|
|
|
|
“Los-Anceles ətrafında tüğyan edən meşə yanğınlarının masştabı nüvə zərbəsindən daha çoxdur”.
525.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Newsmax” kanalına müsahibəsində deyib.
“Düşünürəm ki, heç nüvə silahının zərəri bu qədər böyük ola bilməzdi. Mən heç vaxt belə bir şey görməmişəm. Evlər sadəcə yanır”, - deyə Tramp bildirib.
Onun fikrincə, faciə nəticəsində həlak olanların sayı artacaq. Çünki hələlik bütün ərazilər tam araşdırılmayıb. Prezident həmçinin Kaliforniyadakı vəziyyətin televizorda göstərilənlərdən daha pis olduğuna əminliyini ifadə edib.
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan şiddətli yanğınlar hələ də davam edir. Los-Anceles və Malibunun bəzi hissələri tam yanıb. Hazırda yanğınlar nəticəsində ölənlərin sayı rəsmi olaraq 24-dür. Ən azı 12 min bina, o cümlədən şəxsi evlər dağılıb. “AccuWeather” meteoroloji şirkətinin ilkin hesablamalarına görə, iqtisadi zərər artıq 150 milyard dollara çatıb.
Quraqlıq və güclü külək yanğınla mübarizəni çətinləşdirir. Yanğınların söndürülməsi üçün digər ştatlardan xilasedicilər cəlb olunub və aviasiyadan da istifadə edilir.
İbrahim Cəfərov