
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi haqda ötən şənbə verilmiş Prezident sərəncamı, ayrı-ayrı dövlət qurumlarının bu sərəncamdan sonra həyata keçirdiyi tədbirlər son günlərin ictimai fikrə hakim kəsilən ən əsas və həssas mövzu oldu.
Prezident İlham Əliyevin milli təhlükəsizlik nazirini vəzifədən azad etməsi cəmiyyətdə şok effekti yaratdı. İctimaiyyət Prezidentin belə bir kəskin mövqe ortaya qoymasını böyük rəğbətlə qarşıladısa, yüksək ranqlı dövlət məmurları arasında səksəkə, təlaş yaşanmağa başladı. Əslində, bu addım həm də digər yüksək vəzifəli məmurlara xəbərdarlıq idi: öz işinə səhlənkar yanaşan, vəzifəsindən sui-istifadə edən hər kəs cəzasını alacaq, heç kim məsuliyyətdən kənarda qalmayacaq.
Vəzifədən kənarlaşdırılandan dərhal sonra Eldar Mahmudovun 11 il rəhbəri olduğu Milli Təhlükəsizlik Nazirliyinin bəzi yüksək ranqlı əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibkarların işinə qanunsuz müdaxilələrə yol vermələri barədə ciddi iddialar səsləndirilməyə başladı. Baş Prokurorluğun bununla bağlı yaydığı açıqlamada isə açıq şəkildə bildirildi ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının qanunvericiliyin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr etmələri, ayrı-ayrı şəxslərin hüquq və mənafelərinin pozulması halları müəyyənləşdirilib, nazirliyin, iki nəfəri general olmaqla, 7 nəfər vəzifəli şəxsi barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu hadisələr Prezident İlham Əliyevin ötən həftənin sonları MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən görüşündən sonra baş verdi. Zirvə toplantısından qayıdandan sonra prezident Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad etdi.
MTN-lə bağlı qərar verməzdən öncə dövlət başçısı bir neçə dəfə çıxışlarında bəzi dövlət qurumlarının sahibkarların işinə qanunsuz müdaxilələr etmələrinin yolverilməz olduğunu vurğulamış və belə hərəkətlərə yol verən şəxslərin cəzalandırılacağını demişdi. Prezident sonuncu dəfə bir neçə gün əvvəl Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının yekunlarına həsr olunan iclasında bildirmişdi ki, xüsusilə bölgələrdə bəzi hüquq-mühafizə orqanları əməkdaşlarının sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrinə yol verilir. Yerli icra hakimiyyəti strukturlarının, o cümlədən, hüquq-mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problemlər yaratdığına, onlardan pul tələb etmələrinə toxunan dövlət başçısı qətiyyətlə xəbərdarlıq etmişdi: “Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Və budur, bu bəyanatdan cəmi 5 gün sonra Prezident nazir Eldar Mahmudovu tutduğu vəzifədən azad etdi, bundan sonra isə nazirliyin sahibkarların işinə qanunsuz müdaxilələr etməkdə, onlardan rüşvət almaqda təqsirləndirilən bir qrup MTN zabitinin həbsi xəbəri yayıldı.
Prezident İlham Əliyev rəhbərlik fəa
liyyəti dövründə dəfələrlə belə prinsipial və qətiyyətli addımlar atıb. Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövr ərzində Prezident İlham Əliyev istər ölkə daxilində baş verən ən önəmli hadisələrə, istərsə də beynəlxalq xarakterli geopolitik proseslərə və xarici siyasətdə respublikamıza bu və ya digər şəkildə aidiyyatı olan məsələlərə daim Azərbaycan xalqının və dövlətinin maraqlarından yanaşaraq prinsipial mövqe sərgiləyib. Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, “Prezident İlham Əliyev öz siyasətində məsuliyyətlilik, qanunçuluq, dövlətçilik, dövlət maraqlarının təmin olunması, müstəqil dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe bəzən müəyyən dairələri narahat edir. Azərbaycanı istəməyən bəzi dairələr dövlətimizin siyasətinə, onun daxili işlərinə müdaxilə etməyə çalışırlar. Bizim vəzifəmiz isə ondan ibarətdir ki, Azərbaycan dövlətini qoruyaq, yaşadaq, bu dövlətə söykənərək xalqımızın maraqlarını təmin edək”.
