|
|
|
|
İlk dəfə o sahillərdə dayandığım günlərdə həmin yerlərdə dəhşətlərin cərəyan etdiyi vaxtlardan 70 ilə yaxın zaman keçirdi. Ancaq uzaqlarda qalmış müharibə hələ də lap yaxında hiss edilirdi. Mənə kitablardan, filmlərdən tanış olan Triyest şəhərinin küçələrindən, məhəllələrindən keçirdim.
Şəhər gündəlik sakit həyatını yaşayırdı. Ancaq ara-sıra gözə İkinci Dünya müharibəsindəki dəhşətli partlayışlardan xəbər verən mənzərələr dəyirdi. Bilmirəm həmin müharibə xarabalıqlarını ətrafdakı digər gözəl tikililərə bənzəyən başqa binalarla əvəz etməyə hələ əlləri çatmamışdı, ya bu viranəlikləri qəsdən saxlamışdılar ki, müharibənin acı xatirəsi göz önündə olsun, yaddaşı ağrıtsın, keçmiş acıları unudulmağa qoymasın?!
2011-ci ilin may günlərində Mehdi Hüseynzadəni ilk dəfə ziyarət etdiyim çağlarda onun bir zamanlar döyüşdüyü İtaliyaya da getdim - Triyest şəhərini də gəzib dolaşdım. Sonra gəlib Adriatik dənizinin sahilində oturdum. Axşamüstü idi, qürub çağı idi. Bir suyu Xəzərə bənzəyən dənizə baxırdım, batan günəşi seyr edirdim və istər-istəməz Mehdini xatırlayırdım. Bu səhnə xəyalımda bütün aydınlığı ilə canlanırdı ki, Adriatik dənizinin sahilində, illər öncə, elə beləcə bir gündə bir cavan ləpədöyəndə dayanıbmış. Burda olmağına burda - İtaliyada, Triyest şəhərində imiş, amma həm də burda deyilmiş, düşüncələr onu əlçatmaz uzaqlara, bu dənizin, bu şəhərin bənzəri olan uzaqlara, doğma Bakısına aparıbmış.
Özümün dayandığım həmin sahildə bu mənzərəni dəqiqliyi ilə təsəvvürümə gətirməyim səbəbsiz deyildi. Çünki bakılı bir cavanın haçansa məhz o sahildə dayanaraq düşüncələrə dalması, cismən burda, ruhən Vətəndə - büsbütün ayrı sahillərdə olması haqda duyğularını əks etdirən misraları oxumuşdum. Ancaq bir neçə gün sonra həmin təəssüratlarım barədə Sloveniyada, Nova-Qoritsa şəhərində qocaman partizanlara danışanda onlardan biri anidən duruxdu və dilləndi ki, həqiqətən, Mixaylo azacıq imkan olan kimi Adriatik dənizinin sahilində təkcə əyləşər, uzun-uzadı sulara baxar, sonra qüruba baxardı və tez-tez də Bakını yad edərdi. Mehdi Hüseynzadə ordakı söhbətlərində Bakını yad edər, bu sahilə bənzəyən Kaspi sahillərindəki günlərindən danışardı.
Görünür, Mehdi yalnız həmin sahildə dayanıb sulara baxarkən deyil, hər gün, hər an Abşeronla, Xəzərlə, Vətənlə imiş ki, 1944-cü ilin fevralında bu şeiri də qələmə alıbmış.
Üstündən nə qədər illər ötsə də, onu daim elə qərib şəhərdəki bir ləpədöyəndə Vətənlə birgə göstərən "Adria sahillərində" adlı şeirini:
Gecə ay üzünə salarkən işıq
Dalğalı suyuna verir yaraşıq.
Burax bu qəmzəni, olmaram aşıq,
Çünki o Kaspinin vurğunuyam mən.
Bütün varlığımla onun varıyam,
Müqəddəs eşqinin səcdəkarıyam,
Yazıq ki, halım yox, gəzəm, arayam,
Keçdiyim yolların yorğunuyam mən.
Nədir bu dalğalar, nədir bu qəmlər?
Mənimtək ürəyin, inan, vərəmlər.
Qoy sənə desinlər ordan gələnlər,
O coşqun çayların durğunuyam mən.
Deməm gözəllikdə geri qalırsan,
Sən də bir pərisən, könül alırsan.
Bu qərib könlümə yada salırsan,
Açılmış güllərin solğunuyam mən.
Onun sahilində bir diyarım var,
Hicrana can verən nazlı yarım var,
Ondan dodağımda yadigarım var,
İtirmiş sevgimin sorğunuyam mən.
Gənclik həyatıma qədəm qoyunca
Gəzmədim suyunda mən də doyunca.
Qurbanı olaydım sahil boyunca,
Çünki o Kaspinin vurğunuyam mən.
...Mehdi şəkil çəkməyə 1920-ci illərin ortalarından - uşaqlıq illərindən, məktəb dövründən başlamışdı. Həmin günlərdən qara karandaşla çəkdiyi bəzi rəsmlər də yadigar qalıb. Vaxtilə o şəkilləri mənə qəhrəmanın bacısı oğlu, görkəmli bəstəkarımız, unudulmaz Aqşin Əlizadə vermişdi, mən də muzeydə yerləşdirdim ki, hər kəsə görünsün.
