|
|
|
|

Ədəbi dilimizdə olduğu kimi, dialekt və şivələrimizdə də morfoloji yolla söz yaradıcılığı olduqca zəngin və rəngarəngdir. Ədəbi dilimizdə işlənən sözdəyişdirici və sözdüzəldici şəkilçilər dialektlərimizdə bu və ya digər dərəcədə işlənməkdədir. Hətta bəzi məqamlarda şəkilçilərin müxtəlif variantlarına, ədəbi dildə olmayan qarşılıqlarına da təsadüf olunur. Belə şəkilçilərin içərisində qeyri-məhsuldar şəkilçilər mühüm əhəmiyyət kəsb edir.
Dialekt və şivələrimizdə də qeyri-məhsuldar şəkilçilər mənşə və işlənmə etibarı ilə bir-birindən əsaslı şəkildə fərqlənir. Ədəbi dildə hamı tərəfindən işlədilən və başa düşülən şəkilçilərlə müqayisədə dialekt və şivələrimizdə işlənən şəkilçilərin əhatə dairəsi olduqca məhdud olub, məhəlli xarakter daşıyır. Müəyyən bir coğrafi arealda istifadə olunan morfem başqa bir coğrafi arealda işlədilməyə bilər. Belə şəkilçilərin ədəbi dildə əsasən qarşılığı olur.
Canlı danışıq dili və ayrı-ayrı dil faktları üzərində aparılan müşahidələr onu göstərir ki, bu qrupa aid morfemlərin böyük bir hissəsini əsasən, milli və rus mənşəli şəkilçilər təşkil edir və bu şəkilçilərin içərisində də isim və sifət düzəldənlər daha çox nəzərə çarpır. Təbii ki, bizim təqdim etdiyimiz morfemlərin böyük əksəriyyəti ədəbi dildə işlənmir, əsasən canlı danışıq dilində, məişət üslubunda, bədii əsərlərdə məqsədli olaraq obrazın dilində təsadüf olunur. Eyni zamanda bu budaq morfemlərin tədqiqi sahəsində ilk addımlar olduğu üçün müəyyən bir çatışmazlıqlar, iradlar özünü göstərə bilər. İnanıram ki, gələcəkdə bu məsələ ayrı-ayrı tədqiqatçıların diqqətini cəlb edəcək və ədəbi dilimizdə olmayan bu tip morfemlər sistemli və ardıcıl şəkildə tədqiq olunacaqdır.
Bizim dialekt və şivələrə, canlı danışıq dilinə, məişət üslubuna istinadən verdiyimiz qeyri-məhsuldar şəkilçilər bu qrupa daxil olan şəkilçilərin müəyyən bir hissəsini əhatə edir və əsasən aşağıdakılardan ibarətdir:
-noy. Bu şəkilçi rus dilindən keçmişdir. Şifahi danışıq dili üçün xarakterikdir. Yazılı dilimizdə rast gəlinmir. Dilimizdəki dördvariantlı -li şəkilçisinin, qismən də -xana şəkilçisinin sinonimidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət, yer, məkan çaları əmələ gətirir. Məsələn: spirtnoy, pivənoy və s.
-quz. Bu şəkilçi ədəbi dilimizdə işlənən -ğuz şəkilçisinin dialekt və şivələrimizdəki onetik variantı olub, feildən feil əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Məsələn: durquzmaq.
-ata. Dilimizdə "lağlağı"sözünün sinonimi olan "lağata" sözündə rast gəlinən söz-şəkilçidir. Danışıq dili, dialekt və şivələrimiz üçün səciyyəvidir.
-av. Tərəf, istiqamət ifadə edən söz düzəldir. Ədəbi dilimizdə tam sabitləşməyib, danışıq dili üçün xarakterikdir. Qərb qrupu dialekt və şivələrində işlənir. Məsələn: yanav.
-dəş. Bu şəkilçi addan ad düzəldən qeyri-məhsuldar şəkilçidir. Dialekt və şivələrdə işlənən "səydəş" sözündə rast gəlinir.
-dərəm. Bu şəkilçi -dəş şəkilçisi ilə sinonimlik keyfiyyətinə malik olub, atributiv səciyyəli "səydərəm" sözünü əmələ gətirir.
-ənək. Qərb qrupu dialekt və şivələri üçün xarakterik olan, ad düzəldən qeyri-məhsuldar şəkilçilər qrupuna aiddir. Dialektlərdəki "səyənək və gicənək" sözlərində təsadüf olunur.
