|
|
|
|

Xəbər verdiyimiz kimi, yanvarın 20-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (DİF) fəaliyyətə başlayıb.
Forum çərçivəsində dünya ölkələrinin iqtisadi perspektivləri və neftin qiymətində müşahidə olunan azalmanın ölkələrə təsiri məsələləri müzakirə olunub. 40-dan çox ölkə və hökumət rəhbərlərinin iştirak etdiyi iqtisadi foruma Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Ölkə başçısı tədbir çərçivəsində neftin qiymətində müşahidə olunan kəskin enmələrlə bağlı “Yeni enerji tarazlığı” mövzusunda təşkil olunan sessiyada iştirak edib, həmçinin, bir sıra ölkələrin dövlət və hökumət rəhbərləri, xarici bank sədrləri, iş adamları ilə görüşlər keçirib. Bu görüşlər zamanı baş tutan danışıqlarda müzakirə olunan əsas mövzu qlobal iqtisadi böhranın dərinləşdiyi dövrdə onun mənfi təsirlərinin azaldılması məsələsi ilə bağlı idi. Bu məqsədlə Azərbaycan ölkəyə xarici valyuta resursları cəlb etməyə, xüsusilə qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişaf etdirilməsi baxımından xarici investorlarla əməkdaşlıq əlaqələri qurmağa çalışır. Eyni zamanda, Prezident İlham Əliyevin bir sıra dövlətlərin rəhbər şəxsləri ilə keçirdiyi görüşlərin nəticəsi olaraq, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində razılıq da əldə olunub.
Ölkə rəbhəri “Yeni enerji tarazlığı” mövzusunda təşkil olunan sessiyada çıxışında neftin qiymətində mövcud azalmalar barədə danışaraq bildirib ki, əgər OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa qarşılıqlı etibarı artırar: “OPEC təkbaşına qərar verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə - 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir: “Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ancaq gələcək il üçün büdcə planlaşdırması aparmaqdan ötrü əlbəttə ki, proqnozlaşdırıla bilən bir gələcək istəyirik”.
Manatın devalvasiyasından danışan Prezident qeyd edib ki, bunun bir çox səbəbləri var idi: “Birinci amil neftin qiymətlərinin azalmasıdır. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”.
Qlobal iqtisadi böhranla mübarizədə Davos İqtisadi Forumunun əhəmiyyətindən danışan keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Davosda təşkil olunan Dünya İqtisadi Forumu dünya iqtisadiyyatının idarə edilməsi, oraya bir sıra yeniliklərin gətirilməsində böyük rol oynayır: “Hər il keçirilən bu forum dövlət və hökumət rəhbərləri, iş adamları, alim və ictimai-siyasət xadimləri bir araya toplayaraq onların bir-biri ilə sıx əlaqə saxlaması, müəyyən görüş və konfranslar keçirməsinə imkan yaradır. Belə olan şəraitdə dünya iqtisadiyyatının vəziyyəti təhlil edilir,qlobal iqtisadiyyatın daha yaxşı inkişaf etməsi üçün təkliflər alınır və bunlar ümumiləşdirilərək hər bir ölkəyə göndərilir”.
Prezident İlham Əliyevin də Davosa səfər etdiyini xatırladan politoloq bildirib ki, bizim üçün ən vacib məsələ ölkəyə xarici sərmayələrin cəlb edilməsidir: “Azərbaycan həm aqrar sektoru, həm də ağır sənaye, xüsusilə də ölkədə Sovet dövründən qalan köhnə zavod və fabriklərin yenidən işə salınması üçün investisiyaların cəlb edilməsi istiqamətində axtarışlar aparır. Artıq bu istiqamətdə müəyyən nailiyyətlər var. Ölkənin aqrar sektorunun inkişafı üçün İsraillə ciddi əməkdaşlığa başlanılacaq. Bunu Davosda Prezident İlham Əliyevin İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüş zamanı əldə edilən nəticəyə əsasən söyləmək mümkündür. Bundan başqa ölkə başçısı bir sıra bank rəhbərləri, iş adamları ilə də görüşlər keçirib. Onlar ölkəyə investisiya yatırımları etmək üçün dəvət olunublar”.