Uşaqlıq dövründə, məktəb illərində kim şəkillər çəkmir ki! Ancaq şagird Mehdinin yadigar rəsmlərinə baxınca sezirsən ki, bu ilk şəkillərdə artıq sadəcə şəkil çəkməyə təbii uşaqlıq marağı deyil, peşəkarlığa doğru bir canatma duyulur. Elə belə də varmış. O, əsl rəssam olmağı arzulayırmış. Bu istəyin yönəltməsi ilə də 1932-ci ildə gəlib Bakı Rəssamlıq Məktəbinə daxil olur. Rəssamlıq məktəbində onunla birgə oxuyanlardan biri sonranın məşhur rəssamı, sənətşünası, unudulmaz Mürsəl Nəcəfov idi. Mehdi ilə eyni ildə doğulmuş, onunla dost və qonşu olmuş Mürsəl müəllim nağıl edirdi ki, yaşıdlarımız arasında Mehdi rəssamlığa və şeirə xüsusi vurğunluğu ilə seçilərdi, onda şeirə və rəssamlığa sevgini ailəlikcə yaxın olduqları iki adam oyatmışdı. Şair Mirmehdi Seyidzadə (1907-1976), rəssam Hüseynqulu Hüseynov. Mürsəl müəllim danışırdı ki, Mehdi Hüseynqulu Hüseynovun yanına tez-tez gedər, çəkdiyi şəkilləri göstərib ondan məsləhətlər alardı. Mürsəl müəllim bunu da etiraf edirdi ki, onun rəssamlığa bağlanmasının səbəbkarı da elə Mehdi olub. Onunla son dəfə 1941-ci ilin avqustunda əsgərliyə getməzdən qabaq görüşmüş Mürsəl Nəcəfov əziz dostu ilə birgə rəsm çəkməkdən yorulmadıqları günləri xatırlayanda bunu da söylərdi ki, 1936-cı ildə Mehdi bir döyüşçünün rəsmini çəkmişdi, şəkil o qədər bəyənilmişdi ki, 1938-ci ildə həmin lövhəni sərgiyə aparmışdılar.
Ancaq Mehdinin rəssamlığa meyil etdiyi həmin illərin bir başqa saxlancı da qalır ki, onda da tale izi var. 1936-cı ildə Bakıda "Döyüş yollarında" adlı bir kitab nəşr edilib. Həmin kitabçaya o illərin böyük ümidlər verən gənc şairi Abdulla Faruqun (1907-1944) arxivini araşdırarkən rast gəldim. Hələ müharibə, döyüşlər, qanlar-qadalar çox uzaqda idi. O kitabdakı şeirlərin müəllifi Abdulla Faruqu da, həmin kitabın tərtibçi rəssamı Mehdi Hüseynzadəni də tezliklə başlanacaq müharibə alıb aparacaq.
Sanki çəkdiyi ilk müharibə rəsmləri ilə tale ona sabahını, keçəcəyi qanlı-qadalı savaşı, aqibətini göstərirmiş.
Mehdi Hüseynzadə 26 illik qısa ömür yaşadı. Bacıoğlusu Aqşin Əlizadə yaşı 60-ı, 70-i keçəndən sonra da onu xatırlayarkən sanki dönüb uşaq, yeniyetmə olurdu və Mehdi bütün ömrü boyu onunla idi. Aqşin müəllim həmişə cibində dayısının ona hədiyyə etdiyi, arxasını da yazdığı şəkli gəzdirirdi. Özünün sözü idi ki, hər dəfə evdə piano arxasına keçəndə, çalmağa başlayanda elə zənn edir ki, elə indicə dayısı dayanıb onu dinləyir. Deyirdi ki, Mehdi bizim üçün həmişə sağ-salamatdı. Bir də mən çox sevinirəm ki, o, bütün xalqın oğludu. Mən bunu hər məqamda hiss edirəm, hətta uzaq yerlərdə də. Mehdini tanıyanlar, görənlər ondan danışanda kövrəlirlər. Əvvəllər bu mənə qəribə gələrdi, yaşa dolduqca bunun ən dərin istəkdən gəldiyini anladım.
Aqşin müəllim Mehdi ilə heç ağla gəlməyəcək yerlərdə də rastlaşmasından əhvalatlar danışırdı. 1984-cü ildə Afrikaya səfər əsnasında Porto-Novo şəhərində sovet konsulu Yulen Sidelnikovla (1924-2007) görüşündən bəhs edirdi. Danışırdı ki, Yulen Antonoviç biləndə ki, mən Mehdi Hüseynzadənin bacısı oğluyam, çox mütəəssir oldu, gözləri yaşardı və mən məəttəl qaldım. O, köhnə hərbçi, general idi. Dedi ki, siz hamınız fəxr etməlisiz, Azərbaycan xalqı qürur duymalıdır ki, onun Mehdi kimi övladı olub.
