|
|
|
|

Avropa ölkələrinin və Ukraynanın liderlərinin bu gün ABŞ prezidenti Donald Trampla videobağlantı vasitəsilə görüş keçirəcəyi gözlənilir.
525.az “Reuters”ə istinadən xəbər verir ki, görüş Trampın Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan sammitindən əvvəl baş tutacaq. Məqsəd ABŞ prezidentini Kiyevin maraqlarının güzəştə gedilməsi bahasına atəşkəsə nail olunması təhlükəsi barədə xəbərdar etməkdir.
Qeyd edək ki, cümə günü Tramp Alyaskada Putinlə görüşəcək. ABŞ lideri bu görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri çərçivəsində “yoxlama xarakterli” adlandırıb.
Tramp ötən həftə 2021-ci ildən bəri ilk dəfə ABŞ-Rusiya sammitinə razılıq verib. Trampın sözlərinə görə, onun nümayəndəsi Moskvada “əlamətdar irəliləyiş” əldə edib. Prezident bildirib ki, müharibəyə son qoymaq üçün həm Ukrayna, həm də Rusiya müəyyən ərazi güzəştlərinə getməlidir. Hazırda Rusiya ordusu Ukrayna ərazisinin təxminən beşdə birini işğal edib.
Sammitin necə keçəcəyi ilə bağlı qeyri-müəyyənlik Avropada narahatlıq yaradıb. Qitə liderləri ehtiyat edirlər ki, ABŞ və Rusiya birtərəfli qərarlar verə və Ukraynanı əlverişsiz sülh razılaşmasına təhrik edə bilərlər.
Trampın administrasiyası isə çərşənbə axşamı Alyaskada mühüm nəticələrin əldə ediləcəyi ilə bağlı gözləntiləri azaltmağa çalışıb və bu görüşü “dinləmə təcrübəsi” kimi təqdim edib.
Almaniya hökumətinin məlumatına görə, Tramp, Ukrayna prezidenti Vladimir Zelenski, eləcə də Almaniya, Fransa, Finlandiya, Böyük Britaniya, İtaliya, Polşa və Aİ liderlərinin iştirakı ilə keçirilən videokonfransa NATO-nun baş katibi də qatılacaq. Toplantıya Almaniya kansleri Fridrix Mertz rəhbərlik edəcək.
Avropa liderləri, Trampı qəzəbləndirməkdən çəkinərək, onun sülh təşəbbüslərini dəstəklədiklərini bildirsələr də, dəfələrlə vurğulayıblar ki, Ukrayna ilə bağlı heç bir razılaşma Ukraynanın iştirakı olmadan əldə edilməməlidir.
Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, sammit Tramp üçün “dinləmə təcrübəsi” olacaq və məqsəd razılaşma üçün hansı addımların atılmalı olduğunu müəyyənləşdirməkdir.
Almaniya rəsmisinin bildirdiyinə görə, telefon danışığından sonra Tramp və vitse-prezident Cey Di Vens Avropa liderləri ilə ayrıca onlayn görüş keçirəcəklər.
İbrahim Cəfərov



