|
|
|
|

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) məsləhətləşmələri davam etdirəcək.
525.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Qeyd olunub ki, İran hakimiyyəti bu qərarı MAQATE rəhbərinin müavini Massimo Aparonun Tehrana səfərindən sonra qəbul edib.
"Görüşdə müzakirə olunan mövzular nəzərə alınaraq məsləhətləşmələrin davam etdirilməsinə qərar verildi ", - İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.
Onun sözlərinə görə, görüşdə iranlı nümayəndələr MAQATE-ni İsrail və Amerikanın İrana zərbələrindən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sərt şəkildə tənqid ediblər.
İran və MAQATE arasında Tehranın nüvə proqramı ilə bağlı mürəkkəb münasibətlər yaranıb. Agentlik İranı şəffaflığın olmamasında və müfəttişlərin çıxışını məhdudlaşdırmaqda ittiham edir, İran hakimiyyəti isə MAQATE-nin hərəkətlərinin siyasiləşdiyini, ABŞ və İsrailin təzyiqinə məruz qaldığını bildirir.
Pərvanə Sultanova