Həmin təhlükəsizlik generalı Sidelnikov Aqşin Əlizadəyə bunu da söyləyibmiş ki, vaxtilə başqa bir neçə həmkarı ilə bərabər müharibə dövründəki sovet kəşfiyyatçılarının fəaliyyətini öyrənməkçün Avropaya uçublarmış və Mehdi Hüseynzadə ilə əlaqədar elə təfərrüatlarla rastlaşıb ki, mat qalıb. Deyirmiş ki, Mehdinin elədiklərinin çoxunu siz bilmirsiniz, onun elə hünərləri olub ki, bu gün də onlar barədə açıq demək olmaz.
Keçmiş təhlükəsizlik generalı, fəaliyyətdə olan diplomat, 1984-cü ildə, hətta hadisələrin üstündən 40 il sovuşandan sonra belə Mehdi Hüseynzadənin məxfiliyinin qorunması gərək olan hansı xidmətlərini, hansı şücaətlərini nəzərdə tuturmuş?!
Belə çıxır ki, biz Mehdi Hüseynzadəni heç bütövlüyü ilə tanımırıq, onun qəhrəmanlıqlarının hələ açılmamış çox səhifələri var.
Bu qovluq bir şücaət tarixinin şahididir. Bu qovluqda toplanan sənədlər Mehdi Hüseynzadənin bir partizan olaraq göstərdiyi qəhrəmanlıqların əks-sədalarıdır. Vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinin arxivində olan qovluqlardan çıxardığım surətlərdir. Mehdi Hüseynzadənin o zaman göstərdiyi hünərlər barədə ayrı-ayrı sənədlər, zamanında alman, italyan, yuqoslav qəzetlərində dərc edilmiş məqalələrdən kəsiklər. Bunların bir qismi bədii və sənədli əsərlərdə əksini tapıb. Ancaq indiyədək üzə çıxmayanları və hələ tədqiqatçı üzünə qapalı qalan qovluqlar da var axı!
Mehdi Hüseynzadə haqqındakı "Uzaq sahillərdə" filmindən sonra Mixaylo Əlisəttar Atakişiyevin (1906-1990) 1961-ci ildə çəkdiyi "Bizim küçə" filmində də görünür. Yenə alman zabiti - ober-leytenant geyimində, yenə varlığı ilə almanlar içərisində dəhşətli xof yaratmaqdadır. Həmin filmdə Mixaylo restoranda təsadüfən rastlaşdığı bir azərbaycanlı qızı qaçıraraq etibarlı əllərə təhvil verir və elə həmin epizod anladır ki, bu kəşfiyyatçının yalnız sadiq dostları, məsləkdaşları deyil, elə almanlar arasında öz agentləri də varmış.
Mehdi Hüseynzadənin partizan həyatı barədə, onun şücaətləri haqqında xeyli məlumata malikliyimiz bir yana, tale nəsib etdi, bir vaxtlar onunla birgə olmuş partizanlarla da görüşərək söhbətləşdik, xatirələrini bilavasitə dinlədim. Təbii ki, tam olmasa da, hər halda onun partizan hünərlərini dolğunluğu ilə göstərən bilgilər az deyil. Tanış olduqca istər-istəməz lap nabələd adam da cavan bir oğlandakı bunca cəsarətə, qorxmazlığa heyran qalmaya bilmir. Amma Mehdi Hüseynzadənin həyatının və qəhrəmanlıqlarının hələ də açılmamış örtülü səhifələri var ki, biz onlardan xəbərsiz qalınca Mehdi Hüseynzadənin kimliyi və igidliyi haqqında təsəvvürümüz hələ bütöv və dəqiq olmayacaq.
"Uzaq sahillərdə"yə qədər də SSRİ-də kəşfiyyatçıların müharibə dövründəki şücaətlərindən bəhs edən başqa filmlər çəkilmişdisə də, bunun qədər təsirlisi olmamışdı. Zamanında yalnız bizdə deyil, bütün Sovet İttifaqı boyu illərcə ekrandan düşməmiş və sevilmiş bu kinonu sonraların çox məşhur "Baharın 17 anı"nın sələfi də adlandırmaq olar. "Baharın 17 anı" filminin ssenari müəllifi Yulian Semyonov (1931-1993) milliyyətcə yəhudi idi, əsl familiyası Lyandres olmuşdu və bizim Ziya Bünyadovla (1921-1994) Moskvada eyni dövrdə şərqşünaslıq təhsili almışdı. Vaxtilə onu sənədlərini saxtalaşdırmağa görə ali məktəbdən qovmaq məsələsi müzakirə ediləndə tələbə yoldaşı, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov qalxıb mərd bir çıxış etmişdi, özünə xas dəliqanlılıqla elan etmişdi ki, Yulianı institutdan xaric etsəniz, mən də buna etiraz olaraq ərizə yazıb çıxacağam.
