
Türkiyə ilə İsrail arasında 3 ildən artıq müddət ərzində davam edən gərginlikdən sonra buzlar əriməyə doğru gedir.
İsrail baş naziri Benyamin Netanyahunun "Mavi Mərmərə" hadisəsinə görə Türkiyədən üzr istəməsi bu fikri formalaşdıran əsas amildir. Amerika prezidenti Barak Obamanın İsrailə səfəri zamanı baş tutan bu üzrxahlıq Türkiyə və İsrail arasında gərginliyə son qoymaq gücündədir. Çünki hər iki tərəf üçün münasibətlərin soyuq və düşmənçilik həddində olması ürəkaçan vəziyyət yaratmırdı. Artıq hər iki tərəf münasibətlərin qaydaya salınması, əlaqələrin bərpası istiqamətində addımlar atmağa hazırlaşır.
Gərginliyin tarixinə nəzər salsaq, İsraillə münasibətlər AKP hakimiyyəti dönəmində soyuqlaşıb və son olaraq 2010-cu il mayın 31-də Türkiyədən yola çıxaraq Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisi Aralıq dənizinin beynəlxalq ərazi sularında İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalması ilə böhran həddinə çatıb. "Mavi Mərmərə" hadisəsindən sonra Türkiyə hökuməti İsraillə diplomatik əlaqələri kəsib, səfirini geri çağırıb. Türkiyə hökuməti münasibətlərin bərpası üçün 3 şərt - üzr istənilməsi, təzminat və Qəzza blokadasının qaldırılmasını - irəli sürüb.
Türkiyə-İsrail münasibətlərini pisləşməsi müəyyən qədər Azərbaycan hökumətinin də yürütdüyü xarici siyasətlə tərsmütənasib idi. Rəsmi Bakı dost və tərəfdaş dövlətlərin düşmən münasibətdə olmasını istəmirdi. Bu vəziyyət, gələcəyə hesablanan mümkün üçtərəfli əməkdaşlıq əlaqələrinin də üstündən xətt çəkirdi. Bu mənada, Türkiyə ilə İsrail arasında münasibətlərin qaydaya düşməsi Azərbaycanla ikitərəfli əlaqələrə də müsbət təsir edəcək.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib ki, Rusiya ilə münasibətlərin pozulmasında Türkiyə nə qədər haqlı idisə, İsraillə münasibətlərin korlanmasında bir o qədər də haqlı sayılmazdı: "Yəni, Fələstini dəstəkləmək, müəyyən dərəcədə İsrailin Fələstin siyasətinin yumşalması üçün Türkiyənin İsraillə münasibətlərinin normal olması daha faydalı idi. İstər "One minute", istər də Qəzzaya gəmi göndərilməsinin diplomatik və siyasi riski arzuolunan nəticədən xəbər vermirdi. Bununla belə, İsrailin Qəzzaya yardıma gedən dinc insanları "Mavi Mərmərə"də qətlə yetirməsi bu dövləti tamamilə haqsız vəziyyətə düşürdü. Ona görə də, səhvini anlayaraq İsrailin üzr istəməsi və ölənlərin ailələrinə təzminat ödəməsi münasibətlərin bərpası üçün yetərlidir".
