|
|
|
|

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin “Ukrinform” xəbər agentliyinə müsahibəsində Antalya Diplomatiya Forumundakı təmaslarını dəyərləndirib.
525.az xəbər verir ki, Türkiyə ilə Ukrayna arasındakı münasibətlərə toxunan Sibiqa, iki ölkə arasında strateji əməkdaşlığın olduğunu bildirib. O, Türkiyə ilə əlaqələrə böyük önəm verdikləri vurğulayıb:
“Türkiyə NATO ölkəsidir, dünyanın ən güclü ordularından birinə sahibdir. İndi Ukrayna da təkcə Avropanın deyil, dünyanın ən güclü ordularından birinə sahibdir. Bütün bunlar həqiqətən də yaxın əməkdaşlıq üçün zəmin yaradır”.
Sibiqa Türkiyənin diplomatiyada misilsiz və son dərəcə əhəmiyyətli uğurlar əldə etmək potensialına malik ölkə olduğunu söyləyib.
O, əvvəllər Türkiyədə səfir olduğunu da xatırladıb:
“Çox dəyər verdiyim türk diplomatiyasının həm rəsmi, həm də pərdə arxasında necə işlədiyini bilirəm. Çox təsirlidirlər”.
Andrey Sibiqa Ukrayna və Rusiya prezidentlərinin mümkün iştirakı ilə Türkiyədə görüş keçirilməsi ehtimalına da toxunub:
"Prezident Ərdoğan və Trampın mümkün iştirakı ilə Zelenski və Putin səviyyəsində görüşün təşkili imkanlarını nəzərdən keçirmək üçün Türkiyəyə müraciət etmişik. Biz bu görüşə hazırıq. Ukrayna prezidenti də belə bir görüşə hazırdır. Biz bu müharibəni bitirmək istəyirik. Effektiv təkliflərimiz var. Ümid edirik ki, Türkiyənin sülh prosesinə töhfə verə biləcəyi rolu olacaq”.
İbrahim Cəfərov