Görkəmli yazıçı bu yaxşılığı unutmurdu, ömrünün axırınadək bu dostluğu qəlbində yaşatdı və hərdən Bakıya səfər edərdi. 1980-ci illərin əvvəllərində Bakıya gəlişlərindən birində Şərqşünaslıq İnstitutunda söhbətimizdə söz gəlib "Uzaq sahillərdə" filminə, Mehdi Hüseynzadəyə çatmışdı və Yulian Semyonov demişdi ki, həmin filmə bir neçə dəfə baxıb, çox da bəyənir və əlavə də etmişdi ki, onun Ştirlisi ümumiləşmiş bir surətdir, ancaq Mixaylo gerçək bir insandır, hələ insanların haqqında bilmədiyi hünərləri də kifayət qədərdir. Yaxşı olardı ki, onun kəşfiyyatçı sərgüzəştləri filmlər silsiləsinə, yaxşı bir seriala çevrilsin.
Kim bilir, bəlkə haçansa kinomuz dirçələcək, keçmiş şöhrətini bərpa edəcək və yaratdığı yeni sevimli ekran əsərləri arasında bizim də Mehdi haqqındakı öz "Baharın 17 anı" kimi serialımız olacaq. Bu, uzaq bir arzudur. Yaxın dilək isə Mixaylonun düşmənlər arasında və arxasında aparmış olduğu misilsiz kəşfiyyat fəaliyyəti ilə bağlı ən əvvəl qapalı arxivlərdəkiləri üzə çıxarmaq, onları elmi, publisistik yazılara, bədii yazılara çevirməkdir.
Mehdi Hüseynzadə legionda olub, partizanlıq dövründə olduğu kimi, yalandan alman zabiti libası geyinərək deyil, elə həqiqətən əsl alman əsgəri mundirində də işləyib.
Əsirlər arasından seçilənlər və alman tərəfə könüllü keçənlər vasitəsilə sovetlərə qarşı təbliğat işini gücləndirmək məqsədilə 1943-cü ildə Almaniya Quru Qoşunları Baş Komandanlığı xüsusi əmr imzalamışdı. Bu əmrə əsasən nasistlərin təsis etdiyi və sovetə qarşı həm ideoloji, həm də birbaşa mübarizədə istifadə edilməsi nəzərdə tutulan milli legionlarda sənət qabiliyyəti olanlar aranmağa başlanılır. Qələmi, səsi, musiqi qabiliyyəti, aktyorluq bacarıqları olanları müxtəlif dillərdə vərəqələr tərtib etməyə, qəzetlər buraxmağa, radio verilişləri hazırlamağa, konsertlər və tamaşalar verməyə cəlb edirlər.
Hələ 1942-ci ildə, əsir götürüləndən az sonra nasistlərin Potsdamdakı kəşfiyyat məktəbində bir neçə aylıq təlim keçmiş Mehdi Hüseynzadə yaradıcılıq səriştələri baxımından göydəndüşmə namizəd idi və ondan geninə-boluna istifadə edilirmiş. O həm tez-tez Azərbaycan dilində hazırlanan radio verilişlərində çıxış edirmiş, həm legion qəzetləri üçün məqalələr yazır, karikaturalar, plakatlar çəkirmiş, həm də yaxşı natiq olduğu, ana dilindən savayı ruscanı da yaxşı bildiyi üçün mütəmadi olaraq təbliğat və təşviqat aparmaq, eyni zamanda, əsirlər arasında milli legionlara yeni adamları cəlb etmək məqsədilə müxtəlif əsir düşərgələrinə göndərilirmiş. Sənədlərin, köhnə qəzetlərin və arxiv materiallarının çatdırdığı soraqlar öz yerində, bu haqda mənə canlı şahid - o dövrdə alman əsirliyində saxlanmış, bir müddət keçincə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilmiş, milli legionda da fəaliyyətləri olan, həmin legiona rəhbərlik etmiş Əbdürrəhman Fətəlibəylinin yaxın silahdaşlarından biri, sonralar fransız müqavimət hərəkatına qoşularaq faşistlərə qarşı mübarizə aparmış, müharibədən sonra Fransada, Parisdə mühacir həyatı yaşamış, ömrünün 13 ilində sıx dostluq münasibətlərində olduğumuz, tez-tez görüşdüyümüz Qədir Süleyman (1917-2014) da danışırdı. Lakin bunlar hələ Mehdinin legionda olarkən yalnız üzdən görünən işləri idi. Onun həm o, həm bu tərəfin tarşırıqları ilə yerinə yetirdiyi zahirdən görünüb bilinməyən başqa mühüm işləri də çox olmuşdu.
Mehdi Hüseynzadənin o dövrdə bir legionçu kimi nələr etməsinin izləri Vermaxtın - nasist Almaniyasının silahlı qüvvələrinin səliqə-sahmanla qorunan arxivlərində qalmaqdadır. Amma, eyni zamanda, Mehdinin almanlarla bir yerdə olmasınadək, onlarla çalışdığı dönəmdə, sonra partizanlarla birlikdə mübarizələrini davam etdirərkən üzdən görünməyən gizli kəşfiyyatçı fəaliyyətlərinin də sənədli-sübutlu əks-sədaları SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin - indi Rusiya Federasiyasına aid arxivlərində "yeddi möhür altındakı" qatlarında qalmaqdadır. Mehdi Hüseynzadə kəşfiyyatçılığının mübhəm tərəfləri ilə bağlı bu məlumatları da arayıb axtarsaq, tapıb ortaya çıxara bilsək, onda mərd soydaşımızın surəti bizə möhtəşəmliyi ilə əyan olar, elə dünya da onu böyüklüyü ilə daha yaxından tanıyar.