F.Mustafa hesab edir ki. Qəzza ilə bağlı məsələni münasibətlər normalaşandan sonra addım-addım yoluna qoymaq mümkündür: "Bölgədə bu iki dövlətin ən azı düşmən vəziyyətdə olmaması indiki mürəkkəb şəraitdə hər ikisinin strateji maraqlarına uyğundur. Ümumiyyətlə, Türkiyə-İsrail münasibətlərinə tarixən müsəlman-yəhudi dəyərləri arasında kəsişən psixoloji neqativlik bucağından yanaşmaq ağıllı yol deyil. Burada daha çox bölgədə prosesləri tənzimləməyə gücü yetən iki güclü dünyəvi dövlətin bölgənin gələcəyi ilə bağlı əməkdaşlığının faydalılığı önə çəkilməlidir. Çünki sadəcə bəsit bir məsələyə diqqət yetirsək, asanlıqla bunu etiraf edərik: İraq, Suriya, İran hakimiyyətləri, eləcə də bir sıra Ərəb dövlətləri Türkiyə üçün İsraildən qat-qat artıq təhlükəli deyilmi? Fikrimcə, Türkiyə İsrailin ardınca yenə də ideoloji səbəblərdən münasibətini korladığı Misirlə də münasibətləri bərpa etməyə çalışmalıdır. Görünən odur ki, bölgədə maraqlarının təmin olunması üçün müasir liderlərə Atatürkün həm Mussolini, həm Hitler, həm də Stalinlə qurduğu münasibətlərin fəlsəfəsini təkrar-təkrar oxumaq lazım gələcək".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında münasibətlər süni şəkildə gərginləşdirilib. Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğanın baş nazir olduğu dövrdə məşhur "One minute" çıxışı, İsraillin Qəzza ilə bağlı siyasətinə etiraz etməsi, daha sonra rəsmi Tel-Avivin Türkiyənin "Mavi Mərmərə" gəmisinə yanlış hücumu və heyət üzvlərinin qətlə yetirilməsi iki dövlət arasında münasibətləri gərginləşdirdi. Halbuki, bu hadisəyə qədər, hətta soyuq müharibə illərində Türkiyə ilə İsrail arasında sıx əməkdaşlıq münasibətləri var idi. O cümlədən, iki ölkə birgə hərbi təlimlər də həyata keçirirdi. Lakin məlum hadisələrdən sonra Türkiyə ilə İsrail arasında bütün əlaqələrə qırıldı. Mövcud vəziyyət Türkiyə üçün problemlər yaradırdı. Çünki belə vəziyyətdə İsrail Türkiyənin mövqelərinin zəifləməsində maraqlı tərəf kimi çıxış etməyə başlayırdı. Hətta rəsmi Tel-Aviv Ankara ilə düşmən mövqedə olanlarla təmas qurur, silahlı kürdlərə dəstək vermək haqqında fikirləşirdi".
Politoloq deyib ki, Türkiyənin xarici düşmənlərinin artdığı dövrdə İsraillə əlaqələrin bərpa olunması vacib idi. Onun sözlərinə görə, baş nazir Əhməd Davudoğlunun da hazırladığı konsepsiya heç bir işə yaramayıb: Onun yürütdüyü siyasətə əsasən, qonşularla heç bir problem qəbul olunan deyildi. Məqsəd də qonşu dövlətlərlə münasibətlərin qaydaya salınması və müsbət istiqamətdə inkişafına nail olma idi. Lakin bunun əksinə olaraq, Türkiyənin problemli vəziyyətdə olduğu dövlətlərin sayı daha da artdı. Hazırda İsraillə yanaşı, Türkiyənin Misir, Suriya, İran, Rusiya və İraqın mərkəzi hakimiyyəti ilə münasibətləri normal səviyyədə deyil. Belə olan halda, heç olmasa, İsraillə Türkiyənin münasibətlərinin normallaşmasına ehtiyac var idi. Münasibətlərin qaydaya salınması istiqamətində atılan ilk addım kimi, İsrail baş naziri Netanyahunun "Mavi Mərmərə" hadisəsinə görə, Türkiyədən üzr istəməsi və ölənlərin ailələrinə təzminat ödəməyə qərar verməsini qeyd etmək olar. Hətta Qəzzanın mühasirəsi ilə bağlı müəyyən məsələlər də həllini tapa bilər. Əslində isə bu məsələnin Türkiyəyə bir o qədər də aidiyyatı yoxdur".
E.Şahinoğlu hesab edir ki, bundan sonra Türkiyə ilə İsrail arasında münasibətlərin gərginlik fazasından çıxma mərhələsi başlayacaq: "İsrail dünya bazarında qaz nəqli məsələsində də Türkiyəyə ilə əməkdaşlıq edə bilər".
Türkiyə-İsrail yaxınlaşmasının Azərbaycanın da xeyrinə olduğunu deyən politoloq söyləyib ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə yaxın tərəfdaşıdır. Ona görə də, biz münasibətlərin gərgin vəziyyətdə olmasını istəmirik. Vəziyyətin müsbət istiqamət alması bizim də xeyrimizədir".
Ceyhun ABASOV



