|
|
|
|
Sahib ASLANZADƏ
Küləyin nə vecinə...
Bir dəli külək hərlənir,
Yerlə göy arasında.
Hərlənir qaramıza düşüb:
Aramıza düşüb,
Sıramıza düşüb,
Kimisə yoracaq.
Bir əli külək hərlənir,
Bağçada-bağda.
Yarpağa nə var,
Xəzəl olacaq.
Budağa nə var,
O ki var
Bir-birini yolacaq.
Bir dəli külək bu meşəni "talayıb",
Ağacları var köndələn,
Ağacları var göydələn.
Biri küləklərin quyruğudu,
Biri ilahi buyruğudu.
Yazıq pöhrələrin gününə,
Yazıq körpələrin gününə.
Küləyin nə vecinə,
Ələsdi, Vələsdi...
Dərdin alım, bu dərdləri danlama
Xış əkmişəm - ya torpağım bellənib,
Söz əkmişəm - ya dilimdi dillənib.
Gözlərim də gilələnib, göllənib,
Dərdin alım, bu dərdləri danlama.
Yanan yerdən tüstü çıxar, qınama,
Eh, özün bil, unamırsan, unama.
Birdən elə xəbər çatar anama,
Dərdin alım, bu dərdləri danlama.
Bu dərdlərin ucbatından böyüdüm,
Bu dərdləri görüb yaman söyündüm.
Nələr oldu nəsihətim, öyüdüm,
Dərdin alım, bu dərdləri danlama.
Bəlkə elə göyərəsi, bitəsi,
Bəlkə elə ötəsidir, ötəsi.
Bəlkə elə görəmmədim bir kəsi,
Dərdin alım, bu dərdləri danlama.
Ya mən əkib-becərmişəm bu gülü,
Ya kim verər bunu mənə könüllü...
Güllər hələ oyanmayıb, mürgülü,
Dərdin alım, bu dərdləri danlama.
Hələ uşaq yaşındadır
Dünya bir uşaqdır
Körpə bir uşaq,
Gözümüz üstündə bəsləməliyik.
Dünya bir budaqdır,
Yaşıl bir budaq,
Yaşıl taleyini kəsməməliyik.
Dünya bir uşaqdır,
Südəmər uşaq,
Dünyanın sərhədli beşiyindəyik.
Dünya anam kimi mülayim, yumşaq,
Anamla dünyanın keşiyindəyik.
Dünya bir uşaqdır,
Ağlı başında,
Yaxşını yamandan seçir birbəbir.
Dünya bir uşaqdır,
Qoca yaşında,
Qocala-qocala müdrikləşibdir.
Dünya bir uşaqdır,
Göz olun ona,
Böyüyüb günəşə, aya qalxacaq,
Bu dünya heyrandı uşaq oynuna,
Böyük oyununa dözməyir ancaq.
Anam
Məndən nigarandı,
Nigaran anam,
Elə bil beşikdə körpə bəsləyir.
Məndən nigarandı,
Nigaran anam,
Oturub eyvanda məni gözləyir.
Qələmə aldığım hər nəyim varsa,
Həzin laylasıyla toxuyub anam.
Bir misra üstündə qəlbim qırılsa,
Tezcə ürəyimi oxuyub anam.
Anamın ürəyi mənim taleyim,
Darıxsam, əlini çiynimə qoyar.
Mən nəyi danışım, mən nəyi deyim,
Anam gözləriylə qoruyur məni.
Mən tanıdığım dünya
Mən tanıdığım dünya -
Boynu bükük bənövşə.
Yönü bizə sarıdı,
Bilmərəm, nəzər yetər.
Üzərrik asın üstdən
Bəlkə, bəxti sarıdı.
Mən tanıdığım dünya -
Mənbilən, mənə çəkib.
Mən də ulu babama.
Babam mülayim... Dünya,
Yaman "dəcəl"di amma.
Mən tanıdığım dünya -
Gülöyşə narı.
Qulluq edin doyunca,
"Şirinilikdən" çatlayar.
Ayağı küldə,
Bir çətən külfəti var.
Mən tanıdığım dünya -
Şüşə kimidi.
Məni də şüşə sanacaq,
Sınsa,
Ürəyindən sınacaq.