|
|
|
|
Sevinc Babayevanın oğlu da İstanbuldadır və meyitə baxışda iştirak edib
“Biz dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış apardıq. Bu prosesdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri iştirak etdi”. Bunu APA-nın hazırda “Medicana İnternational” xəstəxanasında olan Türkiyə müxbirinə İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib.
Prokuror bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üzərində hər hansı sənəd olmayıb.
Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: “Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmalardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir”.
F. Arı qeyd edib ki, S. Babayevanın cənazəsi sabah İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: “Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq”.
Prokuror S. Babayevanın Türkiyədə harada yaşadığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib.
Xəstəxanadan bildirilib ki, S. Babayeva dünən ürək tutması ilə xəstəxanaya müraciət edib: “Xəstə deyib ki, əvvəlcə başqa xəstəxanaya müraciət edib, amma orada onu qəbul etməyiblər. Təcili olaraq bura gəldi və bir az sonra ürək tutmasından dünyasını dəyişdi”.
Hazırda S. Babayevanın oğlu Ayxan Məmmədov da xəstəxanadadır. Mərhumun meyitinə baxış keçirilməsi prosesində iştirak edən qohumu da məhz o olub.
Qeyd edək ki, hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və konsulluğun digər əməkdaşları da xəstəxanadadırlar.