|
|
|
|

Yaşamaq
Ağrılarıma gülümsədim,
özümdən yüksəldim.
yaxşı adam ola bildim.
Özümə pay olaraq
güzgüdə öpüş göndərdim.
Yaşantılarımı elə sevdim
unuduldu bütün tiranlar.
Həyatımı basdım bağrıma,
saçını sığalladım illərimin.
Yorğun deyiləm artıq!
Həyatla barışdıq,
arada yarışdıq.
Yan-yana qaçışdıq,
Bir gün önə çıxdım
Səsləndi arxadan: Nə gözəl qaçırsan!
Geri çevrilib göz vurdum ona:
Gözəl günün olsun, Həyat! - dedim.
Yaşamağa başladım
Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Təzə güllər əkirəm
Gözləyirəm cücərsin
Tutdan şərab çəkirəm
Yolun düşsə içərsən.
Düzdü, hərdən, gün bitər
Həsrətin yaxalayar
Solumdan tutub sıxar
Ruhumu çalxalayar.
Dartınaram yerimdə
Elə güclüdü əli
Olmaz deyərəm yenə
Anlamaz ki o dəli.
Əlbəyaxa dalaşıb
Hərdən də yenilirəm
Həsrətinlə boğuşub
Yuxuya da gedirəm.
Belə, yaxşıyam ama.
Təklik xoşuma gəlir.
Bircə məndən soruşma
Gecələrin necədir.
Darıxmıram, yaxşıyam
Bu təkliyi xoşladım
Sən üzülmə, yaxşımı?
Yaşamağa başladım.
Qızın həyatı
Bir qız vardı
Üzünü dünyanın boşluğuna tutub,
Atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.
Bir qız vardı…
“Məni niyə doğdun” soruşardı anasından.
Anasının qatili olacağından qorxardım.
Nəyin dərdini çəkdiyini bilməzdim.
yerbəyer etməyə uşağı yox idi,
Qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü,
Ancaq nə sirr idisə
Azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni niyə yaratdın?
Bir qız vardı,
dualarını anlamazdın.
Bilməzdin istəyini.
Siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün deyərdim.
Razılaşar, etməzdi.
Bir qız vardı.
Yaşamağı bilməzdi.
Tez-tez “necə yaşayırlar” soruşardı.
Eyni cavabı verərdim:
Olmayançün üzülüncə, olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan.
Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.
Bir qız vardı.
Xəyallarda uçdu, uçdu.
Yerə enib yerimədi.
***
Heç yarımçıq sevmədim
Sevdimsə – sevdim.
Yarımçıq dost olmadım
dostamsa – dostam.
Aldatmadım insanı,
Nəyəmsə – buyam.
Güldüm yalançılara, qorxaqlara güldüm.
İnsanları yadlara, doğmalara bölmədim.
İnsandısa – insandı.
Dilinə, dininə ayırmadım kimsəni
Dürüstünə, saxtasına ayırdım.
Mən qadınam.
Kişi olmağa çalışmadım.
Kişidisə – kişidi,
Qadındısa – qadın..
Eşqsənsə...
Eşqsənsə üzümdəki yuxusuzluqsan,
Gözümdəki qorxusuzluq.
Eşqsənsə, bilərsən, yatmıram.
Gözləyirəm hər saat
Eşqsənsə gəl çat…
Eşqsənsə
hər yerimdə döyüntüsən.
Həyatımı ələk-vələk etsən,
yenə təkimsən.
Eşqsənsə bir ətək yoxluqsan,
Bir qutu məktub,
Hər tütün özləmsən,
Eşqsənsə
büsbütün gözləmsən
Eşqsənsə, gecə-gündüz bir adam
“Sən” doğur ürəyində.
eşqsənsə, söhbətin bu yerində
hönkürtüsən.
Eşqsənsə, ayağım sənə sürünür
Eşqsənsə, ürəyim sənə döyünür.
Eşqsənsə, əmin ol, nə etsən, üzürlüsən.
Hər xəyanətdə bağışlanırsan.
Eşqsənsə, yastığıma yağışlanırsan.
***
Sən!
Sevgiyə sayğım
Sən
Sayğıya sevgim.
Sən...Savaşım,
Sən - Barış sazişim.
Sən
Özümə gəlişim,
Sən
Özümdən gedişim.