Qeyd edildiyi kimi, bu illər ərzində biz dövlət başçısının Azərbaycanın dövlət maraqlarının qorunması istiqamətində prinsipial və qətiyyətli mövqe nümayiş etdirdiyinin dəfələrlə şahidi olmuşuq. Xüsusilə ölkəmiz üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ problemi ilə bağlı ən müxtəlif səviyyəli müzakirələrdə Prezidentin Azərbaycanın milli maraqlarından bir addım belə geri çəkilməməsi, güzəştsiz mövqe nümayiş etdirməsi daim diqqət mərkəzində olub. Bir məqamı yada salaq: hələ 2009-cu ildə ABŞ prezidenti Barak Obama İlham Əliyevi Türkiyə-Ermənistan sərhəddinin açılmasına razı salmaq məqsədilə İstanbula dəvət edərkən Azərbaycan Prezidenti qətiyyət və iradə ortaya qoyaraq bu məkrli planı pozdu və ölkəmizin maraqlarını hətta dünyanın supergücləri ilə qarşı-qarşıya gəlmək bahasına olsa belə, qoruyacağı mesajını verdi. Bəzi Qərb dövlətlərinin ölkəmizə münasibətdə ultimativ ton almasına, diktə tərzi sərgiləməsinə açıq şəkildə etirazını bildirən Prezident İlham Əliyev heç bir qüvvənin Azərbaycanla bu cür rəftara haqqı olmadığını və dövlət başçısı kimi buna yol verməyəcəyini dönə-dönə bəyan edib. Prezidentin bu qətiyyətli mövqeyi həmin dairələri əksər hallarda öz davranışlarına yenidən baxmaq, üslublarını yumşalma yönündə dəyişdirmək məcburiyyətində qoyub.
Həm daxili, həm də xarici siyasətdə Azərbaycan Prezidentinin tutduğu qətiyyətli mövqe əslində, ümummilli lider Heydər Əliyevin bir vaxtlar başlamış olduğu, dövlətimizin və xalqımızın maraqlarının qorunmasına yönəlik məqsədyönlü və ardıcıl siyasətin məntiqi davamıdır. Ümummilli lider Heydər Əliyev də dövlətin maraqlarına zidd addımlar atan məmurlara qarşı daim kəskin və qəti mövqe tutur, günahkarları sərt şəkildə cəzalandırırdı. Çoxlarının xatirindədir ki, 1990-cı illərin sonlarında Azərbaycanın o vaxtkı baş prokuroru ilə onun müavinləri arasında münasibətlər gərginləşmiş, mediada tərəflər bir-birinə kompromat savaşına başlamışdılar. Belə bir vaxtda cəmiyyətin diqqəti dövlət başçısı Heydər Əliyevin hansı qərarı verəcəyinə yönəlmişdi. H.Əliyev usta bir siyasətçi kimi, çoxlarının gözləmədiyi halda, həm baş prokuroru, həm də müavinlərini tutduqları vəzifələrdən azad etməklə ali dövlət qurumundakı qarşıdurmaya son qoydu.
Prezident İlham Əliyevin də milli təhlükəsizlik nazirini vəzifədən azad etməsi cəmiyyətdə şok effekti yaratdı. İctimaiyyət Prezidentin belə bir kəskin mövqe ortaya qoymasını böyük rəğbətlə qarşıladısa, yüksək ranqlı dövlət məmurları arasında səksəkə, təlaş yaşanmağa başladı. Əslində, bu addım həm də digər yüksək vəzifəli məmurlara xəbərdarlıq idi: öz işinə səhlənkar yanaşan, vəzifəsindən sui-istifadə edən hər kəs cəzasını alacaq, heç kim məsuliyyətdən kənarda qalmayacaq.
