|
|
|
|

“Dövlət büdcəsi əsasən vergilərdən və digər ictimai resurslardan, o cümlədən neft gəlirlərindən formalaşır və bu vəsaitlərdən əməkhaqları ödənilir. Dövlət sektoru sosial və strateji vəzifələri yerinə yetirir və onun məqsədi təkcə işçi cəlb etmək deyil, həm də ictimai maraqları qorumaqdır. Bu baxımdan dövlət sektorunun özəl sektorla eyni şərtlərdə rəqabətə girməsi düzgün deyil. Əks halda, bu, özəl sektordan işçi axınına səbəb ola bilər və nəticədə özəl sektor zəifləyər, xərclər artar və iqtisadi tarazlıq pozular”.
Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib. O qeyd edib ki, dövlət sektorunda əmək haqlarının artımı iqtisadi balansı pozmadan həyata keçirilməli, həmçinin sektorlar arasında harmoniyalı yanaşma təmin edilməlidir:
“Hesab edirəm ki, dövlət sektorunda əmək haqları elə tənzimlənməlidir ki, bu, özəl sektorun inkişafına mane olmasın, əksinə, iqtisadi balansı qoruyaraq həm işçilərin rifahını, həm də ölkənin davamlı iqtisadi inkişafını təmin etsin. İşçilərin motivasiyası, məhsuldarlıq və bazar prinsiplərinə uyğun əmək siyasəti, uzunmüddətli perspektivdə həm dövlətin, həm də özəl sektorun dayanıqlığını gücləndirir".
Sevinc Qarayeva



