|
|
|
|

4-5 il bundan əvvəl gündəmə gələn Trans Adriatik Pipeline (TAP) qaz boru kəməri Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
Bu, layihə Avropa İttifaqının 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilir.
TAP-ın əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qaz sayılır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanmalı idi. TAP kəmərinin tikintisinə isə 3 il tələb olunur.
Azərbaycan hazırda da Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Dövlətimiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeganə alternativ mənbədir.
TAP istifadəyə veriləcəyi təqdirdə Balkan ölkələrində, xüsusən, dərin iqtisadi böhran keçirən Yunanıstanda, İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilər. Təəssüf ki, Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir, bu ölkələrin QHT və KİV-ləri TAP əleyhinə təbliğat aparır, bəzənsə də, bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin şahidi oluruq.
Beləliklə, paradoksal mənzərə yaranır: Azərbaycan həm bütün mümkün riskləri nəzərə alaraq Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün alternativ təklif edir, həm enerjidaşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür, həm də bu ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının kaprizləri, yersiz tələbləri ilə üz-üzə qalır.
Əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, həm ümumavropa səviyyəsində, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır.
Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlardan bəlli olduğu kimi Azərbaycan qazının Türkiyəyə nəqlini təmin edəcək. TANAP layihəsinin inşası sürətləndirilərək, layihənin 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Mövcud enerji ehtiyatlarımız ənənəvi bazarlar üçün yetir, eyni zamanda Rusiya-Türkiyə münasibətlərin gərginləşməsi fonunda Türkiyə bazarında əlavə imkanlar açılır. Belə olduğu təqdirdə, Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsinin nə dərəcədə zəruri olması sual doğurur.
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasət dünyada bəzi dairələrin xüsusi maraqlarına cavab vermir: "Qərəzli dairələr istəyir ki, bu gün ölkəmiz İraq, Suriya, ən yaxşı halda öz təbii sərvətlərini su qiymətinə xarici bazarlara çıxaran dövlətlər sırasında olsun. Azərbaycanın hazırda təklif etdiyi variant həm dövlətimizin, həm də Avropanın maraqlarına xidmət edir. Ancaq müəyyən siyasi dairələr süni əngəllər yaratmağa çalışır. Onların nə cür siyasət aparmalarına baxmayaraq həmin qaz kəməri mütləq reallaşacaq. Çünki bu gün Avropanın qaz ehtiyatı azdır. Mövcud qaz xətlərinin isə bir çox hallarda müxtəlif siyasi səbəblərdən bağlanma təhlükəsi var. Həmçinin, alternativ variantın mövcud olmasına həmişə ehtiyac var. Ona görə də, hesab edirəm ki, bu cür yanaşmalar müəyyən müddətdən sonra aradan qalxacaq. Azərbaycanın da iştirakçısı olduğu qaz kəmərinin çəkilməsi reallaşacaq".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, TAP həm irihəcmli, həm də strateji layihədir. Onun sözlərinə görə, bu layihə Avropa məkanının geosiyasətində ciddi dəyişikliklər yaratmaq gücündədir: "Layihəyə geosiyasi prizmadan yanaşmaq lazımdır. Hazırda dünyanın idarəçiliyində yaranan problemlər Qərblə bağlıdır. Yəni, Rusiya birdən-birə nə boyda ambisiya ortaya qoydu ki, dünyaya meydan oxusun?! Əslində bu belə deyil. Əgər Avropa və ABŞ dünyanı normal idarə edə bilsəydilər nə Rusiya, nə də digər dövlətlərlə bağlı belə vəziyyət yarana bilməzdi. Yəni, hazırda dünyanın bir nömrəli problemi Qərbin idarəçilik səriştəsizliyidir. Məhz həmin prizmadan da TAP-la bağlı yaranan problemə yanaşmaq lazımdır. Təəssüfdoğurucu fakt olsa da, bizim artıq bu neqativ vəziyyətlərlə bağlı təcrübəmiz var. Avropa Nabucco layihəsini ortaya qoysa da, sonradan bu, layihənin arxasından getmədi. Əksinə, Qərb Türkiyə və Azərbaycanda bir qrup eksperti ələ alaraq ölkəmizi şərləməyə başladılar. Onlar elə bir fikir yaratmağa çalışdılar ki, guya Azərbaycan Nabucco-nun əleyhinədir və layihə ilə bağlı heç bir addım atmır. Lakin sonradan Nabucco uğurlu alınmadığı üçün layihə iki hissəyə bölündü və TANAP-la TAP adlandırıldı. İndi isə Yunanıstanda hakimiyyət dəyişikliyi TAP üçün vəziyyəti gərginləşdirib. Lakin Azərbaycanın Yunanıstanla bu məsələni müzakirə etməsinin heç bir adı yoxdur. Yəni, Yunanıstan özünü Avropa İttifaqı, NATO-nun üzvü hesab edir və özünü bizdən üstün tutur. Ona görə də, bu dövlətə ya Avropa İttifaqı, ya da ABŞ təsir etməlidir. Bu mənada, son vaxtlar həm ABŞ, həm də Avropa İttifaqı rəsmiləri Yunanıstanla bağlı danışıqlar aparsalar da, hələ real nəticə əldə olunmayıb. Bu baxımdan, Azərbaycan müəyyən müddət gözləmə mövqeyi tutmalıdır. İstər maliyyə, istərsə də Avropa İttifaqı, ABŞ-ın idarəçiliyi ilə bağlı problemlər yaxın 5-6 ay ərzində həllini tapmalıdır. Bu müddət ərzində bəlkə də neftin qiymətində də bahalaşma müşahidə olunacaq.
M.Əhmədoğlu vurğulayıb ki, Avropa üçün belə bir layihə həyata keçirməyimiz bizim üçün böyük strateji uğurdur: "Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı situasiyanı Qərbin indiki rəhbərləri yaradır. Güman etmək olar ki, 1-2 il ərzində həm Avropa, həm də ABŞ-da yeni fikirli idarəçilər meydana gələcək. O vaxta qədər Azərbaycanın dözümlülüyü kifayət qədər diqqət çəkəcək. Ona görə də, TAP-la bağlı tələsməyə ehtiyac yoxdur. Biz TANAP-la bağlı öz işimizi görürük. Bu, layihənin tamamlanma ərəfəsində Qərb tərəfindən müəyyən addımların atılacağını gözləmək olar. Eləcə də, nəzərə alınmalıdır ki, ilin əvvəlində ölkə başçısı İlham Əliyev Bolqarsıtana səfər edib. TAP layihəsi həm Yunanıstan, həm də Bolqarıstan ərazisindən keçərək Avropaya çata bilər. Yəqin ki, rəsmi Sofiyanı da kimlərsə, aktivləşdirəcək. Ona görə də, bir az gözləmək lazımdır. Tələsməyə ehtiyac yoxdur. TAP layihəsi ətrafında yaranan neqativ fonun müzakirəsinin nikbin sonluqla bitməsi üçün müəyyən müddət keçməlidir. Gözləniləndir ki, 2016-cı ildə bu, layihə ətrafında yaranan problemlər həll olunacaq. Bu müddət ərzində biz, neqativ fonun yaranmasının arxasında dayanan səbəblərlə bağlı təhlillərimizi davam etdirməliyik. Birdən-birə radikal addım ataraq TAP-dan imtina etmək məqsədəuyğun deyil".
Ceyhun ABASOV



