
Bir neçə gün əvvəl - iyulun 27-də Şotlandiyanın Aberdin şəhəri yaxınlığındakı Balmedie qəsəbəsində yerləşən "Trump International Golf Links" kompleksində ABŞ prezidenti Donald Tramp ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında keçirilən görüş transatlantik münasibətlər sistemində yeni və çoxşaxəli dinamikanın başlanğıcı kimi qiymətləndirilir. Qeyri-rəsmi formatda keçən bu görüş əhatə etdiyi məsələlərin miqyasına və regional, qlobal təsirlərinə görə analitik dairələrdə və beynəlxalq media orqanlarında ciddi diqqətə səbəb olub.
Görüşün əsas gündəliyi və
geosiyasi kontekst
Donald Tramp ilə Avropa Komissiyasının rəhbəri arasında müzakirə olunan əsas mövzulara enerji təhlükəsizliyi, müdafiə məsuliyyətinin paylaşılması, iqtisadi tənzimləmə siyasətləri və Ukrayna ətrafında koordinasiya daxildir. Görüş həmçinin ABŞ və Aİ arasında texnoloji əməkdaşlıq və Çinlə rəqabət məsələlərini də əhatə edib. Bu görüş, Trampın prezidentliyinin ikinci dövründə xarici siyasətində daha seçici və milli maraqlar yönümlü yanaşmanın davam edəcəyinin ilk real göstəricilərindən biridir. Tramp NATO-nun yükünün əsasən ABŞ-ın üzərində qaldığını vurğulayaraq, Avropa ölkələrini hərbi xərcləri artırmağa çağırıb. O, xüsusilə Almaniya və Fransa kimi əsas Aİ üzvlərinin NATO-ya öhdəliklərini yerinə yetirməkdə passiv davrandığını qeyd edib. Ursula fon der Leyen isə Avropanın öz müdafiə sənayesini gücləndirdiyini və Aİ-nin 2025-ci ilin sonuna qədər təhlükəsizlik və müdafiə fonduna 18 milyard avro ayırdığını bəyan edib. Tramp ABŞ-Aİ arasında ticarət balansındakı disbalansa toxunaraq, xüsusilə Almaniyanın avtomobil sənayesini və Aİ-nin texnologiya sahəsindəki dövlət subsidiyalarını sərt tənqid edib. Ursula fon der Leyen bu tənqidlərə cavab olaraq, Avropanın Yaşıl Razılaşma və Rəqəmsal Avropa təşəbbüslərinin ABŞ-la rəqabətə deyil, əməkdaşlığa əsaslandığını qeyd edib. Hər iki tərəf 2025-ci ilin payızına qədər qarşılıqlı subsidiyalar və tarif siyasəti üzrə yeni mexanizm üzərində işə başlayacaqlarını açıqlayıblar.
Ukrayna məsələsinə münasibət
Tramp ABŞ-ın Ukrayna ilə bağlı gələcək hərbi yardımlarında selektiv yanaşma tətbiq edəcəyini açıq şəkildə vurğulayıb. O bildirib ki, Avropa ölkələri daha çox məsuliyyət götürməlidirlər. Ursula fon der Leyen isə Aİ-nin 2026-cı ilə qədər Ukraynaya 50 milyard avro dəyərində iqtisadi və hərbi dəstək paketini planlaşdırdığını açıqlayıb. Hər iki tərəf Ukraynanın gələcək rekonstruksiyası və enerji infrastrukturunun bərpası sahəsində koordinasiyanın artırılması barədə razılaşıblar.
Çinlə rəqabət və texnologiya sektorundakı çağırışlar da diqqət mərkəzində olub. Tramp Çin məhsullarına tətbiq ediləcək yeni vergi mexanizmləri və texnologiya şirkətlərinə qarşı nəzarət tədbirlərini elan edəcəyini bildirib. Ursula fon der Leyen isə Aİ-nin strateji avtonomluq prinsipi çərçivəsində Çinlə əlaqələri diversifikasiya etmək planlarını açıqlayıb. ABŞ və Aİ süni intellekt, yarımkeçirici texnologiyalar və 5G sahəsində birgə araşdırma və istehsal təşəbbüsləri haqqında ilkin razılıq əldə ediblər.
