|
|
|
|

“Universitetlərdə tədris sanki ikinci dərəcəli işi kimi qəbul olunur və mükafatlandırma sistemi tədris fəaliyyətinə, demək olar ki, biganədir. Tədqiqat göstəriciləri zəifdirsə mövcud sistem ən yaxşı müəllimi “uğursuz” kimi təqdim edir. Amma bir böyük müəllimin yaratdığı təsir, onlarla məqalənin yaratdığı təsirdən daha böyük ola bilər. Tədqiqatçılara geniş dəstək verildiyi halda müəllimlər bu dəstəkdən məhrumdurlar. Beləliklə, tədris və tədqiqat arasında balans pozulmuş və onun bərpa edilməsində böyük fayda var”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov söyləyib. Rektor qeyd edib ki, universitetlər ilkin olaraq təhsil müəssisəsi kimi yaradıldı, sonradan bu missiyaya tədqiqat, sahibkarlıq funksiyaları, indi isə bütövlükdə universitetlərin cəmiyyət üçün faydalı iş görmək missiyası da əlavə olunub. Bu, o demək deyil ki, eyni müəllim həm pedaqoq, həm tədqiqatçı, həm sahibkar, həm də ictimai missiya daşıyıcısı olmalıdır. Bu isə universitetlərin yeni idarəetmə, akademik, maliyyə və təşkilati modelini gündəmə gətirir:
“Bu, Prezident İlham Əliyevin hələ 2013-cü ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən etdiyi "təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi" vəzifəsinin aktuallığını və təhsil siyasətinin uzaqgörənliyini bir daha təsdiqləyir”.
Sevinc Qarayeva