Təsadüfi deyil ki, bu olaylardan sonra ayrı-ayrı dövlət və hökumət strukturlarında maraqlı bir canlanma müşahidə olunmağa başladı. Hətta bəzi qurumlarda yığıncaqlar keçirilərək baş verənlərə müxtəlif xarakterli münasibətlər də bildirildi, sahibkarlığın inkişafına əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı yüksək səviyyədə görülən tədbirlərin dəstəkləndiyi ifadə edildi.
Azərbaycan Prezidenti MTN-lə bağlı atdığı və ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu addım təkzibolunmaz faktlara söykənirdi. Mətbuatda yayılan və artıq rəsmi təsdiqini tapan xəbərlərə görə, MTN-nin yüksək çinli əməkdaşlarınun qanunsuz əməlləri sırasına sahibkarlardan “haqq” tələb edilməsi, onların yersiz incidilməsi, nazirliyin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, iş adamlarının şantaj və qondarma ittihamlarla istintaqa cəlb olunmaları, eləcə də digər hüquqa zidd əməllər daxildir. Məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb və araşdırmalar nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri məhz Milli Təhlükəsizlik Nazirliyi tutur.
Yeri gəlmişkən, MTN-nin sahibkarları incitməsi haqda məsələyə vaxtilə “525-ci qəzet” də toxunmuşdu. Hələ bir neçə il öncə qəzetimizdə “MTN-in işi ancaq narkotika tutmaqdırmı?” başlıqlı yazı dərc edilmişdi. Həmin yazıda MTN-in narkotika qaçaqmalçılığına qarşı tez-tez həyata keçirdiyi həbsləri ictimaiyyətə açıqlaması tənqid edilir, bildirilirdi ki, bu qurum dövlətin təhlükəsizliyi ilə bağlı daha ciddi məsələlərə cavabdehlik daşıdığı halda, bu tip xəbərləri dövriyyəyə buraxmaqla, əslində, ictimai rəydə özünün piarını aparmağa çalışır. Dərc olunduğu gün geniş əks-səda doğuran həmin yazıda eyni zamanda MTN-in sahibkarların, ayrı-ayrı biznes strukturlarının işinə qanunsuz müdaxiləsindən də söhbət açılırdı.
Son illər MTN-in müxtəlif strukturlarının sahibkarlardan “haqq” tələb etməsi halları bu qurumun əvvəlki nüfuzuna xeyli dərəcədə kölgə salmışdı. Yaxın keçmişə nəzər yetirsək, görərik ki, Milli Təhlükəsizlik Nazirliyinə bir dövlət strukturu kimi ictimaiyyət arasında həmişə xüsusi münasibət olub, əməkdaşlarının reputasiyası, davranış tərzi və bütövlükdə fəaliyyəti birmənalı olaraq bəyənilib, təqdir edilib. Amma son illər nazirliyin fəaliyyətindəki, Sovet dövründən qalma milis-OBXSS ab-havasının müşahidə olunmağa başlaması bu dövlət qurumuna olan əvvəlki yüksək münasibəti əhəmiyyətli dərəcədə zədələmişdi.
Dövlət başçısının bu qətiyyətli addımı, artıq qeyd etdiyimiz kimi, bir yandan ictimaiyyətdə böyük rəğbət yaratdısa, digər tərəfdən də məmurların məsuliyyət hissini birəbeş artırdı. Hər bir məmur anladı ki, Azərbaycanda hakimiyyət sükanı qətiyyətli və prinsipial liderin əlindədir, səlahiyyət həddini aşan, vəzifənin verdiyi imtiyazlardan öz şəxsi mənafeyi üçün istifadə edən hər kəs, ölkə rəhbərinin iradəsi ilə, gec-tez öz cəzasını mütləq alacaq.
AYDIN