Beynəlxalq medianın reaksiyası və
ekspert rəyləri
CNN bu görüşü "şəxsi formatda olsa da, böyük siyasi çəkiyə malik strateji dialoq" adlandırıb. "FOX News" Trampın "qlobal zəifliklər qarşısında qərarlılığını" vurğulayıb. "Reuters" isə transatlantik münasibətlərin "təmir mərhələsində olduğunu" yazıb. "The Guardian" Trampın ritorikasını tənqid etsə də, Ursula fon der Leyenin diplomatik çevikliyini yüksək qiymətləndirib. "Le Monde" görüşü "ABŞ və Aİ arasında iqtisadi paralelləşmənin testi" kimi təqdim edib. "Der Spiegel" Avropanın müdafiə məsuliyyətinin artması zərurətinə diqqət çəkib. "Washington Post" Trampın daha sərt, amma praqmatik yanaşmasını qeyd edərək, "qaydalara söykənən liberal nizamın təzyiq altında olduğunu" vurğulayıb. "Wall Street Journal" isə görüşü iqtisadi təhlükəsizlik kontekstində ABŞ kapital bazarlarına təsir edə biləcək əsas hadisə kimi qiymətləndirib.
Turnberry-də səssiz dialoq
Ertəsi gün ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında 1 saat 12 dəqiqə davam edən danışıqlar əhəmiyyətinə görə Trampın Ursula Fon der Laylenlə görüşündən heç də geri qalmadı. Beynəlxalq siyasi müşahidəçilər bu görüşü "simvolik yaxınlaşma", "taktiki balans oyunu" və "geosiyasi ehtiyac" kimi qiymətləndirdilər. İki ölkə lideri Şotlandiyanın cənub-qərbində, Atlantik sahilində yerləşən Turnberry şəhərində ilk birbaşa görüşlərini keçirdilər. Lakin bu, sıradan bir diplomatik görüş deyildi - qeyd etdiyim kimi, görüş Trampa məxsus olan Turnberry Golf Klubunda baş tutdu və bu fakt özü ilə kifayət qədər siyasi simvolizm daşıyırdı.
Görüş bağlı qapılar arxasında keçirilsə də, tərəflərin mətbuata verdiyi qısa açıqlamalar və beynəlxalq media reaksiyaları, bu görüşün transatlantik münasibətlərdə yeni balans axtarışının başlanğıcı ola biləcəyini göstərir.
Oxşar niyyət, fərqli yanaşmalar
Mətbuatın əldə etdiyi məlumata görə, görüşdə əsasən NATO daxilində yük bölgüsü, Ukrayna müharibəsi və Avropa təhlükəsizliyi müzakirə olunub. Tramp, əvvəlki dövrlərdə olduğu kimi, NATO üzvlərini "ədalətli maliyyə yükü daşımağa" çağırıb. Dünya mediası görüşü geniş təhlil etməyə başladı. "The Times": "Tramp Starmerdən Britaniyanın hərbi xərclərini 2.5 faizə qaldırmağı açıq şəkildə istədi".
"Politico Europe": "Starmer Ukraynaya dəstəyi davam etdirəcəyini, lakin ABŞ-ın bu məsələdən çəkilməsi halında Avropanın tək qalacağını açıq şəkildə bəyan edib".
Qeyri-rəsmi diplomatik mənbələr bildirir ki, Starmer görüş zamanı Trampın "Ukraynaya daha az dəstək" ritorikasından narahatlıq ifadə edib, lakin şəxsi səviyyədə gərginlik hiss olunmayıb. Kir Starmer hökuməti Brexit sonrası ABŞ ilə azad ticarət sazişi imzalamağa çalışır. Tramp administrasiyası isə bu məsələdə ehtiyatlı davranır. "Wall Street Journal yazır": "Tramp Britaniyanın kənd təsərrüfatı və texnologiya sahəsində ABŞ bazarına girişinə hələ tam razılıq verməyib. Bu məsələdə müzakirələr davam edəcək". "Financial Times" isə qeyd edir: "Starmer daha yaşıl texnologiyalar və enerji sahəsində əməkdaşlıq təklif edib. Tramp isə Çinlə iqtisadi rəqabətdə Britaniyanın konkret mövqeyini sorğulayıb".
