İyulun 6-dan 16-dək Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən “Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” kursunun bağlanış mərasimi olub.
Qeyd edək ki, regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilib.
Nazirlikdən bildirilib ki, mərasimdə kitabxananın direktor müavini G.Səfərəliyeva çıxış edərək, regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb.
O, qeyd edib ki, Milli Kitabxananın və Ultra şirkətinin əməkdaşları bu 10 gün ərzində kursun səmərəli keçməsi üçün çox ciddi çalışmışlar. Çünki region kitabxanalarında tətbiq edilən bu proqramın öyrənilməsi və yerlərdə tətbiqi çox məsuliyyətli və vacib bir məsələdir. Gələcəkdə Milli Kitabxanada bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaqdır.
Kitabxanalarımızın dünya kitabxanalarının sırasına qoşulması üçün bu ilk addımdır. Ultra şirkətinin təmsilçisi Sərxan Məmmədov müdavimləri iş prosesində fəal olmağa çağırıb, iş zamanı qarşıya çıxan çətinliklər və mövcud problemlərlə bağlı çəkinmədən müraciət etmələrini tövsiyə edib.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olub, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə ediblər. Sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim edilib.



