|
|
|
|

Çinin xarici işlər naziri Vanq Yi iranlı həmkarı Abbas Araqçi ilə görüşdən sonra İrana qarşı müharibədə hərtərəfli atəşkəsə ehtiyac olduğunu bəyan edib.
525.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.
"Biz təcili şəkildə hərtərəfli atəşkəsin zəruri olduğuna inanırıq, hərbi əməliyyatların yenidən başlaması qəbuledilməzdir, dialoqa və danışıqlara riayət etmək xüsusilə vacibdir", - XİN başçısı deyib.
Nazir bildirib ki, iki aydan çox davam edən münaqişə təkcə İran xalqına ciddi zərər vurmayıb, həm də regional və qlobal sülhə dərin təsir göstərib. O, vurğulayıb ki, Çin bundan çox narahatdır.
"Əl-Cəzirə"nin məlumatına görə, Çinin xarici işlər naziri hər iki tərəfin beynəlxalq ictimaiyyətin Hörmüz boğazından təhlükəsiz keçid çağırışlarına tezliklə cavab verəcəyinə ümid etdiyini bildirib.
Vanq Yi söyləyib ki, Pekin Tehran üçün etibarlı strateji tərəfdaşdır: “Çin İranı milli suverenliyinin və təhlükəsizliyinin qorunmasında dəstəkləyir. İranın diplomatik kanallar vasitəsilə siyasi həll yolu axtarmaq istəyini yüksək qiymətləndirir".
O, həmçinin qeyd edib ki, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməkdə qanuni hüququ var.
Yi əlavə edib ki, Çin sülh danışıqlarını fəal şəkildə təşviq edir və bunu davam etdirəcək. Abbas Əraqçinin səfəri ABŞ prezidenti Donald Trampın Pekinə səfərindən bir həftə əvvəl baş tutub.
Pərvanə Sultanova