Həyat, elə bil ki, uşaqlıqdan Mehdini sabahkı qəhrəmanlıqlar üçün bərkidərək yetişdirirmiş.
Nə yaxşı ki, Aqşin Əlizadə ilə söhbətlərimi yalnız qeydlər kimi dəftərçələrimdə saxlamamışam, həm də onun istəkli dayısı haqda çoxlu söhbətlərini lentə almışam. İndi həmin söhbətləri Mehdinin ömür yolu haqda bir filmə baxırmış kimi dinləyirəm. Söyləyirdi ki, Mehdi uşaqlıqda idmanı çox sevərmiş, mahir üzgüçüymüş, saatlarla dənizdən çıxmazmış. Bakı bulvarında 1920-ci illərin sonlarında, 1930-cu illərin əvvəllərində cavanların, yeniyetmələrin üstünə qalxaraq dənizə atıldıqları müxtəlif hündürlüklü platformalar varmış. Anası Aqşin müəllimə söyləyirmiş ki, Mehdi yaxşı üzən olsa da, heç vaxt o cür paltformalara qalxıb dənizə atıldığı olmayıbmış. Tay-tuşlarından bir-iki nəfər platformalardan dənizə tullanır, Mehdiyə də söz atırlar ki, deyəsən, qorxursan ki, bura qalxsan, gözün qaralar. Mehdi bacısına etiraf edibmiş ki, bu sözlər mənə yer elədi, qalxdım platformaya, gördüm ki, həqiqətən, adamı bu hündürlüyün vahiməsi basır, ancaq ürəyimdə dedim ki, ölmək ölməkdir, xırıldamaq nə deməkdir, dırmaşdım lap ən hündür platformaya, ordan atıldım dənizə...
Kim bilir, bəlkə də bu, Mehdini gələcək qəhrəmanlığına doğru aparan ilk şücaəti, hər bir insanda olan kimi, söz yox, onda da olan can qorxusu hissi üzərində ilk qələbəsi imiş?!
Amma Aqşin müəllim anası Bikəxanımın dilindən bir ayrı əhvalatı da nağıl eləyirdi. Novxanı bağlarında olduğu aylarmış. Mehdi hələ yeniyetməymiş, dənizdə balıq tuturmuş. Necə olursa, tilovu atanda qarmaq əlinə ilişir və ehtiyatsız dartınca dərinə işləyir. Bunu görüncə ətrafdakılar qışqırışır, Mehdi isə cınqırını da çıxarmır.
"Anam yada salırdı ki, biz istədik qarmağı onun əlindən çıxaraq, nə illah elədik, alınmadı, Mehdi özü qarmağı asta-asta çıxartdı. Bilirdik ki, çox ağrıdır. Ancaq nə ah-uf eləyirdi, nə zarıyırdı. Sakitcə çıxartdı, heç nə olmayıbmış kimi gülümsündü. Anam hər dəfə bunu yada salanda ağlayırdı, bizi də qəhərləndirirdi".
1935-ci ildə hələ çox gəncdi, hələ həyat onunçün nağıl kimi idi. Rəsmlər çəkirdi, şeirlər yazırdı, sevirdi...
Elə "Ağ qoyunun macərası" adlı bu nağıl-poemanı da o vaxt yazıb. Hələ nə yaşı var ki! Ömründən müəyyən acı dalğalar keçibsə də, itkilərə uğrayıbsa da, hələ sarsıdıcı haqsızlıqları, ədalətsizlikləri görməyib. Ancaq guya heyvanlardan bəhs etdiyi bu qoşqusunda həyatdakı bərabərsizliyə, qəddarlığa, könülsındırmalara etiraz edir. Sanki uşaqlar üçün, elə özü də uşaqlığından təzəcə ayrılmış bir gəncin yazdığıdırsa da, bu poemada yaşından irəligetmişlik var.
Bir kənddə yaşayan zalım qarının qoyununu necə incitməsi, necə istismar etməsindən başlanan o nağılda haqsızlığa dözməyən heyvan qaçıb gedir, başqa kəndlərdə özü kimi zülmə məruz qalmışlarla rastlaşır, birlikdə bir çobanın yanına məsləhətə yollanırlar. Çoban onları dinləyincə qəmlənir, amma yanında dayanmış keçi ötkəmliklə başını aşağı salıb müti dayanmamağı, haqqını almaqçün mübarizəyə başlamağı tövsiyə edir:
Günəş şəfəqlərin yaymışdı zərrin,
Səhər açılmışdı. Çoban tütəyin
Çalarkən gəlib də dedilər ona,
Çıxmaq istəyirlər indicə yola.
Çoban məyuslaşdı, gözünü sildi,
Yaxındakı keçi mətləbi bildi.
Dedi: "Əzizim, nə lazım ağlamaq?
Lazım zülm əlində aciz qalmamaq!"
