
Azərbaycanda yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitlərin həcmi artıb, bu isə tikinti sektorunda aktivliyin güclənməsinə səbəb olub. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda öz əksini tapıb. Hesabat dövründə tikinti sektorunda əsas kapitala yönəldilib investisiyaların, o cümlədən yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının məbləğində artım olub ki, bu da həm yüksək tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilib yeni layihələrlə bağlı olub. Sektor üzrə investisiya axınlarının bərpası, ölkədə həyata keçirilib tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam etdirilib fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında aktivliyin yüksələcəyi gözlənilib.
Bundan əlavə, mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidə olunub. Ötən ilin sonu ilə müqayisədə mənzil bazarında qiymət artımı 12.2% olub. İlkin bazar üzrə 12.7%, təkrar bazar üzrə isə 12.2% artım müşahidə edilib. Son ildə ilkin bazar üzrə artım tempi sabit olsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpıb.
Mövzu ilə bağlı 525.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir. Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var: “Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır. Eyni zamanda Bakıda getdikcə daşınmaz əmlakın, o cümlədən yeni binaların tikintisinin xərci də artır. Çünki tikinti materialların da durmadan qiyməti artır. İkincisi, torpağın qiyməti kəskin bahalaşır".
İqtisadçı hesab edir ki, mənzillərin qiymətinin günbəgün artmasının əsl səbəbi alıcının pul verib əmlakı almasıdır: "Mənzil üçün tikinti əraziləri yox səviyyəsindədir. Üçüncüsü isə tikintinin özbaşına standartdan kənar tikintisinə icazə verilmir. Ciddi surətdə tikinti standartları izlənilir, qorunur. Bu standartların izlənməsinə tikintinin maya dəyərini qaldırır. Demək, torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə yoxa çıxması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi və vətəndaşların bunu almağa pulu olması qiyməti artırıb və artıracaq".
Sevinc Qarayeva



