|
|
|
|

Məlum olduğu kimi, dekabrın 21-də Azərbaycanda Mərkəzi Bankın İdarə Heyəti tərəfindən manat üzən məzənnə rejiminə keçib. Qəbul olunan yeni qərar manatın ABŞ dollarına nisbətən kəskin ucuzlaşmasına səbəb olub.
Əlbəttə ki, yaranan vəziyyətin həm daxili, həm də xarici səbəbləri var. Əsas səbəb neftin dünya bazarında qiymətinin 3 dəfədən çox aşağı düşməsidir. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun aparıcı rol oynadığını nəzərə aldıqda, manatın dollara nisbətən öz mövqeyini zəiflətməsini başa düşmək olar. Hakimiyyət bu və ya digər mənfi halların yaşana biləcəyini, eyni zamanda, neftin tükənən resurs olduğunu öncədən nəzərə alaraq, qeyri-neft sektorunun inkişafını dövlətin əsas prioritet istiqamətlərindən birinə çevirdi. Lakin bəzi xarici güclər tərəfindən dünya bazarında neftin ucuzlaşdırılması istiqamətində atılan radikal addımlar mənfi gözləntilərin daha tez baş verməsinə səbəb olub.
Mövcud vəziyyətdə ölkə daxilində idxal mallarının qiymətində bahalaşma gözlənilir. Lakin bu vəziyyətdən süni şəkildə yararlanmağa çalışan işbazların sayı da kifayət qədərdir. Əvvəla nəzərə alsaq ki, manat dekabrın 21-dən etibarən yeni məzənnəyə keçib, bu zaman, bazarda xaricdən gətirilən ərzaq mallarından tutmuş texniki avadanlıqlara kimi qiymətlərin dərhal qaldırılması başadüşülən deyil. Eyni zamanda, bəzi hallarda yerli istehlak mallarında da süni qiymət artımları müşahidə olunmaqdadır. Bu kimi halların qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımların atılması gözlənilir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov manatın devalvasiyası ilə bağlı "AZƏRTAC"-a danışarkən bildirib ki, Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atıb: "Neft istehsal edən əksər ölkələr, o cümlədən, Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik ediblər. Mütəxəssislər yaxşı bilirlər ki, valyutanın sabitliyinin müdaxilə yolu ilə qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, "üzən məzənnə"yə keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür. Son günlər Azərbaycanda hamıya bəlli idi ki, "üzən məzənnə"yə keçid prosesi qaçılmaz həddə çatıb və Mərkəzi Bank bununla hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə, - dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər, - bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız - Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlar ilə iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı".
Ə. Həsənov qeyd edib ki, Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək məzənnəsi səbəbindən getdikcə aşağı düşürdü: "Belə bir vəziyyətdə manatın məzənnəsinin sərbəstləşdirilməsi qaçılmaz idi. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Amma bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq. Çünki Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən, bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının məzənnəsini sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Mərkəzi Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır".
Əhalinin narahatlığına səbəb olan məsələlərdən biri də banklarla bağlıdır. Manatın devalvasiyası fonunda banklardan dollarla kredit götürən ölkə vətəndaşları ödəyəcəkləri məbləğin artmasından narazıdır. Eləcə də, banklara dollarla əmanət yerləşdirən vətəndaşlar vəsaitin hansı məzənnə ilə onlara qaytarılacağı ilə bağlı narahatlıq keçirirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, neftin dünya bazar qiymətindəki azalmalar, qlobal valyuta bazarında dolların digər valyutalara nisbətən məzənnəsinin yüksəlməsi və eləcə də qonşu ölkələrin milli valyutalarında müşahidə edilən dəyərsizləşmə Azərbaycanda üzən valyuta siyasətinə keçidlə bağlı qərarın verilməsinə gətirib çıxardı: "Mərkəzi Bank bu il fevralında baş verən devalvasiyadan öz xarici valyuta ehtiyatlarından istifadə etməklə sonra manatın məzənnəsindəki stabilliyi qorumağa çalışdı. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 18 milyard dollardan 5 milyard dollaradək azaldı ki, bu da bilavastə manatın kursunu qorumaq üçün istifadə edildi. Üzən valyuta siyasətinə keçid artıq məzənnənin bazar tərəfindən müəyyənləşdirilməsinə səbəb olacaq. Bu zaman bazarda olan tələb-təklifə uyğun olaraq manatın kursu müəyyən ediləcək. Bu isə Mərkəzi Banka intervensiya xərclərini azaltmaqla dövlət rezervlərinə qənaət imkanı verəcək".