Birləşərək biz yox edək qubarı,
Yer üzündən məhv edək zalımları.
Çoban dedi: "Sağlıq ilə gediniz,
Bütün məzlumlara kömək ediniz".
Məzmunu və mahiyyəti etibarilə sərvətləri talanan, başından basılan bir xalqın və məmləkətin azadlıq niyyətlərindən, haqqına çatmaqçün apardığı mübarizədən bəhs edən bu poema nikbin misralar və çağırışlarla bitir ki, biz birləşərək bir kənddəki zalımların axırına çıxdıq, ancaq mübarizə davam edir, başqa zülmkarların da dərsini vermək, özgə yerlərə də azadlıq gətirməkçün gərək dayanmadan irəliləyək:
Qoyun dedi: "Bilin siz, arxadaşlar,
Bu kənddə məhv oldu bütün zalımlar.
Başqa kəndə etməliyik biz imdad,
Onları da edək zülmdən azad.
...Mehriban uşaqlar, bunu bilin siz,
Zalımın əlində deyilik gücsüz.
O yazıq qoyun ki dilərdi imdad,
İndi bizim kimi yaşayır azad".
Bu poemanı yazarkən gənc Mehdinin ürəyindəki nə imiş? Elə bir sovet gənci kimi mətbuatın yazdıqlarına inanan, insanlara məhz Şura hökumətinin azadlıq gətirməsinə sidq ürəkdən inanaraq belə yazırmış, ya sərvətləri sümürülən vətənini, Azərbaycanı düşünürmüş?
Bunu indidə oturub keçmiş haqqında yanlış düşünmək, o vaxt guya ağla gəlməsi mümkün olmayacaq fikirləri bugünkü baxışla o çağın adamına aid etmək cəhdi kimi yozmağa tələsməyin.
Mehdinin daha bir gənclik yoldaşı, Seyid Hüseyn yadigarı Oqtay Sadıqzadə ətrafdakıların necə baxacağına bənd olmadan onun həmkəndlisi Məhəmməd Əmin Rəsulzadənin oğlu Rəsulla da yoldaşlıq etdiyini, rəssamlıq texnikumunda dostlar arasında elə bu qəbil ipə-sapa yatmaz düşüncələri ara-sıra dilə gətirdiyini xatırlayırdı və həmin poemadakı bu misralarda da elə əsir Azərbaycan haqqında söylənibmiş kimi aydın işarələr göz qabağındadır:
Hər gün səhər südümdən içirdilər,
Döyüb-söyüb sonra incidirdilər.
Məni sanmayınız adi qoyunam,
Niyə qoymayırsız azad dolanam?
Mənim sizdən yoxdur heç bir minnətim,
Sizə də dəyməyir heç əziyyətim.
Neçə dəfə məni siz ac qoydunuz,
Bəsdir artıq daha məni soydunuz.
Hərdən qovub meşələrə göndərin,
Bu cavan ömrümü muma döndərin.
10 ildən də bir az sonra - 1943-1944-cü illərdə Mehdi Hüseynzadə yurdunun və millətinin istiqlalı haqqında alovlu sözlərini artıq məcazlarla, Ezop diliylə yox, Berlindən ana dilində efirə verilən verilişlərdən söyləyəcək.
Qədir Süleyman bunu da xatırlayırdı ki, Fətəlibəylinin - Əbo Düdənginskinin rəhbərliyi ilə 1950-ci illərin əvvəllərində "Azadlıq" radiosu Azərbaycan dilində fəaliyyətə başladığı dövrlərdə mayor həsrət və xiffətlə söyləyibmiş ki, kaş Mehdi indi bizimlə olaydı, bu radionun dayağına çevrilərdi.
Mürsəl Nəcəfov da xatırlayırdı ki, Mehdi şeir söyləməyi çox xoşlardı. Dostlar məclisində ona müraciət edilən kimi məmnuniyyətlə başlardı dayanmadan həm özünün, həm digər şairlərin yazdıqlarından sıra-sıra coşqu ilə oxumağa.
Aqşin müəllim də söyləyirdi ki, Mehdi elə rəsm çəkməkdə də beləymiş. Çəkdiyi şəkillərin çoxunu ona-buna bağışlarmış: "Hara getsə, kimə qonaq olsa, ondan xahiş edirmişlər ki, şəkil çəksin. Bu yaxınlarda Bakı kəndlərindən bir yaşlı kişi mənə dedi ki, günlərin birində Mehdi bizə qonaq gəlmişdi, rus peçinə bənzəyən iri sobamız vardı, Mehdi sobanın yanındakı kömür qalağını görəndə əlini atıb birini götürdü, cəld, bir-iki dəqiqəyə kömürlə divarda mənim şəklimi çəkdi. O qədər gözəl alınmışdı ki, hamını valeh etmişdi. Heç kim inanmırdı ki, bu şəkil elə göz açıb yumunca qısa vaxtda çəkilib. Mehdi getdi, müharibə qurtardı, illər keçirdi, anam qoymurdu ki, həmin divarı ağartsınlar. O şəkli Mehdinin xatirəsi kimi qoruyurdu".
