|
|
|
|
Yanvarın 8-də Ankarada 10-cu kitab fuarının (sərgisinin) açılışı keçirilib.
Ənənəyə əsasən, bu il sərginin qonaq ölkəsi İran İslam Respublikası, şəxs olaraq Fəxri qonağı isə Azərbaycan Yazıçılar Birliyinin sədri, Türkdilli xalqların Yazıçılar Birliyinin başqanı Anar idi. Açılış mərasiminə Xalq yazıçısı Anar da çıxış edərək kitablar onun həyatındakı və çağdaş dünyadakı yeri barədə fikirlərini bölüşüb.
Sərgidə Anarın son illərdə Türkiyədə çıxan kitabları - "Kerem gibi - Nazım Hikmet", "Sizsiz", "Nazar boncuğu" ("Göz muncuğu") habelə Ayşə Atayın "Anar, hayatı, sanatı ve hekayeleri" kitabı təqdim edilib. Açılışda sərginin təşkilatçısı Remzi Çayır, Türkiyənin Kitabxanalar genel müdiri Hamdi Türşuçu, İranın Türkiyədəki səfiri Ali Rza Biqdeli (o, əvvəllər Azərbaycanda da səfir olub), Anar və Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu çıxış ediblər.
Yanvarın 9-da Avrasiya Yazarlar Birliyində Anarın gənc yazarlarla görüşü keçirilib. Üç saat davam edən söhbətdə Anar gəncləri maraqlandıran yaradıcılıq məsələlərinə aid suallara ətraflı cavablar verib.
Yanvarın 10-da saat 14-dən 15:30-a qədər sərgidə Anarın imza mərasimi keçirilib. Saat yarım ərzində yazıçının imzaladığı 200 qədər kitab alınıb. Yazarlar, elm adamları və mətbuat, nəşriyyat işçiləri, müəllimlər, tələbələr, keçmiş vali və keçmiş nazir də Azərbaycan yazıçısının kitablarını alanlar sırasında olublar.
ANKARA KİTAB SƏRGİSİNİN AÇILIŞINDA ANARIN ÇIXIŞINDAN
Əziz dostlar, dəyərli qatılımçılar! İlk öncə məni bu möhtəşəm fuara onur qonağı kimi dəvət edənlərə içdən təşəkkürümü bildirmək istəyirəm. İstanbulda Çiçək passajı var, Bakıda da Kitab passajı deyilən bir yer vardı, orda kitablar satılırdı. Mənim çocuqluğum və gəncliyim o Kitab passajının üstündə, 3-cü mərtəbədə, atamgilin mənzilində keçib. Mən dərsə gedərkən və dərsdən dönərkən bu passajın çeşidli kitablarla dolu cərgələrindən keçib gedərdim və mənə yemək üçün verilən pullara da qənaət edib kitablar alardım. Valideynlərimin də zəngin kitabxanası vardı və ömrüm, demək olar ki, kitabların arasında keçib. Bəlkə gələcəkdə yazıçılıq peşəsini seçməyimin başlıca səbəblərindən biri də elə bu - kitaba aludəçilik olub.
Bəzən belə bir bölgü aparırlar: Ədəbiyyata həyatdan gəlmiş yazıçılar və Kitablardan gəlmiş yazıçılar. Məncə, daha önəmli məsələ yazıçının hardan gəlməsi deyil, gəlib hara çıxmasıdır. Yəni istər həyatdan, istər mütaliədən gələn qələm əhli həqiqətən də əsl ədəbiyyat səviyyəsinə çata bilibmi, yoxsa yarıyolda qalıb?
Sonralar ayrı yaşamağa başlayanda da daima kitab yığmışam, indi mənim və həyat yoldaşımın kitabları əlindən evimizdə tərpənməyə yer yoxdur.
Bizim günlərdə səmti göstərərkən "Kitab passajı" deyəndə yeni nəsildən olanlar haranın nəzərdə tutulduğunu anlaya bilmirlər. İndi, nə yazıq ki, əski Kitab passajında kitabdan başqa, nə desən satılır. Ticarətin hər növü kitaba qalib gəlib, onu sıxışdırıb aradan çıxarıb.
Bəzən acı-acı düşünürəm: nəsil-nəsil bu qədər kitab toplamağa ehtiyac varmıydı? İndi nəvələrim və ümumiyyətlə, yeni nəslin nümayəndələri bilgisayarda internetə çıxaraq dünyanın istənilən kitabını an içində əldə edə bilirlər. Deməli, daş üzərində həkk olunmuş qədim Şumer mixi yazılarından, Orxon-Yenisey rünik kitabələrindən, nəfis Orta əsr miniatürləri ilə süslənmiş Şərq əlyazmalarından, Quttenberqin çap maşını ixtirasından bəri min illər, əsrlər boyu ömür sürmüş kitab mədəniyyəti məhz bizim günlərdə sona çatır? Virtual dünyada onun daha yeri yoxdur?
Kitablar kağızda çap olunur, kağızı ağaclardan istehsal edirlər. Deməli, ormanların, təbiətin genetik yaddaşını, qoxusunu yaşadan kitabı, onun məhrəm hənirini kompüter ekranının şəffaf soyuğu əvəz etməlidir?
Bununla razılaşmaq və buna inanmaq istəmirəm. Elə bu fuarı başdan-başa gəzərkən kitabın bu çağımızda da yaşadığını, gərək olduğunu əyani şəkildə görürük. Türkiyənin 3000-dən artıq nəşriyyatı hər il milyonlarla kitab çap edirsə, deməli, bu kitabları alanlar da, oxuyanlar da var, virtual münasibətlər əsrində kitaba sadiq qalanlar da az deyil. Kitab insanları zənginləşdirir, xalqları doğmalaşdırır, ölkələri, qitələri yaxınlaşdırır. Müharibələr bir təcavüzkar dövlətin başqasının torpağına ərazi iddiasından, təbii sərvətlərinə tamah salmasından, əhalisini ram etmək cəhdindən doğur. Davaların ideoloji, siyasi, dini, milli səbəbləri olur. Amma tarixdə heç bir savaş mədəniyyət zəminində, sənət özəllikləri səbəbindən başlamayıb. Heç bir dövlət başqasının üstünə: - Mənim sənətkarım, şairim, səninkindən böyükdür - deyib hücum çəkməyib.
Bax elə bu fuarda da müxtəlif məzmun daşıyan kitablar yan-yana düzülmüşlər, qonşudurlar. Dünyəvi və dini kitablar, bədii və elmi ədəbiyyat, sol və sağ əqidələri əks etdirən siyasi nəşrlər, al-əlvan çocuq kitabları, tibb və idman, tarix və müasirlik, gerçəkçi təsvirlər və fantastika, polis və macəra romanları, şeirlər və pyeslər, esselər və araşdırmalar dava-dalaşsız, zamandaş kimi birgə ömür sürürlər.
Ədəbiyyat - Savaşın yox, Barışın carçısıdır. Ədəbiyyat və onun əsrlərin sınağından çıxmış elçisi - Kitab - millətlər arasında da, ayrı-ayrı insanlar arasında da ən etibarlı mənəviyyat körpüsüdür.