|
|
|
|

“Yenə ictimai nəqliyyatda gedişhaqqının artacağı ilə bağlı məlumatlar dolaşır. Nəqliyyatda birdəfəlik gediş haqqının neçəyə olması ancaq turistləri, və ya, nadir hallarda ictimai nəqliyyatdan insifadə edən avtomobil sahiblərini maraqlandırmalıdır. Birdəfəlik gedişhaqqı mənasız mübahisə mövzusudur. Hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri təsis olunmalıdır. Bu biletləri alan vətəndaşlar üçün fərqli tariflər müəyyən edilməlidir”.
525.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əgər bir günlük bilet alınırsa və gün ərzində istənilən qədər nəqliyyatdan istifadə edilirsə, bunun qiyməti, məsələn, 2 manat ola bilər. Aylıq biletlər, təxminən 30 manat, altı aylıq biletlər 140 manat, illik biletlər isə 220 manat ola bilər:
“Belə sistem Avropa ölkələrində tətbiq olunur və sərnişinlər üçün həm daha sərfəli, həm rahatdır. Nəqliyyat şirkətlərinə də bu sistem sərfəlidir – hər dəfə öncədən pul almaqla, öz problemlərini, borc-xərclərini həll edə bilərlər. Bundan başqa şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti, normal qiymətlərdən, azı, 2 dəfə ucuz olmalıdır, məsələn, tələbə, şagird, təqaüdçü cəmi 100 manat ödəməklə il ərzində ictimai nəqliyyatdan məhdudiyyətsiz istifadə haqqı qazanmalıdır”.
Ekspert qeyd edib ki, ildə 2-3 dəfə nəqliyyatda gediş haqqından danışıb, sonra artırırlar. Amma bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır.
Sevinc QARAYEVA