Qeyd edək ki, -dəş,-dərəm,-ənək qeyri-məhsuldar şəkilçilərinin işlənmə arealı daha məhduddur və bunlar dildə arqotizm səviyyəsində olan vulqar sözlər hesab olunur.
-ski. Bu şəkilçi keçən əsrin ikinci yarısında dilimiz üçün daha xarakterik olmuşdur. Vaxtilə şəkilçinin -skiy, -skaya, -ski formaları işlənmiş, bəzi antroponimlərin və toponimlərin əmələ gəlməsində iştirak etmişdir. Lakin hazırda rus mənşəli olan bu şəkilçi, demək olar ki, işləkliyini tamamilə itirmək üzrədir. Şəkilçinin -ski formasına ərazi adını ifadə edən "komsomolski" sözündə işlənir.
-ok. Dialekt və şivələrimizdə sifətdən isim düzəldən qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: bicok.
-ska. Dialekt və şivələrdə şəkilçi kimi bəzən söz kökü də mənşə etibarilə alınma olur. -ska şəkilçisi ədəbi dilimizdəki "içkili", "sərxoş" sözlərinin şifahi danışıq dilində sinonimi olan "pyan" sözünə artırılıb, əşya, şəxs, hal-vəziyyət ifadə edən "pyanska" sözünü düzəldir.
-es. Sifətdən atributiv səciyyəli söz əmələ gətirən qeyri-məhsuldar şəkilçi olub, ədəbi dildəki -uş (koruş) şəkilçisinin qrammatik sinonimi kimi çıxış edir. Qərb və Cənub qrupu dialekt və şivələrinin söz yaradıcılığı prosesində iştirak edir. Məsələn: Kores, gonbules.
-uç,-üç. Ədəbi dildəki feildən feil düzəldən -uş,-üş şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir. Qərb qrupu dialekt və şivələri üçün xarakterikdir. Məsələn: soruçmaq, sürüçmək və s.
-ne. Danışıq dilində işlənən rus mənşəli qeyri-məhsuldar ön şəkilçidir. Qoşulduğu sözdə əsasən, əlamət, keyfiyyət, xüsusiyyət, zahiri görkəm, əksilik məzmunu yaradır. Məsələn: nestandart.
-nı. Bu şəkilçi də danışıq dilində, məişət üslubunda işlənən rus-Avropa mənşəli qeyri-məhsuldar şəkilçi və sözlərin sonuna qoşularaq əlamət, keyfiyyət bildirən sözlər əmələ gətirir. Məsələn: formalnı, normalnı, naturalnı və s.
-unnuq. Ədəbi dilimizdəki feildən sifət düzəldən -nuq şəkilçisinin dialektlərdəki fonetik variantıdır. Əsasən, Qərb qrupu dialektlərində işlənir. Məsələn: yorunnuq.
-m. Dialekt və şivələrdə zərfdən zərf düzəldən qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: hələm.
-cığ. Bu şəkilçi qeyri-məhsuldar olub, ədəbi dildəki feildən isim düzəldən -ğıc şəkilçisinin dialekt və şivələrimizdə işlənən, fonetik dəyişikliyə uğramış formasıdır. Məsələn: başlancığ.
-gi. Feildən isim və atributiv səciyyəli söz düzəldən qeyri- məhsuldar. -gə şəkilçisinin dialektlərdə işlənən variantıdır. Qərb qrupu dialekt və şivələri üçün xarakterikdir. Məsələn: şitəngi.
-ş. Addan ad düzəldən qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. Demək olar ki, əksər dialekt və şivələrimizdə işlənir. Şəkilçi ədəbi dilimizdə mürəkkəb sözlərin tərkib hissəsi kimi çıxış edən avto sözünə qoşulub avtoş sözünü əmələ gətirir.
Omonimlik keyfiyyətinə də malikdir. Dialektlərdə sifət də düzəldə bilir: dənəş. Ədəbi dildəki -c şəkilçisinin (anac, toxac) dialekt və şivələrimizdəki qarşılığı kimi də işlənir. Məsələn: anac-anaş(toyuq)
-nçi. Bu şəkilçi dialekt və şivələrimizdə əsasən -ca,-cə şəkilçisinin qarşılığı kimi işlənir. Bakı dialektində daha çox işlənir. Məsələn: elənçi, belənçi.
