|
|
|
|
Oktyabrın 22-də iki ildən bəri davam edən Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənc Ədiblər Məktəbinin (GƏM) ikinci buraxılışı oldu.
Təxminən 200 nəfəri bir araya gətirən layihə çərçivəsində 50 nəfərə bu məzmunda diplom verildi: “... Fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi və təcrübəsinə yiyələndiyinə görə təltif olunur”.
Tədbiri giriş sözü ilə Birliyin katibi, eyni zamanda Məktəbin rəhbəri Rəşad Məcid açdı. Layihənin yaranmasından, iki il ərzində gənclərin bir araya gəlib ədəbiyyat sahəsində müəyyən biliklərə yiyələnməsindən danışdı:
“Birinci Gənc Ədiblər Məktəbi Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə layihəsi olaraq 2008-2010-cu illərdə fəaliyyət göstərib. Layihə başa çatandan sonra qərara gəldik ki, bunu davam etdirmək lazımdır. Beləliklə, 2013-cü ildə ikinci layihəyə start verdik”.
Birliyin katibi çıxışında budəfəki Məktəb iştirakçılarının bir qədər passiv olduğunu dilə gətirdi:
“Əvvəlki layihədə 50 gəncə diplom verildi. Amma indi maksimum 15-20 nəfər aktivlik nümayiş etdirir.
Buna rəğmən, ənənəyə sadiq qalaraq yenə 50 nəfəri təltif etmək qərarına gəldik. Zaman keçdikcə qeyd etdiyim 15-20 nəfərin də sayı azalacaq, amma içərilərində öz ömrünü ədəbiyyata, sözə həsr edənlər mütləq olacaq.
Əminəm ki, Azərbaycan ədəbi mühitinin qaynarlığına öz töhfələrini verəcək, adlarını tarixə yazdıra biləcəklər.
Rəşad Məcidin fikrincə, Məktəbin ən üstün cəhəti odur ki, ədəbiyyata maraq göstərən, şair, yazıçı olmağa can atan gənclər öz yaşıdlarıyla tanış olurlar:
“Burada yaradıcı mühit formalaşır. Hərdən tənqid edilsə də, Yazıçılar Birliyinin nail olmaq istədiyi məhz bu mühitin yaranmasıdır.
Bu iki ildə nələr öyrənmisiniz, nələr əxz etmisiniz - ən dəqiqini özünüz bilirsiniz. Keçilən ustad dərslərindən başqa əsas nüans məsuliyyətdir. Əgər bir insan öz üzərində çalışmırsa, onun istedadı da batıb gedəcək”.
AYB katibi gənclərə göstərilən dövlət qayğısından da söz açdı. Hər il 20 istedadlı gəncə Prezident təqaüdü verildiyini qeyd etdi. Bunda əməyi keçən hər kəsə, xüsusən dövlət rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Çıxışının sonunda R.Məcid GƏM-in növbəti layihəsinin anonsunu verdi. Bildirdi ki, üçüncü Məktəb 2016-2018-ci illərdə fəaliyyət göstərəcək.
Daha sonra şair, Məktəbin koordinatoru Emin Piri söz alaraq öz təəssüratlarını bölüşdü:
“Ümumi statistika kimi deyim ki, Məktəbin fəaliyyəti dövründə təxminən 200 gənc müraciət edib.
Aralarında fəallıq göstərən də oldu, ümumiyyətlə gəlməyən də. Amma məncə, layihə pis alınmadı. Biz bu müddət ərzində ədəbi priyomlar, nəzəriyyələr öyrənməkdən başqa, dost-yoldaş olduq”.
Məktəbin fəallarından Gülnar Səma layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etdi.
Rübabə Sahibin fikrincə, qələm adamları ilə bir arada olmağın xüsusi özəlliyi var, sözdən, ruhdan anlayan adamlarla münasibət qurmaq çox gözəldir. O, GƏM-nin fəaliyyəti dövründə istedadların üzə çıxarılmasında, yazılarının, kitablarının çap edilməsində göstərdiyi köməyə görə Yazıçılar Birliyinə təşəkkürünü bildirdi.
Fəallardan daha biri Taleh Mansur dedi ki, Gənc Ədiblər Məktəbində çox yaxşı dostlar tapdıq, ədəbi müzakirələrə qoşulduq, bilmədiklərimizi öyrəndik.
Vəfa Mürsəlqızı layihənin əhəmiyyətindən söz açdı və bunun son deyil, hələ yolun başlanğıcı olduğunu xatırlatdı.
Cavid Qədir layihənin ədəbi yaradıcılıq baxımından lazımlı addım olduğunu vurğuladı. Qeyd etdi ki, GƏM gənclər üçün bir növ tramplindir. Bundan sonrakı hadisələrin inkişafı artıq özlərindən asılıdır.
Elmin Nuri ədəbiyyatın, yaradıcılığın sevgidən qaynaqlandığını bildirdi. Onun sözlərinə görə ədəbiyyat kimin yaxşı, kimin pis yazmasıyla deyil, kimin hansı şövqlə yazmasıyla ölçülür. Nəzərə çatdırdı ki, GƏM-nin üzlərində bu şövq var.
Tədbirin sonunda Gənc Ədiblər Məktəbində fəallıq göstərmiş 50 gənc diplomla təltif olundu.
Cavid QƏDİR