Diplomatik təvazökarlıq,
yoxsa şəxsi nüfuz nümayişi?
Turnberry - Trampın 2014-cü ildən sahib olduğu məşhur qolf kurortu görüş üçün qeyri-adi bir məkan seçimi oldu. Bu, bir tərəfdən "dostcasına atmosfer" kimi qiymətləndirilə bilər, digər tərəfdən isə Prezidentin şəxsi biznesini siyasi səhnəyə gətirməsi kimi tənqid edilir.
"The Guardian": "Starmer Trampın şəxsi ərazisində görüşə razılıq verməklə simvolik üstünlüyü ona verdi".
"NBC News": "Bu, Trampın siyasi teatrıdır və o, səhnəni yenə öz mülkündə qurdu".
CNN: "Bu görüş transatlantik münasibətlərin yenidən kalibrasiyasıdır. Amma kövrəkdir". "Le Monde": "Britaniya-ABŞ münasibətlərində ciddiliklə yanaşı, qarşılıqlı şübhələr də qalır".
"Der Spiegel": "Starmerin Amerikanın daxili siyasi teatra sürüklənməmək üçün diplomatik balans yaratmağa çalışdığı hiss olunur".
"The Washington Post" isə yazdı ki, "Bu, taktiki yaxınlaşmadır. Amma əsas sınaq qarşıdakı sammitlərdə olacaq".
Bu görüşdən sonra analitiklərin əksəriyyəti ABŞ - Britaniya münasibətlərində praqmatik, lakin dərinləşməmiş əməkdaşlıq xəttinin davam edəcəyini düşünür. Rosa Balfour, Carnegie Europe analitiki qeyd edir ki: "Starmer - Brüssel ilə uyğun, Tramp isə Brüsseldən uzaq bir siyasət yürüdür. Onların ortaq nöqtəsi yalnız geosiyasi zərurətdir". Tom Tugendhat, keçmiş Britaniya müdafiə naziri "Sky News"a verdiyi müsahibədə isə - "Britaniya-ABŞ münasibətləri şəxslərdən daha dərin və sistemlidir, amma şəxslərin münasibəti də onları ya sürətləndirir ya da ləngidir" - deyə bu görüşü şərh etdi.
Nəticə etibarı ilə Trampın Ursula fon der Laynenlə və Britaniyanın Baş naziri Kir Starmerlə görüşlərini qəti siyasi razılaşmalardan daha çox qarşılıqlı barometr oxunuşu kimi qiymətləndirirəm. Hər üç lider üçün bu görüş daha çox yol xəritəsinin çəkilməsi, dil tapmaq üçün zəminin yaradılması idi. Tərəflərin strateji baxışlarında fərqlər olsa da, əməkdaşlıq üçün məcburi paralellər də ortadadır. Transatlantik münasibətlər qarşıdakı aylarda NATO sammitləri, ticarət danışıqları və Ukrayna ilə bağlı qərarlarla formalaşacaq. Lakin aydın olan budur ki, Trampın Amerikası və Starmerin Britaniyası artıq 2019-cu illərin Qərb birliyi deyil. Həmçinin bu görüş də ABŞ və Aİ arasında münasibətlərin yalnız ideoloji deyil, iqtisadi və texnoloji əsaslarda da yenidən formalaşmaqda olduğunu göstərdi. Tramp və Ursula fon der Leyen arasında dialoq ziddiyyətli baxışlara baxmayaraq, ortaq maraqların qorunması və əməkdaşlıq məkanlarının genişlənməsi üçün real zəminin mövcud olduğunu sübut etdi. 2025-ci ilin sonuna qədər ABŞ-Aİ münasibətlərində daha rasionallaşmış, tənzimlənmiş və strateji yönümlü bir mərhələ gözlənilir desək, yanılmarıq.