-tər. Qərb qrupu dialekt və şivələri üçün xarakterik olan və əvəzlik əmələ gətirən qeyri-məhsuldar şəkilçidir. Məsələn: nətər
Bu şəkilçi ədəbi dildə işlənən təhər sözünün (nə təhər?) ixtisarı nəticəsində əmələ gəlib, dialekt və şivələrimizdə -tər kimi sabitləşmişdir.
-alı. Dialekt və şivələrimizdə isimdən isim düzəldən şəkilçi kimi çıxış edir. Əslində -alı şəkilçisi ədəbi dildə -ə+li formasında işlənir: xəmr-xəmrə-xəmrəli. Dialektlərdə (Qərb qrupu) isə -alı formasında işlənir. Məsələn: xamralı (çörəyin bir növü mənasında). Bu sözə İ.Şıxlı yaradıcılığında da təsdüf olunur: Ala xurcunun bir gözünü xamralı çörəyi, o biri gözünü isə pendir, yağ, balla doldurdu; Evdə xurcunu açanda gördüm ki, bir gözündə təndir və xamralı çörəyi, o biri gözündə isə yağ, pendir, hətta qənd, çay da var.
-ner. Ədəbi dildə işlənən -ioner şəkilçisinin danışıq dilindəki fonetik variantı olub, şəxs, əşya, vəzifə bildirir. -ner şəkilçisinin ədəbi dildəki qarşılığı kimi -çı,-çi,-çu,-çü sözdüzəldici şəkilçisi işlənir. Məsələn: pensiyaner-pensiyaçı.
-ov. Bu şəkilçi əslində şəkilçiləşmiş söz olub, ədəbi dildə işlənən ab(su) sözünün dialekt və şivələrimizdəki fonetik dəyişikliyə uğramış formasıdır. Qoşulduğu sözdə əşya, hadisə, yer, məkan məzmunu yaradır. Məsələn: selov.
-ıkı. Çox güman ki, bu budaq morfem ədəbi dildə olan sifət düzəldən -dakı-dəki şəkilçisinin dialekt və şivələrimizdə işlənən transformasiyaya uğramış formasıdır. Ədəbi dilimizdə olduğu kimi, dialekt və şivələrimizdə də sifət əmələ gətirir. Olduqca qeyri-məhsuldar olan bu şəkilçiyə Qərb qrupu dialekt və şivələrində təsadüf olunur. Məsələn: dalıkı( daldakı) qonşu.
-a. Bu şəkilçinin, demək olar ki, işlənmə dairəsi, işlənmə tezliyi olduqca məhdud dərəcədədir. Bu şəkilçi ədəbi dildə həm sözdüzəldici, həm də sözdəyişdirici mövqeyində çıxış edən və omonimlik keyfiyyətinə malik olan -a şəkilçisindən fərqlənir. Danışıq dilində, dialekt və şivələrdə, məişət üslubunda -a budaq morfemi "almaq" sözünün sonuna artıralaraq feilin əmr şəklini ifadə edir. Bu zaman "ala" sözünün lüğəvi mənası təqribən "götürün, alın, buyurun" sözlərinin semantikasına uyğun çalar əmələ gətirir. Düzdür, müasir Azərbaycan dilində feilin əmr şəklinin II şəxsin təkində xüsusi morfoloji əlaməti yoxdur. Lakin dilin tarixi inkişaf prosesini sistematik olaraq izlədikdə görürük ki, tarixi qrammatikada təsviri qrammatikadan fərqli olaraq feilin əmr şəklinin II şəxsinin təkində -gil, -ginan,-ginən,-gunan,-günən, -sana,-sənə şəkilçilərindən istifadə olunmuşdur. Bu mənada -a şəkilçisinin işlənməsi dilimiz üçün normal bir haldır. Tarixən işlənmiş həmin şəkilçilərlə müqayisədə -a şəkilçisinin canlı danışıq dilində işlənməsinə daha az təsadüf olunur. Belə ki, -gil, -ginan,-ginən,-gunan,-günən, -sana,-sənə budaq morfemlərini əksər feillərə artırmaq mümkün olduğu halda, -a morfemini bütün feillərə artırmaq olmur. Adətən "ala" (buyurun, götürün, alın mənasında) formasında işlənir.
İlkin ƏSGƏR



