Sudan Silahlı Qüvvələri Xartum əyalətinin Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) üsyançılarından tam azad edildiyini elan edib.
525.az xəbər verir ki, bu barədə ordu sosial şəbəkə hesablarında məlumat yayıb.
"Biz bu gün milli paytaxtımızın üsyançılarından və onların əlaltılarından tam təmizlənməsini elan edirik. Xartum əyalətinin üsyançılardan tamamilə təmizləndiyini təsdiqləyirik", - bəyanatda deyilir.
Ordu nümayəndələri, eyni zamanda əsirlərin öz evlərinə qayıtmasına və yaralıların tezliklə sağalacağına ümid etdiklərini bildiriblər.
Bundan əlavə, Sudan Silahlı Qüvvələri Xartum əyalətinin tam azad olunduğunu göstərən son əməliyyatların xəritəsini dərc edərək, bütün ölkə üsyançılardan və satqınlardan azad olunana qədər ÇRQ-yə qarşı hərbi əməliyyatları davam etdirəcəklərini vurğulayıblar.
Üsyançılarla nizami ordu arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb. İndiyədək 20 mindən çox insan həlak olub, 14 milyondan çox insan ev-eşiyindən didərgin düşüb və 25 milyon nəfərin köməyə ciddi ehtiyacı var.
Mayın əvvəlində Sudan ordusu yerli medianın ÇRQ-nin Xartumdakı “son qalası” kimi xarakterizə etdiyi əl-Salih bölgəsinə nəzarəti ələ keçirmişdi.
Pərvanə Sultanova