
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
"APA"nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib. Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib. "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək", - deyə ABŞ prezidenti bildirib.
Politoloq Arzu Nağıyev qeyd edib ki, ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi məktub mühüm əhəmiyyətə malikdir: "Son vaxtlar Azərbaycanda nüvə və radioloji töküntülərin aradan qaldırılması ilə bağlı böyük işlər görülür. Bu mənada, Nüvə Təhlükəsizliyi Sammitinə Prezident İlham Əliyevin dəvət olunması gözlənilən idi".
Hazırda Azərbaycanın regionda ən inkişaf etmiş dövlətlərdən biri olduğunu deyən politoloq ABŞ prezidentinin həm də bu amili nəzərə alaraq dövlətimizin başçısını tədbirə dəvət etdiyi qənaətindədir: "İlk dəfə bu sammit 2010-cu ildə Vaşınqtonda keçirilib. 2012-ci ildə Seul, 2014-cü ildə isə Haaqada keçirilib. Azərbaycan Prezidenti 3 dəfə bu sammitdə iştirak edib. Bu il tədbirə Vaşinqtona ev sahibliyi etdiyi üçün dəvət də məhz dünyanın super gücü olan ABŞ tərəfindən gəlib. Bu mühüm hadisədir".
A.Nağıyev bildirib ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Con Kerri də Azərbaycanın dünyanın nüvə təhlükəsizliyinə böyük dəstək verdiyini deyib. Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın nüvə təhlükəsizliyi ilə bağlı məsələlərdə Azərbaycanın dəstəyinə arxalandığını, dövlətimizin bu sahədə oynadığı rola böyük önəm verdiyini göstərir.
Konqresmen Kris Smitin Azərbaycan əleyhinə apardığı fəaliyyətə də toxunan politoloq hesab edir ki, Barak Obamanın bu dəvəti həm də ABŞ Konqresinə bir mesajdır: "İstənilən halda, hər hansı bir konqresmenin fikri dövlətin rəsmi mövqeyini ifadə etmir. Azərbaycan Prezidenti İlham Əliyevin Obama tərəfindən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması bir daha göstərir ki, ABŞ dövləti Azərbaycanla münasibətlərə böyük önəm verir və konqresmen Kris Smit kimilərin fikirlərini bölüşmür".
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Birləşmiş Ştatlar Azərbaycanın nüvəsiz dünya uğrunda mübarizəsinə yüksək qiymət verir: "Dövlət başçısı İlham Əliyevin sammitdə iştirakı aparılacaq müzakirələrə böyük töhfə verə bilər".
Q.Hüseynli qeyd edib ki, Azərbaycanın ərazilərinin 20 faizinin işğal altında olması, müharibə şəraitinin hökm sürməsinə baxmayaraq, dövlətimizin sürətlə silahlanma xəttinə üstünlük verməməsi, xüsusilə dağıdıcı silahlara bir o qədər də meyllənməməsi dünyada sülh və təhlükəsizliyin qorunması və bərpa olunması baxımından mühüm addım kimi qiymətləndirilir: "Azərbaycan nüvə tədqiqatları sahəsində də ciddi addımlar atmaq fikrində deyil. Ölkədə yalnız akademik səviyyədə tədqiqatlar aparılır ki, bu da sırf elmi-nəzəri xarakter daşıyır. Bu baxımdan, Azərbaycanın nüvə silahına qarşı münasibəti dünyada nümunəvi səciyyə daşıyır. Ona görə də, Obama Vaşinqtonda təşkil olunan Dördüncü Nüvə Təhlükəsizliyi Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət edib. Bu addım Azərbaycana göstərilən etimaddan irəli gəlir".
Politoloq hesab edir ki, dövlət başçımızın Vaşinqton səfəri ABŞ-Azərbaycan münasibətlərindəki buzların əriməsinə böyük köməklik göstərəcək: "ABŞ Konqresinin bəzi nümayəndələri Azərbaycana qarşı sanksiya qanunlarının qəbul olunmasına çalışsalar da, İlham Əliyevin sammitdə iştirakı və eləcə də dövlət səviyyəsində atılan addımlar bu qanun layihələrinin qarşısını almaq gücündədir. Bundan sonra iki ölkə arasında münasibətlər yenidən yüksələn xətt üzrə inkişafına davam edə bilər".
Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 apreldə Vaşinqtonda keçiriləcək.
Ceyhun ABASOV



