|
|
|
|

Son zamanlar neftin qiymətində kəskin enmələr müşahidə olunur ki, bu da neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaşanmasına səbəb olur.
Dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması daha çox siyasi səbəblərlə bağlıdır. Vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan OPEK (Neft İxrac Edən Ölkələrin Təşkilatı) tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdır. Oxşar ssenari hal-hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir.
OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahib olsa da, bu istiqamətdə addım atmır. Əksinə olaraq, OPEK-in məsələ ilə əlaqədar təşkil etdiyi əlahiddə yığıncaqlardan sonra neftin qiymətində növbəti artım dalğası müşahidə olunur. OPEK-in işində fəal rol oynayan Venesuelada baş vermiş hakimiyyət dəyişiklikləri, İranın isə Qərblə xüsusən ABŞ anlaşması, bu təşkilatda onsuz da mövqeyi güclü olan ABŞ-ın mövqeyini daha gücləndirib. OPEK ABŞ-ın geosiyasi maraqlarını həyata keçirən növbəti mexanizmə çevrilib. Rusiyanın siyasi səhnədən və dünya enerji bazarından sıxışdırılıb çıxarılması məsələsində ABŞ-ın və hazırda OPEK-də təmsil olunan iri karbohidrogen ixracatçılarının maraqları uzlaşır.
Qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranın fonunda ABŞ-n federal rezervlər siyasətini yenidən gözdən keçirməsi, yəni indiyə qədər toxunmadığı yanacaq-energetika ehtiyatlarının istehsal və ixracına qərar verməsi də böhranın dərinləşməsi üçün atılan addımlardandır. Belə spekulyasiyalar, öz maraqları naminə dünya iqtisadiyyatını dağıtmaqda çəkinməyən treyder münasibəti neft qiymətlərinin hələ uzun müddət bahalaşması imkanını azaldır. Dünyanın iri enerji istehlakçıları olan ölkələrdə sənayenin azalması da neft qiymətlərinə ciddi təsir edir. Təklifin tələbi üstələməsi fonunda daha bir neqativ proses indiyədək öz neft ehtiyatlarını formalaşdıran bəzi ölkələrin ABŞ-ın ardınca bu rezervləri istifadəyə açması, istehlak bazarına külli miqdarda əlavə neft daxil edilməsidir. Neftin qiymətinin mümkün son həddə endirilməsi, beləliklə, Rusiya kimi potensial rəqibin böhrana sürüklənməsi ABŞ siyasətinin son məqsədidir.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir. Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarına neftin sürətlə ucuzlaşması fonunda baş verirdi.
PA rəsmisi əlavə edib ki, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın son qərarını qaçılmaz edib: "Lakin bu o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz ilk növbədə çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini - monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Və vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir".
İqtisadçı ekspertlər, millət vəkilləri də hesab edirlər ki, manatın ucuzlaşması gözlənilən idi və hökumət bu prosesin vətəndaşların həyatına təsirini azaltmaq üçün əlavə tədbirlərə əl atacaq.
Millət vəkili Azər Badamov hesab edir ki, dünya iqtisadiyyatında milli valyutaların qiymətdən düşməsi, o cümlədən də neftin qiymətinin ucuzlaşması davam etdiyi bir vaxtda manatın ucuzlaşması da gözlənilən idi. O qeyd edib ki, neftin qiymətinin düşməsi neft satışından ölkəmizə gələn xarici valyutaların həcminin kəskin azalmasına gətirib çıxarıb: "Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən iqtisadi proseslərdən kənarda qalmaq qeyri-mümkündür. Biz, manatın məzənnəsini Mərkəzi Bankın rezervləri hesabına qorumağa uzun müddət saxlasaydıq ölkə iqtisadiyyatı müəyyən çətinliklərlə üzləşə bilərdi. Ona görə də manatın məzənnəsinin xarici valyutalarla nisbətdə aşağı salınması vacib addım idi. Düşünürəm ki, bugünkü devalvasiyadan sonra yavaş-yavaş manatın möhkəmlənməsi baş verəcək. İdxal olunan mallar xarici valyuta ilə alınır. Milli valyutanın dəyərdən düşməsi idxal edilən malların qiymətlərinin milli valyuta ilə artmasına gətirib çıxarır. Burda malların qiymətlərinin artması fərqli qaydada olacaq . Tam şəkildə xaricdən gətirilən malların qiymətlərində artım valyuta məzənnəsinin dəyişməsinə uyğun olaraq baş verəcəkdir. Amma ölkədə istehsal olunan mallarda isə istehsal olunan malların tərkibindəki idxalın payına görə qiymət artımı olmalıdır. Bu, bəzi mallarda az, bəzilərində çox olacaq. Ölkədə istehsal olunan mallarda qiymət artımı heç bir halda olmamalıdır. Buraya əsasən kənd təsərrüfatı məhsulları, bəzi ərzaq malları daxildir. Belə malların qiymətlərinin artmasına heç bir əsas yoxdur. Manatın indiki məzənnəsi ixrac idxalı üstələyəcək və ölkəmizə əlavə valyutanın gəlməsinə şərait yaranacaqdır. Bu da ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcəkdir".
