|
|
|
|
Dünən Vergilər Nazirliyində KİV nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən "525"ə verilən xəbərə görə, tədbiri girişi sözü ilə açan vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov media nümayəndələrini salamlayaraq, görüşün əsas məqsədinin vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu bildirib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat 20 ildən artıq ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib, vergi ödəyicilərinin sayı artaraq ölkədə sahibkar təbəqəsi formalaşıb və bu təbəqə iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib. Ölkə başçısının yürütdüyü davamlı iqtisadi inkişaf strategiyası nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişikliklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına, sahibkarlar təbəqəsinin fəaliyyətinin davamlı inkişafına zəmanət verir. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Sonra nazirin 1-ci müavini Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı KİV nümayəndələrini məlumatlandırmaq üçün sözü Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinova verib.
Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışan N.Şirinov dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.
Sonra Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri - fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120.000 manatdan 200.000 manatadək artırılması, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hüquqi şəxslərin əmlak vergisi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması və s. məsələlər ətraflı şərh olunub.
Sonra Nazirliyin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə və digər hüquqi-normativ aktlara dəyişikliklərin əsas istiqamətləri ilə bağlı KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.