|
|
|
|

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən "Palazzo Turati" ofis binasının satın alınmasına dair razılıq əldə edib.
Fonddan 525.az-a verilən məlumata görə, "Palazzo Turati" ofis binası ARDNF-in İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır və Fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun həyata keçirilib.
"Palazzo Turati" Milanın tarixi mərkəzində yerləşən "Piazza Cordusio" və "Piazza Affari"nin tam yaxınlığında və Duomo kilsəsindən 500 metr məsafədə, Via Meragvili,7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu, digər 6 mərtəbəsində ofislər yerləşir, ümumi sahəsi 10 360 kv. metrdir. 1880-ci ildə tikilib və Milan tarixi irsinin bir parçası sayılan "Palazzo Turati" yenicə əsaslı təmir olunub. Ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb. Binanın satıcısı qismində "Texnoholdinq S.P.A." çıxış edir.
Qeyd edək ki, Azərbaycanın suveren fondu olan ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Ötən ilin dekabrın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 33,6 mlrd. ABŞ dolları təşkil edib.
Cavid QƏDİR