Millət vəkili Vahid Əhmədov isə deyib ki, milli valyuta ABŞ dollarına nisbətən ucuzlaşıbsa, bu o deməkdir ki, bütün sahələrə təsir olacaq. O cümlədən də ərzaq məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək. Millət vəkili bildirib ki, birdən-birə manatı bu qədər buraxmaq olmazdı: "Ayda iki qəpik, üç qəpik qaldırmaqla üzən məzənnə siyasətinə keçilməli idi. Manat bazarda öz dəyərini tapana qədər bu siyasət belə də davam edəcək. Əgər neftin qiymətində müəyyən artmalar baş verərsə, əlbəttə, manatın dəyəri artacaq. Yox əgər neftin qiyməti ucuzlaşmağa doğru gedərsə, o zaman manat da ucuzlaşacaq. Tələb var, təklif var. Bunlar ikisi bir-birindən asılı olan məsələdir. Avro, dollar bahalaşırsa, neft ucuzlaşmağa doğru gedirsə, bir sıra problemlər meydana çıxa bilər. Mərkəzi Bankın ehtiyatı 15 milyarddan 5,5 milyarda düşdü. Ona görə də məcburi qaydada bu siyasətə keçildi. Düşünürəm ki, bir qədər yumşaq devalvasiyaya keçilsəydi, daha yaxşı olardı".
Ekspert Emin Əliyev son illər ərzində Azərbaycan manatının qiymətindən daha çox dəyərləndirilməsi tendensiyası müşahidə olunurdu. Buna əsas səbəb kimi yüksək neft gəlirlərindən əldə olunan vəsaitləri göstərmək mükündür. Lakin ucuz neft, iqtisadi turbulentlik şəraitində bu cür tendensiya ölkə resurslarına və ilk öncə Mərkəzi Bankın rezervlərinə çox böyük yük idi. Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiyaları hələ müəyyən müddət də davam edə bilərdi, lakin bu proses nəticədə rezervlərin tükənməsi ilə nəticələnə bilərdi: "Ümumilikdə, valyuta kursları bir-birləri ilə mütənasibdə mövcuddurlar. Bu proporsiyalar da ticarət əməliyyatları üçün istifadə olunur. Yəqin ki, Rusiyadakı devalvasiya hadisələri hamının xatirindədir. Çoxlu sayda yerli istehlakçı rublun ucuz olduğu üçün Rusiyadan məişət texnikası, avtomobil, ərzaq və sair malları almaq üçün bu ölkəyə getdilər və bu tendensiya uzun müddət davam etdi. Lakin bunu etməklə, yerli istehsalçılar unuduldu. Onlar da vergilər və maaşlar ödəyir, iş yerlərini qoruyurlar. Ümumilikdə ölkə iqtisadiyyatı üçün devalvasiya müəyyən risklər daşıyır".
E.Əliyev əlavə edib ki, bunların arasında inflyasiya templərinin artması, daxildə istehlak qabiliyyətinin və qısamüddətli planda inkişaf templərinin azalmasıdır: "Beləliklə, manatın kursunun tənzimlənməsi aşağıdakılara gətirib çıxarırdı: "Manatın kursunu ABŞ dollarına nisbətdə 1.05 səviyyəsində saxlamaq üçün Mərkəzi Bank son bir il ərzində 10 milyard ABŞ dollarına qədər vəsait xərcləyib. Ölkə rezervlərinin azalması isə beynəlxalq reytinq şirkətlərinin Azərbaycanın reytinqini aşağı sala bilər. Ölkə reytinqi isə nə qədər aşağı olarsa, xaricdən pulun borclanması bir o qədər çətin olur. Misal üçün, əgər Azərbaycan şirkətləri xaricdən pulu 6-9% cəlb edə bilirsə, Polşa kimi ölkə bunu 3% edə bilər. Bahalı pullar isə - iqtisadiyyat üçün daha az kredit və daha az inkişaf deməkdir. Bununla yanaşı, idarəolunan milli valyuta kursu Azərbaycan mallarının dünya bazarlarında daha az rəqabətli olmasına gətirib çıxarır. Manatın sərbəst buraxılması isə eksportun artmasına, qızıl və valyuta rezervlərinin qorunmasına, xarici ticarət balansının yaxşılaşmasına, büdcəyə pul axınının artmasına, istehlak bazarının canlanmasına, müəssisələrdə iş yerlərinin saxlanılmasına, yerli istehsal mallarına tələbatın artmasına gətirib çıxarır".
PƏRVANƏ