...El arasında "Mehdinin kinosu", "Mehdinin kitabı" kimi məşhurlaşan "Uzaq sahillərdə" kitabı mənə uşaqlıq illərindən tanış idi. Amma vaxt ötəndən, Mehdi Hüseynzadənin şəxsiyyəti ilə bir az da yaxından maraqlanandan, həmin kitabdakı rəsmləri çəkmiş böyük sənətkarımız Oqtay Sadıqzadə ilə münasibətlərimiz yaranandan sonra bir dəfə onunla bir təəccübümü bölüşdüm. Dedim, axı siz istər klassiklərə həsr olunmuş əsərlərinizdə, istərsə də müasir həyatla bağlı lövhələrinizdə həmişə çalışmısınız ki, seçdiyiniz hədəfə indiyəcən heç kəsin baxmadığı görüm bucağından yanaşasınız, burada isə sanki hər illüstrasiya kadrbakadr "Uzaq sahillərdə" filmindən götürülüb. Oqtay müəllim heç sualım bitməmiş dilləndi ki, film 1958-ci ildə çəkilib. Mənim rəsmlərimsə artıq 1954-cü ildə kitabda nəşr olunmuşdu. Bu isə o deməkdir ki, mən onları 1953-cü ilin sonlarında, 1954-cü ilin əvvəllərində çəkmişəm.
Sən demə, hər şey əksinə olubmuş. Rəssam filmdən deyil, rejissor Oqtay Sadıqzadənin yaratdıqlarından bələdçi kimi istifadə edibmiş.
Bunca öncəgörüm, bunca həssaslıq heyrətləndirməyə bilmir - film söhbətinin hələ ortada olmadığı, 4 il sonra çəkiləcək filmdə Mixaylo rolunu məhz Nodar Şaşıqoğlunun yaradacağı söhbəti yerli-dibli ortada olmayan vaxtlarda Mehdini Oqtay müəllim elə çəkib ki, həm həyatdakı Mehdiyə oxşayır, həm də həmin roldakı Nodara.
Məni lap təəccübləndirən bir məqam da var, bunu söyləyəndə Oqtay müəllim özü də mat qaldı.
Mən Sloveniyada olanda, Şempas kəndində, Mehdinin ömrünün sona yetdiyi məkanı görəndə elə zənn etmişdim ki, yəqin, "Uzaq sahillərdə" kitabına rəsmlər çəkmiş Oqtay Sadıqzadə, həmin filmin rejissoru Tofiq Tağızadə burda olublar, bütün bunları görüblər. Ancaq nə onun, nə bunun ayağı Şempasa dəyibmiş. Oqtay müəllim elə fəhmlə çəkibmiş, rejissorçün də həmin rəsmlər çəkilişlərdəki səhnəni qurmaqçün yolgöstərənə dönübmüş. Mehdinin faşistlərlə son qarşılaşma səhnəsi, kənd evinin çardağından düşmənlərlə atışması baş verən məkan. Başa düşürəm, təxmin etmək olar ki, bir kənd evi başqasına oxşaya bilər və təxmini nəsə çəkmək olar. Amma Oqtay müəllim elə çəkib ki, sanki orda olub, o kəndi də, o evi də, o çardağı da öz gözləri ilə görüb.
Necə olub ki, belə alınıb? Bilirəm, belə sualların cavabı olmur. Amma hər halda Oqtay müəllimdən xəbər almışdım. Qayıtmışdı ki, nə bilim, yəqin, Mehdinin ruhu köməyim olub...
...Mən 2011-ci ildə onunla tanış olanda mükəmməl Moskva məktəbi keçmiş, aspiranturanı orda oxumuş, namizədlik dissertasiyasını da ordaca müdafiə etmiş, təcrübəli, bilikli mütəxəssis kimi böyük hörməti olan Gülara xanım 26 il idi ki, Həkimləri Təkmilləşdirmə İnstitutunda Şüa diaqnostikası kafedrasında çalışırdı, rentgenoloqlara, şüa diaqnostikası həkimlərinə dərs deyirdi. Ancaq məni onunla söhbətə aparan ayrı şüa idi. Mehdiyə doğru yönələn bir işıq dilimi. Mən hələ məktəbliykən Azərbaycan televiziyasında Mehdinin bacıları Bikəxanım Əlizadənin, Hürriyyət Əzizbəyovanın təsirli xatirələrini dinləmişdim və indi onlar həyatda yoxkən qəhrəmanı, yaddaşları mənə yaxın edəcək ən münasib körpülərdən biri Gülara xanım ola bilərdi. Hərçənd Mehdi əsgər gedəndə o, çox kiçik olmuşdu, amma anasının, xalasının dönə-dönə danışdıqları illərcə hafizəsinə elə hopmuşdu ki, elə bil bunlar öz gördükləri, yaşadıqları idi. Bu sətirləri yazanda sualımı verməyə qorxa-qorxa babasının adını daşıyan qardaşı Hənifəyə zəng vurdum. "Gülara 2020-ci ildə vəfat etdi", - dedi.
