəfər savaşından və 23 saatlıq antiterror əməliyyatından sonra COP29-un Bakımızda belə möhtəşəm keçirilməsi şəxsən Sizin, xalqımızın, müstəqil dövlətimizin Üçüncü tarixi qələbəsidir".
lll
Azərbaycan mətbuatının və ictimai fikrinin görkəmli simaları öz maarifçilik ideyaları və əzmkar fəaliyyətləri ilə xalqımızın taleyində misilsiz rol oynayıblar. Ən çətin şəraitdə belə doğma xalqın maariflənməsi, cəhalət və xurafatdan qurtulması yolunda onların fəaliyyətinin önəmi misilsizdir. Müstəqil dövlətimizin qurulması yolunda həmin şəxsiyyətlərin zehinlərə və qəlblərə əkdikləri maarif toxumları vacib rol oynayıb. Möhkəm zəmin, sağlam təməl üzərində pərvəriş tapmış mətbuatımız bütün dövrlərdə ana dilimizin saflığının qorunması naminə də böyük xidmət göstərib.
"Azərsun Holdinq"in mətbuatımızın 150 illiyi ilə bağlı hazırladığı təqvim son dərəcə gözəl təşəbbüsdür, çox gərəkli işdir. Mətbuatımızın 150 illiyini bayram etdiyimiz 2025-ci ildə o fədakar insanların belə bir orijinal təqvimlə xatırlanmasına, onların hər ay, hər gün iftixarla yada salınmasına vəsilə olmaq dərin minnətdarlığa layiq addımdır. Çünki milli mətbuatımızın banisi, ilk anadilli qəzetimizin redaktoru Həsən bəy Zərdabi başda olmaqla, xalqımızın tarixi inkişafında müstəsna rol oynamış böyük şəxsiyyətlərin bu təqvimdəki simalarına baxdıqca insanı yenidən daxili rahatlıq, güclü inam, haqlı qürur hissi bürüyür.
Şübhəsiz ki, bu dəyərli təqvim həm bütün ilboyu, həm də sonralar ən müxtəlif ünvanlarda vərəqlənəcək və onun səhifələrinə diqqət yetirildikcə Azərbaycan mətbuatının və ictimai fikrinin parlaq nümayəndələri dönə-dönə qürurla, hörmətlə anılacaqlar. Beləliklə, o görkəmli şəxsiyyətlərimizin çoxdan tarixdə layiqli yerini almış şanlı fəaliyyət yolu, işıqlı əməlləri bu təqvim sayəsində bir daha yaddaşlara həkk olunacaq.
lll
Xeyirxah niyyətlə deyilən iradları qəzəblə söyləməzlər.
lll
Susmaq da istedaddır, çoxlu keyfiyyətlər tələb edir.
lll
Mərc oyunlarının hər aludəçisi Dostoyevski olmur ki...
lll
Harınlıq haçansa cəzalandırılır...
lll
Payızın axırı bahar havası.
"Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlayanların" acığına...
Günəşli günlərimiz bol olsun!
lll
Bu az inkişaf etmiş, kiçik ölkələr də lap ağını çıxarıblar.
300 milyarda ağız büzürlər, trilyon istəyirlər.
Bəy verən atın dişinə baxmazlar.
lll
Havanın belə - bir saat soyuq, bir saat isti olması da iqlim dəyişikliyinin fəsadlarıdır.
lll
Aldatmaq aldatmaqdır; istər İP naminə sərlövhəylə, başlıqla aldat, istər çəkidə, qiymətdə aldat, istərsə də məkrli niyyətlə başqasına yalan deməklə.
lll
Lap cüzi şeylərlə də olsa insanları sevindirmək mümkündürsə, buna qızırqalanmayın.
lll
Gec, ya tez, dünyanın axırı gələcək.
lll
Bu günlərdə qardaş Türkiyə Cümhuriyyətində səfərdə oldum, Elazığda keçirilən ədəbi-ictimai tədbirlərdə iştirak etdim. Elazığ Bələdiyyəsinin təşəbbüsü ilə yaradılmış Harput Mətbuat Muzeyi məni xüsusən təsirləndirdi. Bu muzey keçən il açılıb və burada Türkiyənin mətbuat tarixi ilə bağlı çoxlu sənədlər, maraqlı eksponatlar toplanıb.
Elazığ Bələdiyyəsi 1750-ci ildə inşa olunmuş, Harput bölgəsi memarlığının ən gözəl örnəklərindən biri sayılan Sağır Müftü malikanəsini Mətbuat Muzeyinin ixtiyarına verib. Məlumdur ki, Harput qədim tarixə malik şəhərdir və belə bir şəhərdə bu muzeyin yaradılması mənə olduqca maraqlı gəldi. Bələdçimiz bildirdi ki, bu, Türkiyədə mətbuatla bağlı, sayca, 6-cı muzeydir və Harput bələdiyyəsi sədrinin şəxsi təşəbbüsü ilə təşkil edilib.
