|
|
|
|
Noyabrın 11-də TÜRKSOY-un, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin, Qırğızıstanın Milli Kitabxanasının və Qırğız Xalqı Assambleyasının təşəbbüsü ilə Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.
Mərasimə Qırğız Respublikasının hökumət üzvləri, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımızla birlikdə Azərbaycandan, Türkiyədən, Qazaxstandan dəvət olunan qonaqlar da qatılıblar.
Tədbirin əvvəlində Kitabxananın foyesində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" adlı kitabının təqdimatı ilə əlaqədar sərgi keçirilib.
Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Tədbiri açan Qırğızıstan Milli Kitabxanasının direktoru professor Jıldız Bakaşova belə yüksək səviyyəli tədbirə ev sahibliyi etdikləri üçün böyük fərəh hissi keçirdiklərini və bunun qırğız ictimaiyyəti tərəfindən çox yaxşı qarşılandığını bildirib.
Qırğız Respublikasının Mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov B. Vahabzadənin Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu, xalqın fikirlərini öz şeirlərində əks etdirdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri Hidayət Orucov B.Vahabzadənin 1950-ci illərdə ədəbiyyata gəldiyini və artıq 60-cı illərdə ümumən Sovet İttifaqında və sonradan bütün türk dünyasında tanındığını, əsərlərinin sevilərək oxunduğunu bildirib. H.Orucov ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin B.Vahabzadəyə olan diqqət və qayğısından, onun yaradıcılığına verdikləri böyük qiymətdən söz açıb, bunun göstəricisi olan sərəncamlar diqqətə çatdırılıb. Sonda H.Orucov görkəmli Azərbaycan şairinin yubileyinin keçirilməsilə bağlı təşəbbüsə görə TÜRKSOY-a, Qırğızıstan Milli Kitabxanasına və Qırğız Xalqı Assambleyasına dərin təşəkkürünü ifadə edib.
TÜRKSOY nümayəndələri Elçin Qafarlı, Hocagəldi Kuluyev və Malik Otorbayev isə belə bir tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri H.Orucova təşəkkür ediblər.
Qırğız-Türk "Manas" Universitetinin rektoru Səbahattin Balçı, Bəxtiyar Vahabzadənin şeirlərini qırğız dilinə tərcümə edən Qırğız Respublikasının əməkdar mədəniyyət xadimi Baxtıqul Çoturova, Azərbaycandan dəvət olunmuş şair Əkbər Qoşalı, "Azəri" İctimai Birliyinin sədri Əziz Əliyev çıxış edərək tədbiri heç vaxt unudulmayacaq möhtəşəm gün adlandırıblar.
Mərasim sənətçilərin təqdimatında konsert proqramı ilə yekunlaşıb.