Bakıdan çox aralıda olduğu, şiddətli müharibənin qoynunda, həyatla ölümün astanasında dayandığı anlardasa sevimli bacısı uşaqları Gülara da, Aqşin də hər an Mehdiyləmiş, uzaqdan-uzağa ona güc verirlərmiş, ümid bağışlayırlarmış, cəbhədən göndərdiyi hər məktubda onlara salam göndərir, qaibanə onları qucağına alıb öpür.
"Hər şey yuxu kimi xatirimə gəlir. Bəlkə də böyüklərin söylədiklərinə əsasən elə güman edirəm ki, bunlar elə öz yadımda qalanlardır. Aqşin də mənim yadıma salmağa çalışır. Deyir ki, biz ikimiz ağ şubada idik, getdik, Mehdi dayını yola salırdıq. Bizə gəlirdi, bizimlə saatla oynayırdı, qolumu öpə-öpə sağa-sola eləyirdi, birdən elə bil qollarımın arasından şokolad çıxarıb verirdi mənə. Bu cür fokusları ilə günlərimizi bayrama döndərirdi. O vaxt mənim 3 yaşım olub. Yəqin ki, bu anlar elə anamın danışdıqlarından beynimə həkk olunub. Biz ömür boyu inanmamışıq ki, Mehdi dayı yoxdur. Həmişə yolunu gözləmişik. Hər qapı açılanda demişik ki, Mehdi dayı gəlir. Hər məktub gələndə, ya kimsə gəlib Mehdidən danışanda anamın gözündən yaş sellə tökülərdi. Biz də girib stolun altında gizlənərdik, anamızın niyə belə ağlamasından qorxardıq. İndiyəcən yadımdadı, balkonumuz var idi, yuxarıda qara bir reproduktor asılmışdı. Onun altında oturub qulaq asardıq. Sovinformbüronun məlumatlarını oxuyardılar, anam hamısına qulaq asardı, bizimkilər Varşavanı götürəndə, İlahi, necə sevinirdi! Atam hətta çırtma ilə stolu çaldı, anam qalxıb oynadı. 1946-cı il idi, həyətdə oynayırdıq, qapı açıldı, iki kişi içəri girdi, mən elə bildim Mehdi dayıdır, qayıdıb, yüyürdüm üstünə. O kişi bir az pərt oldu. Dedi ki, mən Mehdi deyiləm, onun cəbhə yoldaşıyam, Cavad Həkimliyəm, anan evdədir? Qaçıb anamı çağırdım, Cavad Həkimli anamla axşamacan söhbət elədilər. Mən qapının ağzında dayanmışdım. Bilirdim ki, mama çox həyəcan keçirir. Həmin Cavad Həkimli Mehdidən qalan əşyaları gətirmişdi. Üzüyünü, portsiqarını, bəzi kağızlarını. Bizə ilk dəfə o xəbər verdi ki, dayım necə həlak olub, necə basdırılıb, məzarının yerini nə təhər dəyişiblər.
Yazıq Bibinənəm, gecə-gündüz "Mehdi" deyirdi. O, babamın böyük bacısı olmuşdu, Mehdinin anası rəhmətə gedəndən sonra anama da, xalama da, dayıma da o, analıq etmişdi. Müharibə bitmişdi. Davaya gedənlər bir-bir qayıdıb gəlirdilər, Mehdidənsə xəbər yox idi. Hər gün Bibinənəm bir bağlama yemək götürüb gedərdi Biləcəriyə ki, balam qayıdacaq, yoldan gəlir, ac olar, qoy evə gələnəcən elə yolüstü bir tikə yesin. Perronu gəzər, davadan qayıdan əsgərləri gətirən qatarların, vaqonların yanından keçə-keçə "Mehdi! Mehdi!" çağırardı. Axşamacan ordan əl çəkməzdi. Hava qaranlıqlaşanda, görəndə ki daha bu gün Mehdidən xəbər olmadı, apardığı bağlamadakıları elə perrondaca paylayıb qayıdardı, yenə sabahı gün həminki kimi Biləcəriyə yola düşərdi".
Yenə Biləcəriyə növbəti gəlişlərindən birində Bibi "Mehdi! Mehdi! Mehdi!" deyib səslənəndə perrona yaxınlaşan qatardan kimsə qışqırır ki, ay ana, Mehdi o arxadakı vaqondadır.
Dünyanın ən şirin vüsalına birmi, ikimi, üçmü vaqon qalırdı.
Bibinənə təlaş içində fərəhindən uça-uça, "Mehdi!" çağıra-çağıra bu vaqondan o birinə, obirindən digərinə doğru tələsir, hər yetəndən balasını soruşur.
Qayıdan başqa Mehdi idi...
Heç Cavad Həkimli gəlib Mehdinin həlak olması xəbərini çatdırandan sonra da bunu Bibinənəyə bildirmirlər.
Yenə hər gün bağlamasını götürürmüş, yenə hər səhər Mehdisini qarşılamaq ümidi ilə Biləcəriyə yollanırmış.
Özü dünyadan köçəcəyi növbəti səhərə kimi o evdə Mehdi hələ sağmış, qayıdacaqmış...
2 aprel 2025