Türkiyə mətbuatının tarixi ilə bağlı çox dəyərli məlumatlar öyrəndiyim həmin məkanı qurub-ərsəyə gətirənlərə minnətdarlıq duyğusu keçirə-keçirə düşündüm ki, bizdə - zəngin mətbuat tarixinə malik Azərbaycanda niyə belə bir muzey olmasın?
Qarşıdan Azərbaycan mətbuatının 150 illiyi gəlir. 19-cu yüzilliyin 70-ci illərindən etibarən, Həsən bəy Zərdabi başda olmaqla, mətbuatımızın fədakar nümayəndələri böyük əzmkarlıqla çalışaraq, ən çətin dövrlərdə, hətta sərt senzura zamanlarında da Azərbaycan mətbuatının inkişafına nail olublar. Bilirik ki, bizdə mətbuatımızın tarixi ilə bağlı son dərəcə qiymətli materiallar, böyük bir dövrü əhatə edən çeşidli araşdırmalar, mətbu orqanlarımıza rəhbərlik etmiş şəxslər haqqında sanballı tədqiqat əsərləri var.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı artıq neçə illərdir ki, məhdud imkanlarla, adıçəkilən qəzetin redaksiyasında belə bir mətbuat muzeyi yaradıb və biz oranın açılışında iştirak etmişik. Yığcam otaqlarda Akif Aşırlının gərgin zəhməti nəticəsində Azərbaycan mətbuat tarixinə dair çoxlu sənədlər, eksponatlar nümayiş etdirilir. Amma mətbuat tariximizlə bağlı bu cür eksponatlar saysız-hesabsızdır və düşünürəm ki, Azərbaycanda daha böyük, zəngin, milli mətbuat tariximizə layiq muzeyin yaradılması tamamilə mümkündür.
Harputda Mətbuat Muzeyini görəndən sonra ürəyimdən keçdi ki, belə bir muzeyin məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, yaxud bizim gözəl şəhərimiz Xankəndidə yaradılması yerinə düşər. Fikrimcə, mətbuat ictimaiyyətimiz, tədqiqatçılarımız bu muzeyin yaradılmasında həvəslə, fəal şəkildə iştirak edərlər.
lll
Yaşamaq qəhrəmanlıqdır.
lll
Xoş təbəssüm yaratmaq istedad istəyir.
lll
Dünyanın başına nə gələcəyini cəmi 5-10 adam bilir.
lll
Liftlərin harda dayandığını görə-görə hər iki düyməni basan adamlar təhlükəli, yalnız özünü düşünən, başqalarını nəzərə almayanlardır.
lll
Elə edin ki, sizə həmişə inanaq. Etibarınızı itirməyin.
lll
Adam var, on il görməsən də, yadına düşməz.
lll
Ölkəmizə ziyan ola biləcək hansısa hadisəyə o dəqiqə sevinən, çiçəyi çırtlayan adamların cılızlığına, yazıqlığına dərin təəssüf hissi keçirib acımaqdan başqa bilmirsən nə edəsən.
lll
Xanım təyyarə kapitanının idarə etdiyi təyyarədə də uçmaq qismət oldu.
lll
Tədbirlər ömrü didir.
lll
Telefonu söndürəndə elə bil qaranlıq dünyaya düşürsən.
lll
Müdrik nəsihət: öz dənini özün üyüt!
lll
Görürsən qatar gəlir, keçmə də!..
(Xalq artisti, kaman ustası Habil Əliyevdən iqtibas)
lll
Qazaxlar "sabahınız xeyir"ə "xayırlı tan", "stop"a "toxta" deyir.
Daha qədim, daha anlamlı.
Türk birliyi həm də köhnə və gözəl sözlərin dirilməsidir.
lll
Mənə "Kazaxstanın kurmetti jazuşısı" adını verdilər...
Qazaxıstan Yazıçılar İttifaqının sədri Mereke Kulkenova təşəkkür edirəm.
lll
İnformasiya burulğanı...
lll
Dua həmişə ürəkdən gəlir...
lll
"Arif adlı gənc sosial şəbəkələrdə Nizami küçəsindən maraqlı kadr çəkib paylaşıb".
Media savadlılığından danışdığımız bir vaxtda, sosial medianın məsuliyyətsizliyini, qeyri-dəqiqliyini, ona istinadın etibarsız olmasını təkrar-təkrar söylədiyimiz bir zamanda bəzi media subyektlərinin Arif, qeyri-Arif adlı naməlum bir gəncin yanlış xəbərini tirajlaması təəccüb doğurur. "Arifin xəbəri" təkzib olunsa da, başlığa bir sual işarəsi qoymaqla məsuliyyətdən yayınmaq peşəkarlıqdırmı? Ciddi mediaya yaraşarmı? Axı təmkinli və məsuliyyətli olmaq daha çox etibar qazandırır.
Qeyri-dəqiqlik və məsuliyyətsizlik isə cameəni hörmətdən salır, həmkarları utandırır.
lll
Fədakarlıq rəğbət yaradır, təsirləndirir, gözləri yaşardır.