Dövlət başçısının neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı keçirilən müzakirələrdə iştirakını xüsusi qiymətləndirən Q.Hüseynli qeyd edib ki, Azərbaycan bu məsələdə öz mövqeyini bir daha ortaya qoyub və neftin qiymətinin aşağı düşməsinin iqtisadi deyil, siyasi xarakter daşıdığı bildirilib. Onun sözlərinə görə, hazırda neftin ucuzlaşması dünya iqtisadiyyatının geriyə doğru getməsinə səbəb olur: “Bunun nəticəsidir ki, Prezident forum çərçivəsində keçirilən müzakirələrdə vurğulayıb ki. neftin qiymətinin 50-60 dollara qədər qaldırılmasına imkanlar var. Dünya iqtisadiyyatının inkişaf göstəriciləri də bunu tələb edir. Ona görə də, hesab edirəm ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumda iştirakı mühüm əhəmiyyətə malikdir. Bu Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft sektoruna müəyyən xarici investisiya və eləcə də iş adamlarının cəlb edilməsilə nəticələnəcək”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, Davos İqtisadi Forumu daha çox bir tribuna rolunu oynayır: “Dünyanın aparıcı insanları, müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada biraraya gəlib. Davos yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacib bir tribunadır. Hər bir ölkə çalışır ki, həmin tribunadan istifadə etsin. Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlıdır. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edib. Bu da ölkəmizin foruma verdiyi önəmlə bağlıdır”.
V.Bayramov bildirib ki, Davos İqtisadi Forumunda qəbul edilən qərarlar tövsiyə xarakterlidir və hər hansı hüquqi qüvvəsi yoxdur: “Yəni, bu forum iqtisadiyyatda tövsiyə xarakterli qərarları və meylləri müəyyənləşdirir. Davosun qəbul etdyi qərar, forumda əldə edilən razılaşmalar heç də dünya iqtisadiyyatında tətbiq edilən qərarlar deyil. DİF-in özünün bəyannaməsi, deklorasiyası olur, lakin o konkret qərarlar qəbul etmir. Müəyyən məsələlər Davosda razılaşdırıla, tövsiyə xarakterli qərarlar qəbul edilə bilər. Amma DİF-in nəticələri tövsiyə xarakterli deklorasiya formasında olur. Ona görə də, Davos İqtisadi Forumunun keçirilməsi dünya iqtiadiyyatında yeni bir mərhələnin başlanması kimi qeyd olunmamalıdır. Bu forumda mövcud iqtisadi vəziyyət qiymətləndirilir və bundan çıxış edərək, dünya iqtisadiyyatında dəyişən meyllərlə bağlı həm biznes adamlarına, həm dünya liderlərinə tövsiyələr verilir”.
İqtisadçı alim qeyd edib ki, hazırkı iqtisadi şəraitdə Azərbaycan və digər iştirakçı ölkələr investisiyaların cəlb edilməsi və iqtisadi tərəfdaşlığın qurulması üçün Davosa bir imkan kimi baxırlar: “Burada dünya liderlərinin görüşmək, müzakirə etmək, istər siyasi, istərsə də iqtisadi məsələlərdə diskussiya aparmaq imkanları var. İş adamları ilə aparılan müzakirələr də xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. O səbəbdən də, əvvəlki illərdən fərqli olaraq, bu dəfə baş tutacaq DİF Azərbaycan üçün daha əhəmiyyətlidir. Çünki ölkəmizin xarici investisiyaya daha çox ehtiyacı var. Azərbaycan indiki məqamda Davosdan bir tribuna kimi istifadə edərək, iş adamlarını investisiya qoymağa inandırmağa çalışmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı eyni zamanda investisiya qoyuluşlarının həcmindən də asılıdır. Əgər ölkəyə xarici investorları cəlb etmək mümkün olsa, o zaman hazırkı problemləri də daha sürətlə aradan qaldıra biləcəyik”.
Qeyd edək ki, bu gün 4 gün davam edən forumun sonuncu günüdür.
Ceyhun ABASOV