V.Bayramov deyib ki, üzən məzənnə rejiminə keçdikdən sonra dollarla krediti olanlar üçün güzəştlərin tətbiqinə ehtiyac var: "Bu məqsədlə Rusiyadakı oxşar təcrübənin tətbiqi məqsədəuyğundur. Rusiyada oxşar hadisələr baş verən zaman dollarla krediti olanlar üçün 5 il müddətinə güzəştlər tətbiq edildi. Azərbaycanda da bu təcrübənin tətbiqinə ehtiyac duyulur. Əks halda isə banklar kreditləri geri qaytarmaqda çətinlik çəkəcəklər. Ona görə də dollarla olan kreditlərin ödənilməsi üçün hökmən konkret güzəştlər tətbiq edilməlidir".
İqtisadçı alim qeyd edib ki, üzən valyuta rejiminə keçdikdən sonra idxal mallarının manat ifadəsində xərcinin artması, ixrac mallarımızın isə dollar ifadəsində ucuzlaşması gözlənilir: "Eyni zamanda, istehlak bazarında süni qiymət artımlarına mübarizənin gücləndirilməsi üçün monitorinqlərin davam etdirilməsi vacibdir. Praktika göstərir ki, belə olan hallarda bəzi işbazlar süni qiymət artımına gedərək daha çox gəlir əldə etməyə çalışırlar".
İqtisadçı ekspert Nicat Hacızadə isə söyləyib ki, manatın devalvasiya ilə bağlı Mərkəzi Bank tərəfindən verilən son qərar gözlənilən idi: "Görünür ki, tədiyyə balansında müəyyən qədər azalmalar müşahidə olunması, makroiqtisadi göstəricilərin aşağı düşməsi dövləti bu cür addım atmağa vadar edib. Təbii ki, bu qərarın dövlət büdcəsi üçün faydaları olsa da, əhali üçün mənfi tərəfləri qaçılmazdır. Xüsusilə manatın kəskin ucuzlaşmasının mənfi təsirləri banklarda hiss olunacaq. Bu vəziyyət həm banklara, həm də əhaliyə mənfi təsir edəcək. Banklardan dollarla kredit götürən vətəndaşlar 50 faiz artıq məbləğ ödəməli olacaqlar. Məsələn, əgər vətəndaş bankdan 1000 dollar kredit götürüb və əvvəl faizləri çıxmaq şərtilə 1050 manat ödəməliydisə, hazırda bakda 1500 manat qaytarmalıdır. Təbii ki, bu, arzuolunan vəziyyət deyil. Əhali hüquqi baxımdan bu vəsaiti qaytarmaq məcburiyyətindədir. Banklar isə vətəndaşların dollarla yatırdığı vəsaiti ödəmək zərurətində olduğu üçün ziyanla işləyəcək".
İqtisadçı ekspert bildirib ki, qonşu Rusiyanın təcrübəsində belə vəziyyətlərdə həm kredit, həm də depozit siyasətində indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır.
N.Hacızadə deyib ki, hazırkı vəziyyətdə əhalidə ajiotaj yaşanır: "Onlar ehtiyat edirlər ki, banklara dollarla yatırdığı əmanətlər iflas ola bilər. Müəyyən qədər yaşlı nəsildə Sovet dövründə əmanət kassalarına yatırılan vəsaitlərin yenidən batma qorxusu hələ də var. Ona görə də, nəzərə alsaq ki, banklarda olan əmanətlərin 71 faizi dollar, 25 faizi manat və 4 faizi isə avro ilə yerləşdirib, bu zaman kəskin azalmalar müşahidə olunacaq".
Ekspert qeyd edib ki, manatın devalvasiyası idxal olunan ərzaq, tütün, spirtli içki, əczaçılıq və elektron mallar bazarına da mənfi təsir edəcək: "Nəzərə alsaq ki, sahibkarlar həmin məhsulları xaricdən dollarla alır, o zaman müvafiq vəziyyətdə 50 faizə qədər bahalaşma müşahidə oluna bilər. Bu da əhalinin dolanışığına mənfi təsir edən faktorlardandır. Bahalaşmanı bir qədər azaltmaq üçün dövlət, xüsusilə gömrük rüsumlarında kəskin azalmalara getməli, onların qarşılaşa biləcəyi bəzi bürokratik əngəllərin qarşısı alınmalıdır. Eləcə də yerli istehlak məhsullarında bəzi işbazlar tərəfindən süni qiymət artırmalarının qarşısını almaq üçün tədbirlər görülməli, bu halların təkrar yaşanmaması üçün ciddi cəza mexanizmləri tətbiq olunmalıdır. Bununla vəziyyəti tənzimləmək olar".
Ceyhun ABASOV