Sən!
Ölsəm də yaşamağım...
Sən
Səhrada dayanacağım.
Sən
Yolumu azmışlığım...
Sən - Gücsüzlüyüm,
Sən - Ölçüsüzlüyüm,
Sən -
Tutunacaqsız oluşum
Sən - Ağrılı gülüşüm.
Sən
Mənim olanım
Sən
Mənim olmayanım.
Sən
Var-gücüylə özlənə bilənim.
Sən
Səhrada sevənim.
Sən...
Özümlə sevişim.
Sən
Zamandan küsüşüm.
Sən
Başımdan çıxan ağlım.
Sən
Gəlmədən gedənim.
Sən
Özümə dediyim nağılım...
Sən
Tapıntım, itkim.
Sən
hardasan, ay itkin?
Qızıma yazılıb
Həyat necə ağrıdır, bir bilsən...
Kaş bilməyəsən.
Bilməyəsən deyə hər şeyimdən keçərəm.
Təki gözəl üzün, ağıllı ürəyin ağrımasın.
Mən zorla gülməyə də razıyam.
yaşamaq üçün mənə necə lazımsan.
Əllərinin gülüşünə,
qucduğum o balaca bədənə
necə ehtiyacım var.
Mən sənə baxanda dünya unudulur,
bütün dünya susur mən sənə baxanda.
yalanlar, acgözlüklər itir,
mən sənə baxanda dünyam sevinir.
Gözlərimin sevinci, gerçəyi,
arzularımın gələcəyi,
bir gülüşlə hamıya qalib gələnim.
Sevgiylə yoğrulanım, sevgidə bişənim.
Sənə tapınıram, qızım,
sən mənim dinim, sən Tanrım.
***
Getdikcə hava soyudu...
getdikcə hava soyudu...
Getdikcə hava soyudu...
Arzular qurudu budaqlarda
Hardasan, - soruşsan,
yolumun çaşqınlığında
təkliyin daşqınlığında
ürəyimin boşqunluğundayam.
Soruşsan: Hardasan?
Həyatın dadsızlığında
Yerimin adsızlığındayam.
***
Mən ağrılarımın öhdəsindən
gəldim birtəhər
Səndən nə xəbər?
Necədi mənsiz ömrün sadəliyi,
Gedər?
Qulağına sevgi pıçıldayanın
Ruhunu çəmənliyə uçuranın oldumu?
Hər zərrənin sevildiyini
Hiss edə bildinmi yenə?
Danış məndən sonrasını özümə
Getdin, sonra nə oldu?
alındımı?
Etdiyin işin adı
“yaşamaq” oldumu?..
“Payız gəldi” şeiri
Payız gəldi.
Yavaş-yavaş üşütdü bizi...
Xəzan yenə oxşadı gözümüzü.
Sən indi harda isinirsən?..
Payız gəldi,
yağış yenə itirir izi,
Sən indi harda özünsən?
Mən meşələrdə tənha, quru agaclara
kürkünü geydirən biriyəm.
Mən indi özüm ağac kimiyəm.
Üşüsəm, kürkünü verərsənmi?
Yağışlarda kövrəlirəm.
Kövrəlsəm, ovutmağa gələrsənmi?
Təbiətin saçları tökülür,
torpaq saçları öpür.
Təbiət ölüb-dirilir...
Hökmünü dəyişmir zaman,
Yenə pəncərəmdə damcıları sayıram,
Sən aynanın uzağında qalırsan.
Mən hər payız
Yalnız səni gözləyirəm,
Sən hər payız gəlmirsən.
Yay bitdi... Əllərim yenə üzümü örtdü.
Payız gəldi, getdi...
***
Təkliyi qucaqlamaqla keçdi ömrün,
heç bilmədin bu dünyanın harasında
itib getdi o adam...
İnanırdın səni duyan kimsə var bu dünyada.
Bəlkə ölüm cavanlaşdı
ona görə gəlmədi?
Bəlkə gəlmək istəyirdi,
amma gələ bilmədi...
Arzuları gözləyərək bitirdin.
Hər gün kiminçünsə bəzənib çıxdın evdən.
Yemək bişirdin hərdən.
Gözlədin.
sən bilirdin,
hardasa bir “O” vardı.
Yalnız, O tapılmadı.



