|
|
|
|

Milli Məclisdə (MM) yaxın gələcəkdə "Optika haqqında" qanun layihəsi müzakirələrə çıxarıla bilər.
Bu haqda MM-in yeni Səhiyyə komitəsinin ilk iclasında məlumat verilib. Komitənin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq xeyli müddətdir belə bir qanun layihəsinin hazırlanaraq müzakirələrə çıxarılması məsələsi ortadadır:
"Həqiqətən də belə bir qanuna ehtiyac var. Dünyada da bu tipli qanunlar mövcuddur. Bu yöndə müəyyən işlər görülüb, ancaq hesab edirəm ki, yeni qanun layihəsi üzərində işləri daha da sürətləndirməliyik".
Azərbaycan Optikçilər Assosiasiyasının rəhbəri Rüfət Musayev də bildirib ki, belə bir qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac duyulur:
"Çünki biz də nə vaxtsa eynək taxmaq məcburiyyətindəyik. Ümumiyyətlə, statistikaya görə, dünya əhalisinin 60-70 faizi eynəklərdən istifadə edir, amma onların cəmi 20 faizi optiklər barədə ətraflı məlumatlara malikdir.
Eyni zamanda, çox təəssüflər olsun ki, bu gün Azərbaycanın optika bazarında vəziyyət ürəkaçan deyil. Bazarda standartlara uyğun gəlməyən, sertifikatlaşdırmadan keçməyən çoxlu optik mağazalar var. Onların böyük əksəriyyətində çalışanların da optika, eynəklər barədə məlumatları, təsəvvürləri yoxdur. Ona görə də bu bazarı tənzimləmək üçün belə bir qanunun qəbuluna ehtiyac var.
Məlumat üçün onu da deyim ki, cəmi bir neçə il bundan öncə Türkiyədə belə bir qanun qəbul olunub və bu sahədə böyük uğur əldə edilib".
Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov öz növbəsində belə bir qanun qəbul olunması ilə bağlı təklifləri dəstəkləyib. O deyib ki, Mərkəz tərəfindən bir ay ərzində təxminən 1200 insana optik kolleksiya təqdim olunur, bir il ərzində isə təxminən 14-15 min pasiyent onlarda qeydiyyatdan keçir.
Komitənin sədr müavini Musa Quliyev isə qanunun "Oftalmoloji yardım haqqında" adlandırılmasını məqsədəuyğun hesab edib: "Çünki burada daha geniş məqamlar öz əksini tapa bilər".
Kamil HƏMZƏOĞLU



