|
|
|
|
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Üçüncü Qlobal Bakı Forumu öz işini yekunlaşdırsa da, nəticələrinə bir daha diqqət yetirməyə dəyər.
Çünki beynəlxalq aləmdə Bakı Forumuna maraq getdikcə artır". Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
O bildirib ki, hər il tədbirə gələn hazırkı və keçmiş dövlət başçılarının, siyasətçilərin, ekspertlərin sayı artır: "Maraqlıdır ki, Qlobal Foruma Rusiyadan tanınmış fiqurlar qatılmırlar. Əksinə, foruma qatılan digər ölkələrin tanınmış siyasi xadimləri Bakıda Rusiyanın siyasətini tənqid edirlər. Aprelin 29-da da belə olub. Qlobal Forumun ikinci günü Polşanın keçmiş eks-prezidenti Aleksandr Kvasnevskinin moderatorluğu ilə Rusiya-Qərb münasibətləri müzakirə olunub. Müzakirələrə Ukraynanın 3 keçmiş prezidenti Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko qatılıblar. Onlar Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı siyasətini kəskin tənqid ediblər. Aydındır ki, Bakıdakı Qlobal Forumda Rusiya və Putinin siyasətinin tənqidi Kremlin xoşuna gəlməyəcək. Ancaq Kremlin bu mövqeyi rəsmi Bakını narahat etmir. Əksinə, Qlobal Forumda Rusiyanın tənqid olunacağını rəsmi Bakı əvvəlcədən bildirib. Əks halda Bakı Forumuna Rusiyanın əsas tənqidçiləri dəvət olunmaz, Azərbaycan paytaxtında Ukrayna mövzusu müzakirə edilməzdi".
Politoloq hesab edir ki, rəsmi Bakı xarici siyasətdə balansa üstünlük verir və Rusiya ilə tərəfdaş münasibətləri inkişaf etdirməyə çalışır: "Azərbaycan hakimiyyəti Rusiya amilinə görə NATO-ya üzvlük hədəfini qarşısına məqsəd qoymayıb, ayrıca Avropa Birliyi ilə assosiativ saziş imzalamayacaq. Bu isə belə bir görüntü yaradır ki, rəsmi Bakı Kremlin maraqlarını nəzərə alır.
Buna baxmayaraq, rəsmi Bakı açıq dilə gətirməsə də, Kremlin regional siyasətindən əvvəlki tək narazıdır. Azərbaycan hakimiyyəti Kremlin Ermənistanın dəstəyindən, bu ölkə ilə hərbi təlimlərinin sayının artırmasından narahatdır. Ayrıca, Putinin 24 apreldə İrəvana getməsi Rusiyanın Cənubi Qafqazda Ermənistana üstünlük verdiyini bir daha göstərib. Ona görə də rəsmi Bakı ara-sıra Kremlə sərt üzünü də göstərir. Bakıdakı Qlobal Forum və tədbirdə Rusiyanın siyasətinin tənqidinə şəraitin yaradılması məhz Bakının Kremlə göndərdiyi narazılıq mesajıdır".
Rəsmi Tiflisin Qlobal Forum çərçivəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Bakıya səfərindən narazı qaldığını xatırladan E.Şahinoğlu deyib ki, Gürcüstan Prokurorluğu Bakıdan onun ekstradisiyasını istəyib: "Bakı Tiflisin bu istəyini yerinə yetirə bilməzdi. Birincisi, Mixail Saakaşvili Beynəlxalq Nizami klubuna üzv olarkən, Tiflis hələ onu axtarışa verməmişdi. Saakaşvili hər il Qlobal Forumda iştirak etmək üçün Bakıya gəlir. Azərbaycan hakimiyyəti hər il dəvət etdiyi qonağı - Saakaşvilini bu dəfə Bakıya dəvət etməsəydi, Gürcüstan hakimiyyətindən çəkindiyi görüntüsü yaranacaqdı. Rəsmi Bakı Gürcüstan hakimiyyətinin istəyinə görə Saakaşvilini qonaqların siyahısından çıxara bilməzdi.
İkincisi, Saakaşvilinin Bakıya dəvət olunmasında Rusiya amili də var. Saakaşvili Kremlin əsas düşmənlərindən biridir. Buna baxmayaraq, Gürcüstanın keçmiş prezidenti Azərbaycanın yaxın dostudur. Rəsmi Bakı isə Azərbaycanla dostluğa sadiq olan siyasətçilərə dəstəyini azaltmır. Yəni, Bakı bununla göstərir ki, Rusiyanın qəbul etmədiyi siyasi xadimlər Azərbaycana gəlib fikirlərini sərbəst ifadə edə bilərlər".
Politoloq əlavə edib ki, Bakıda hər il keçirilən Qlobal Forum Azərbaycan üçün vacib tədbirdir: "Birincisi, Bakıdan Moskvaya mesajlar göndərilir, ikincisi müzakirələrdə tanınmış siyasi fiqurlar Azərbaycanın geosiyasi əhəmiyyətini vurğulayırlar, üçüncüsü Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirilir".
Ceyhun ABASOV